adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Həmən Aqil Abbas...

3853 | 2017-06-23 10:40
Qismətdə varsa və əlbəttə ki, Azərbaycan poeziyasının heç olmasa, XXI əsrin əvvələrinə qədər olan dövrünü oxumaqla bərabər, onu təhlil edəcək bircə nəfərimiz qalarsa, hökmən yaradıcılığına heyrətlənəsi Kəraməti bir daha təqdim edəcək.
Bu həmin Kəramətdir ki, təqdimatdan qaçır.
O Kəramət dedi ki, gedək nəşriyyata (yəni ki "Azərbaycan” nəşriyyatına) .
Bu da nəşriyyat...
Polisin deyəsən, Kəramətdən əvvəldən ağlı bir şey kəsmədi, mənə baxmağından bunu duysam da əlimdən nə gəlir ki... (Yaxşıca tanıdığı Kəramətə ağızucu salam verərək mənə xüsusi münasibət göstərdiyindən bunu hiss etsəm də tərpənə bilmirəm).
Polis yazıq nə bilsin ki, mən Kəramətin qonağıyam və məndən fərqli olaraq, onun, heç olmasa adı Kəramətdir.
Kəramət də,deyəsən, bunu bilmir və özünü bütün zamanların dahiləri kimi o qədər sadə aparır ki, hətta onun adı belə bu sadəliyi ilə uyğun gəlsə də kəraməti ilə uyğun gəlmir.
Mən isə, əlbəttə,mili mətbuatımızı ifadə edən nəşriyyatımıza qonaq kimi gəldiyimdən, elə, özümü də qonaq kimi aparıram.
Kəramətin isə özünü ev yiyəsi kimi aparması başqa bir mənzərədir və mən Həzrət Abbasın kəsilən qollarına and içərəm ki, Kəramət, bəlkə də öz halal evində belə özünü bu qədər rahat hiss etmir (evində şair yoxdur axı...).
Yolboyu Kəramət deyir ki, sözümü Əbülfətə deyəcəm...
Etiraf edim ki, Kəramətin dediyi Əbülfəti pilləkənlərlə qalxan məqamımda mən elə milli mətbuatımızın tipik sifətindən o yana təsəvvür etmirəm.
Hə, bu da Əbülfət...
Allah tərəfi, Əbülfət, təsəvvürümdəki kimi görünmədi və bu görüntü məndə çaşqınlıq yaratdı: onun çöhrəsində pilləkənlərlə qalxdığım məqamlarda gördüyüm insanların çoxundan fərqli olaraq insani bir kədər vardı...
Kəramət ona sözünü deyəndən sonra yeməkxanada gözləyəcəyimizi xüsusi vurğuladı.
Kaş nə mənim Kəramətə qoşulub bura gəlməyim, nə də bu Əbülfətin həmən yeməkxanaya düşüb çay içən günü olmayaydı...
Həzrətül Əbülfəz haqqı, o məni çaşdırdı...
O mənim milli mətbuat ordumuz haqqındakı fikirlərimi alt-üsr etdi.
Onun Üzeyir bəy Hacıbəyov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev və digər mokiqanlarımızın jurnalistika yaradıcılığına bələd olması məni heyrətləndirdi (milli mətbuat ordumuzda bunu görməkmi olar...), bu azmış kimi, həmən Əbülfət müəllim musiqimizlə bağlı çox qısa bir müddətdə mənə "master klass” da keçdi.
İraq atasından, anasından, Əbülfət müəllim kimi jurnalistləri ermənilər, gürcülər, ruslar arasından çox görmüşəm, amma bizimkilər arasında...
Bu "master klass" mənə impuls da verdi və onun, Əbülfət Mədədoğlunun şəxsində vəziyyətin heç də düşündüyüm kimi olmadığı qənaətini yaratdı.
Allah- Allah, bu adam necə gözdən qaçıb...?
Allah Kəramətə insaf versin...O deyəsən, məni istəyən adam deyil və ürəyimi partlatmaq üçün məni bura gətirib...
Ürək yazıq neynəsin... Girəsən divarlarına hər cür iyinin cizgiləri hopmuş yeməkxanada Vəli Xramşaylı və aralarında adını bilmədiyim şair, ya yazıçı, bəlkə də, allah günahımdan keçsin, aralarında publisist də olan adamların yanında oturan bir millət vəkilini görəsən...
Millət vəkili də özünə görə deyil, elə bil Milli Məclisin yeməkxanasında, azından,Valeh Ələsgərovla oturub.
O, qəribə mənzərə idi.
Millət vəkilimiz o qədər rahat və xoşbəxt oturmuşdu ki...
Oqtay müəllimin xətrinə dəyməsin (millət vəkilimizin də), elə bil, ilanların ağzından çıxan qurbağa hansısa gölməçədə özünü günə verirdi...
Millət vəkili artıq başları pivə içməyə qarışan insanların yanında bəxtəvər, çox bəxtəvər görünürdü...
Bu, Aqil Abbasdır.
Yadıma tələbəliyimi salıram- Loğman Rəşidzadənin mənim tələbə vaxtımda o vaxtkı nəşriyyatın II mərtəbəsində məni artıq jurnalistikada sözü olan Aqil Abbasla tanış etməyini...
Bu- həmin Aqil Abbasdır.
Sonralar, məim televiziyada işləyərkən dəfələrlə verilişlərimdə görmək istədiyim Aqil Abbas, hansı ki sonralar "Ədalət”in nəinki yaradıcılarından, həmçinin sifətini müəyyənləşdirən adamlardan oldu.
Və o, 90-cı illərdə nəinki siyasətə gəldi, hətta siyasətə çalar verənlərdən biri oldu, sonralar Milli Məclisin üzvü oldu.
Bədxahlarından biri, onunla oxuduğunu deyən və guya telejurnalist olan (özünün təbirincə, "nepişuşiy jurnalist" olan- guya Elşad Quliyev deyirmiş ki, baxın, bu adam "ne pişuşiy jurnalistir", yəni yazmayan jurnalist, yazmayan jurnalist də doğmayan inək kimi bir şey olmazmı?) birisi deyirdi ki, dədə, Aqil Abbas müvəqqətidir.
Birincisi, mənə çatmırdı ki, bu Aqil Abbasın "müvəqqətiliyi” onun tələbə yoldaşının həyatında nəyi dəyişər ki, o, bu "müvəqqətiliyi" belə ürəknən deyir və ikincisi o "müvəqqətilik bu "nepişuşiy" adama nə verər?
Halbuki Aqil Abbasın əbədiliyi azından o tələbə yoldaşına dəstək deyilmi...
Və mən nəşriyyatın yeməkxanasında dəyişməyən Aqil Abbası gördüm, tərs kimi, yanındakılar da dəyişməmişdilər.
Sözün açığı, gördüyüm mənzərə doğma idi.
Amma ola bilər ki, Aqil Abbas nə vaxtsa dəyişər, hətta o, dünyasını da dəyişə bilər, lakin onun ürəyinin qanı ilə yazdığı və azından millətimizin innən belə keçəcəyi yüz illərə bələdçilik edəsi "Batmanqılınc”, "Dolu”su nə cür dəyişə bilər...?
Yeməkxanada onu görüb ani anda o hissləri yaşadım, görüşərkən kimisə qucaqlayıb da bağrıma sıxmağı sevməmək adətimə xilaf olaraq oradakı Aqil Abbası bağrıma basdım və onun bəlkə özündən də gizlətməyə çalışdığı kədərli gözlərindən öpdüm.
Bu, çadırlarda Üzeyir bəylərin doğulmayacağına əminliyin kədəri idi.
Amma o kədərdə ümidin işığını gördüm.
Həmin kədər hamımıza deyir: "Baxın, qarşımızda yerdəki Azərbaycan var, içimizdə isə yüyürən Azərbaycan..."
Bəzən kədər də işıq saçır, elə deyilmi...?


TƏQVİM / ARXİV