BİR YUXU KİMİ...

FAİQ QİSMƏTOĞLU
69590 | 2013-03-07 10:27
...Bu dünya yuxu kimi bir şeydir. Bəzən gözünü yumursan və elə bilirsən ki, elə hər şey sakitliklə ötüb keçəcək. Amma gözünü açanda tamamilə başqa şeylərin şahidi olursan. Bir göz qırpımında hər şey dəyişir. Hər gün üzləşdiyin, görüşdüyün və söhbətini eşitdiyin adam günlərin bir günündə bir şirin yuxu kimi yoxa çıxır. Və elə təsəvvür edirsən ki, o adamla bir də görüşəcəksən. Düzdür, o adamla bir də görüşürsən, ancaq şirin yuxularda. Hiss edirsən ki, fani dünyanın öz qanunları və qaydaları varmış...
Onsuz da bu dünya bir səhnəyə bənzəyir. Allah-Təala hər insanı yaradıb və ona gözəl dünya bəxş edir. O adam da öz ömrünü, taleyini və qismətini yaşayır, günlərin birində də köçünü götürüb gedir. Hələ ki, hər şey bu cür baş verir. Hələ ki, insanları bu dünyada yaşadan onların qoyduğu iz və əməllərdir. Əgər o insan yaxşı iz və yaxşı əməl qoyubsa, dünyasını dəyişməyindən asılı olmayaraq, tez-tez yada düşəcək və xatırlanacaq. Bu anda yadıma böyük Mikayıl Müşfiqin aşağıdakı misraları düşür:

Bu vəfasız ömür, bu coşqun dərə,
Gərək boş-boşuna axıb keçməsin.
Bu gözəl cahanı sanıb pəncərə,
Hər gələn sadəcə baxıb keçməsin.

Dost itkisi ağır olur. Çünki həmin adamla uzun müddət çörək kəsirsən, yoldaşlıq eləyirsən və bütün xasiyyətinə dərindən bələd olursan. Fikirləşirsən ki, həmin adamla lap dünyanın o başına getmək olar və ordan da geriyə sağ-salamat dönə bilərsən. Fikirləşirsən ki, bu dosta arxalana bilərsən və çətin anda sənə kömək olar. Bax, haqqında söhbət açdığım gözəl ziyalı və müəllim Razim Mirzəyev də belə insanlardan idi. Onun barəsində keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Ən azından ona görə ki, bu gün də hiss edirəm Razim müəllim elə dostlarının, qohum-əqrəbasının və onu sevənlərin arasındadır. Bunu mən belə təsəvvür edirəm!
"Azərbaycan" nəşriyyatının birinci mərtəbəsində onun çox yaxın qohumu və gözəl insan Zirəddin müəllimlə bir neçə gün bundan qabaq görüşdüm. Həmişə də görüşəndə son dərəcə səmimi bir münasibət sərgiləyir. Bu dəfə də mənimlə öpüşüb-görüşdü və gördü ki, yuxarı qalxmaq istəyirəm. Sıxıla-sıxıla dedi ki, bəs Razim müəllim rəhmətə getdi. Bəlkə də bunu Zirəddin dostumuz mənə demək istəmirdi və istəmirdi ki, bu bəd xəbəri ondan eşidim. Amma deməsəydi və başqasından eşitsəydim, təbii ki, onda inciyərdim. Əlavə elədi ki, Razim müəllimi dəfn elədik. Gözləri yaşardı və mənim də gözüm doldu. Gördü ki, həddindən artıq pis vəziyyətə düşmüşəm, özü mənə təsəlli verirdi: onsuz da bir gün yaranan, bir gün də getməlidir. O da Allahın dərgahına qovuşdu. Martın 5-də 7-dir.
Elə 7-si günü də Razim müəllimin yas mərasimində iştirak elədik. Dostları, tanışları, ziyalılar hamısı onunu məclisində idi. Gözləri də dikilmişdi məclisin yuxarı başına vurulmuş şəkilə. Razim müəllim bu şəkildən elə boylanırdı, sanki demək istəyirdi ki, mənim dostlarım, tanışlarım, qohumlarım hamısı sədaqətlidir. Heç kim məni bu ağır gündə yaddan çıxarmayıb. Gözəl ziyalı Vidadi müəllimlə də burda görüşürəm. Onun da yanında bir neçə müəllim əyləşib. Hamısı qəmin, kədərin, dərdin içində. Heç kimin üzü gülmür. Özgə vaxtlar şirin danışıqdan doymayan Vidadi müəllim bir kəlmə söz deyir: "Razim müəllimin yeri həmişə görünəcək".
Razim Mirzəyev 1956-cı ilin fevralın 28-də Tovuz rayonunda anadan olub. Ömrünü təhsilə həsr edib. Uzun müddət Xətai rayonundakı peşə təhsil liseyində direktor işləyib. Bir ilə yaxın idi ki, onu Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki peşə liseyinə göndərmişdilər. Rəhmətlik deyirdi ki, mənə tapşırıblar orda qayda-qanun yaradım, intizamı möhkəmləndirim. Elə az müddətdə də Razim Mirzəyev həmin məktəbdə böyük islahatlar həyata keçirdi. İstər müəllimlər, istər şagirdlər, istərsə də valideynlər onun ziyalı münasibətindən və ədalətli mövqeyindən razı qaldılar. Bir-iki dəfə mənimlə telefonla danışmışdı. Demişdi ki, ad günümdə Ziyəddini, səni və bütün dostlarımı bir stol arxasına yığacam. Vidadi müəllim yaxşı şeir deyər, o biri dostlar da yeyib-içərlər. Onun bizi bir stol arxasına yığmağa Allah möhlət vermədi. Ad gününə bir gün qalmış köçünü götürüb Allahın dərgahına getdi. Heç özü də bilmədi ki, bir göz qırpımında mələklərin qanadında Allahın dərgahına necə qovuşdu.
Tez-tez ürəyindən şikayət eləyirdi. Deyirdi ki, ürəyim sözümə baxmır. Almaniyada olmuşam, həkimlər bildirib ki, əməliyyat edilməlisən. Orda müalicədən qayıdandan sonra bir müddət yaxşılaşdı. Hətta Xətai rayonunda olanda hiss eləyirdin ki, ovqatı da yaxşıdır və ağrı-acını özünə yaxın qoymaq istəmir. Razim müəllim nə qədər ağrısa da, acısa da heç vaxt bunu dostlarına bildirməzdi. Kimsə onun yanına gələndə çöhrəsinə baxan kimi hiss edirdi ki, qan təzyiqi yüksəlib. Amma bunların heç birinə o əhəmiyyət verməz, katibə qıza deyərdi ki, çay gətir, dostlarım soyuqdan gəlib, içib qızışsınlar!
Razim müəllim nə qədər ziyalı idisə, bir o qədər də ağayana bir insan idi. Yıxılana arxa durar, kimsəsizə kömək eləyər, çətin vəziyyətə düşənlərə "qorxma" deyərdi. O, bu dünyada olarkən elə bir hörmət qazanıb, iz qoyub ki, həmişə övladları atalarının adını eşidəndə buna görə qürur hissi keçirəcəklər. Çünki adam var bu dünyada var-dövlət yığır, evlər alır, pul qazanır, amma Razim müəllim dünya malında gözü olmayan ziyalı idi. O, bu dünyada ancaq kimlərəsə yaxşılıq edib və dost qazanıb. Elə o dostlar da onun ən böyük sərvətidir. Razim müəllimin 2 oğlu, 1 qızı var. Oğluna və qızına toy eləyib. Neçə-neçə nəvəsi dünyaya gəlib. Deyərdi ki, nəvələrim mənim qol-qanadımdır. Oğlu Teymur eynən özünə oxşayıb: səbirli, təmkinli və ağayana!
Ata itkisi ağır dərddir. Bu dərdə çiyin vermək və ona dözmək övladlardan böyük səbr və dözüm tələb edir. O, uşaqlar da atalarının ölümü ilə bəlkə də razılaşmırlar. Amma yas məclisində yüzlərlə adamın iştirakı göstərir ki, onların atası bu dünyada çox böyük yaxşılıqlar edib və hörmət qazanıb. Bax onların da dərdini yüngülləşdirən, qəmini azaldan bu insanların Razim müəllimə olan böyük sevgisi idi. Övladları görürdü ki, Razim müəllimin dostları, yaxınları və doğmaları onun xatirəsini və adını necə uca tutur. Yaxşı insanlar, əməli-saleh adamlar həmişə yaşayır və həmişə də yaşayacaq. Razim Mirzəyev də gözəl əməlləri, xeyirxah işləri və ən nəhayət ağayana hərəkətləri ilə dostlarının qəlbində əbədi bir iz qoyub.
Faiq QİSMƏTOĞLU

TƏQVİM / ARXİV