adalet.az header logo
  • Bakı 6°C
23 Iyun 2017 22:29
5344
MƏMLƏKƏT
A- A+

Şirvana 3 milyon manat ayrıldı

Prezident İlham Əliyev Şirvan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Şirvan şəhərində infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən "Cənub” İstilik Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 129 mənzilli 4 yaşayış binası inşa edilmiş, Şəhər Mərkəzi Xəstəxanası və Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal müəssisələri yaradılmış, 15 mindən çox yeni iş yeri açılmış, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.


Sərəncamda qeyd olunur ki, Şirvanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən şəhərin mənzil fonduna daxil olan 52 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədi ilə Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri üçün Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.