AMEA-dan mənzil bölüşdürülməsi probleminə RƏSMİ MÜNASİBƏT
Azərbaycan Milli Elmlər Akademiyası ali işçilərə üçün tikilən mənzillərin bölüşdürülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Müəyyən edilmişdir ki, sözügedən yataqxanada qeydiyyatı olub yaşamayan və AMEA ilə heç bir əlaqəsi olmayan (kənar təşkilatlarda işləyən və ya ümumiyyətlə işləməyən) çoxsaylı kənar şəxslər də vardır. Ona görə də yataqxanada qeydiyyatda olan şəxslərin müəyyənləşdirilməsi məqsədilə AMEA tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilmiş, AMEA-ya aidiyyatı olmayan və yataqxanada yaşamayan yüzlərlə şəxsin qeydiyyatdan çıxarılmasına nail olunmuşdur.
Dəqiqləşmiş məlumatlardan və yerinə yetirilən işlərdən sonra yataqxana sakinlərinə ətraflı məlumatlar və yazılı cavablar verildi. Həmin cavab məktublarından daha geniş məzmunlusu kollektiv müraciət edənlərə verildikdən sonra bir surəti bir neçə gün yataqxanada divardan asılı olmuşdur ki, yataqxananın bütün sakinləri oxusunlar. Bundan əlavə müraciət edən yataqxana sakinləri dəfələrlə həm kollektiv şəkildə, həm də tək-tək AMEA-da qəbul edilmiş və onlara ətraflı məlumatlar, izahatlar verilmişdir. Hətta, yataqxanada qanuni hüquqları olmadan yaşayan sakinlərə yaşadıqları otaqların boşaldılması məqsədilə yazılı təklif göndərilmişdir:
Məlumatda daha sonra qeyd edilir ki, mənzillərin bölüşdürülməsinə hazırlıq məqsədilə AMEA Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli 5/2 nömrəli qərarı ilə, AMEA-nın vitse-prezidentinin rəhbərliyi ilə yeni komissiya yaradılmışdır. Komissiyaya yuxarıda qeyd edilən müqaviləyə əsasən, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-ya ayrılmış mənzillərə həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin köçürülməsi məsələsinin ətraflı araşdırılması tapşırılmışdır.
"Bu əməkdaşlar da mənzil almağa iddialıdırlar. Onlar hesab edirlər ki, uzun illərdir kirayələrdə yaşamaq məcburiyyətində qaldıqlarına görə yataqxanada yaşayanlardan daha çox maddi və mənəvi sarsıntılara məruz qalmışlar. Hazırda onların da sənədləri araşdırılır. Komissiya tərəfindən yataqxanada yaşayan hər bir AMEA əməkdaşının yaşayış şəraitini və mənzilə olan ehtiyacını təsdiq edən sənədlər toplanmışdır. Kənarda yaşayış sahələri olması barədə məlumat daxil olan ailələrin yataqxanadan kənarda yaşadıqları mənzillər yerində, mənzil istismar sahələrinin işçiləri ilə birlikdə yaranmış imkanlar daxilində araşdırılmışdır. Yuxarıda qeyd edilən 71 AMEA əməkdaşından 17-sinin mənzil almağa hüququnun olması məsələsində problemlər yarandığını təsdiq edən sənədlər və məlumatlar toplanmışdır. Qalan 54 ailənin isə mənzil almağa hüququ olduğu müəyyən edilmişdir".
Məlumatda qeyd edilir ki, həmin 17 ailənin adına otaqlar olsa da, əsasən həmin otaqlarda yaşamayan, adlarında mənzillər olmuş, yataqxananın yanında yaşayış evi tikintisi başlayandan sonra adlarında olan mənzilləri özgəninkiləşdirənlərdir. Yoxlama zamanı bu ailələrin əksəriyyətinin özgəninkiləşdirdikləri mənzillərdə yaşadıqları və ya həmin mənzilləri kirayəyə verərək başqa ünvanlarda yaşadıqları məlum olmuşdur. Bəzilərinin isə yeni binalarda mənzillərinin olduğu, lakin öz adlarına sənədləşdirmədikləri müəyyən edilmişdir. Mənzil qanunvericiliyinə əsasən həmin ailələr mənzil alarkən, yataqxanadakı otaqları boşaldaraq təhvil verməli idilər və həmin otaqlar 20 ildən artıqdır ki, qeydiyyatda olan, boş otaq olmadığına görə kirayələrdə yaşayan elmi işçilərə verilməli idi:
"Odur ki, ilk növbədə həmin 54 ailənin mənzillə təmin edilməsi məsələsinə baxılması məqsədəuyğun sayılmışdır. Ondan əlavə komissiya təklif etmişdir ki, mənzillərin bölüşdürülməsi üçün AMEA Azad Həmkarlar İttifaqı Təşkilatının iştirakı ilə yeni tərkibdə komissiya yaradılması məsələsinə baxılsın. Komissiyanın arayışı, bu və digər təklifləri AMEA Rəyasət Heyətində müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir. Məsələnin ciddiliyini nəzərə alaraq, AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli, 8/21 nömrəli qərarı ilə, AMEA-nın vitse-prezidentinin və AMEA Azad Həmkarlar Təşkilatının sədrinin rəhbərliyi altında, yeni tərkibdə mənzillərin bölüşdürülməsi komissiyası yaradılmış və komissiyaya müvafiq tapşırıqlar verilmişdir".