adalet.az header logo
  • Bakı 7°C
23 Iyun 2017 16:19
7834
GÜNDƏM
A- A+

Cocuq Mərcanlıda Qarabağ forumu keçirilə bilər

"Təşkilat olaraq Cocuq Mərcanlını ziyarət etməyimiz, orada müxtəlif tədbirlər keçirməyimiz mümkündür. Bu, kifayət qədər müsbət ideyadır. Təbii ki, bu gün Cocuq Mərcanlı bir simvola çevrilib. Orada çoxlu tədbirlər keçirilir, tələbələr, jurnalistlər göndərilir, müəyyən təşkilatlar səfər təşkil edirlər. Hesab edirəm ki, Cocuq Mərcanlı Qarabağ həqiqətlərinin təbliği, Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyinə inamının nümayişi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün bir meydana çevrilməlidir".

Adalet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

O bildirib ki, digər tərəfdən orada gedən proseslərə mane olmamağa çalışırlar.

"Yəni hazırda Cocuq Mərcanlıda müəyyən bərpa və minalardan təmizlənmə işləri aparılır. Əgər kütləvi şəkildə ora axın olarsa, bu işlərə təsir edər və sıxlığa səbəb ola bilər. Bunu nəzərə alaraq hər hansı ajiotaja səbəb olmaq istəmirik. Ölkə başçımız Cocuq Mərcanlıya səfərindən sonra həmin yerin erməni vəhşiliyinin nümunəsi olduğu fikri ilə çıxış etdi. Bu baxımdan imkan daxilində, qaydalar çərçivəsində Cocuq Mərcanlıdan yaxşı mənada istifadə olunması məqsədəuyğundur”.

"Forum "Müharibəyə hazır ol” devizi altında keçirilməlidir”

A.Nağı qeyd edib ki, Qarabağ bölgəsində forum təşkil edildiyi halda əsas müzakirə obyekti müharibə olmalıdır:

"Qarabağ bölgəsində forumunun keçirilməsi ilə bağlı təşkilatlardan hər hansı təşəbbüs irəli sürən olmayıb. Sadəcə həmin bölgəyə səfər etmək, yerli əhali ilə görüşmək, tədbirlər keçirmək ətrafında müəyyən fikirlər var.

Bizim Azərbaycanın müxtəlif zonalarında Qarabağ forumlarının keçirilməsi haqqında planlarımız mövcuddur. Artıq bununla əlaqədar Qarabağ bölgəsində xüsusi nümayəndəmiz görüş keçirib. Daha sonra Şəki-Zaqatala, Şamaxı-Ağsu istiqamətlərində də digər nümayənlərimiz olub. Ya Bərdə ya da Tərtərdə bu cür forumlar təşkil etməyi düşünürdük. Bilirsiniz ki, cəbhə bölgəsində hər hansı kütləvi tədbirlərin keçirilməsi müəyyən qaydalara sığışdırılmalıdır. Əgər şərait yaradılsa, Cocuq Mərcanlıda da Qarabağ Forumu keçirilə bilər. Ümumi işə xələl gətirilməməsi şərti ilə bu cür addımlar atmaq mümkündür.

Qarabağ Forumunu təşkil etmək alınsa, müzakirə obyekti yalnız müharibə olmalıdır. "Qarabağ Azadlıq təşkilatı”nın da mövqeyi bundan ibarətdir. Düzdür, bununla bağlı müxtəlif analizlər, müzakirələr mövcuddur. Lakin son nəticə Azərbaycan torpaqlarının hərbi yolla azad edilməsi olmalıdır.

Bütün tədbirləri, hazırlıqları, mənəvi-psixoloji işləri, vətənpərvərlik tərbiyəsini buna yönəltməliyik. Cəmiyyətin müharibəyə hazırlanması qeyri-hökümət təşkilatları, ictimai-siyasi təşkilatların üzərinə düşür. Biz də bu işlə məşğul olmalıyıq. Hər hansı forum, o cümlədən Qarabağ Forumu da "Müharibəyə hazır ol” devizi altında keçirilməlidir. Bunun üçün də hələ hazırlıq işləri gedir”.