adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Iyun 2017 14:11
8352
MƏMLƏKƏT
A- A+

QAPISI AÇIQ İDARƏ OLUNAN AVTOBUSLAR

Heç kimə sirr deyil ki, bəzi avtobus sürücüləri sərnişinlərin həyatını təhlükə qarşısında qoyaraq nəqliyyat vasitəsini qapısı açıq idarə edirlər. Bir də görürsən ki, hansısa avtobusun sürücüsü adam çox olduğuna görə, qapını bağlaya bilmir və o sərnişinlər də qapıdan sallaşıq gedirlər. Və bəzən də tale həmin sərnişinin üzünə gülməyəndə sallaşıb getdiyi qapısı açıq avtobusdan yıxılır və dünyasını dəyişir.

Dəfələrlə bu cür hadisələr Bakı şəhərində sərnişindaşınma ilə məşğul olan avtobuslarda baş verib. Bir il bundan qabaq 39 nömrəli avtobusda qapı açıq olduğuna görə, bir sərnişin qadın yıxılaraq vəfat edib. Eyni ilə bir neçə ay bundan əvvəl digər bir marşrutda da buna bənzər hadisə olub. Belə ki, sərnişin avtobusun qapısı açıq olduğuna görə bir nəfər yıxılaraq dünyasını dəyişib. Təbii ki, bu hadisələr zamanı avtobusun sükanı arxasında əyləşən sürücülər məsuliyyət daşıyıbılar. Yəni onlar öz vəzifə borclarını yerinə yetirərkən səhlankarlıq göstəriblər və nəticədə də insan ölümü ilə tamamlanan faciə baş verib.

Düzdür, bu ölüm hadisəsinə görə, avtobusu idarə edən sürücü mütləq cinayət məsuliyyətinə cəlb edilir. Aydındır ki, bu cinayətə görə də məhkəmə həmin sürücüyə cəza təyin edir. Əlbəttə, elə olmazmı ki, sürücülər diqqətli olsunlar, sərnişinlərin təhlükəsizliyini qorusunlar və bu cür bədbəxt had isələr də başımıza gəlməsin. Bu hadisələrin yaranmasının əsas səbəblərindən biri də sükan arxasında əyləşən bəzi sürücülərin qeyri-peşəkar olması və məsuliyyət hiss eləməməsidir.

Hətta bir çox halda onun da şahidi oluruq ki, bir çox sürücülər günorta saatlarında avtobusları bu işdən xəbəri olmayan və naşı adamlara etibar edirlər. Həmin adamlara 3-4 manat pul ödəməklə bu sürücülər günorta saatlarında bir qədər dincəlir, istirahət eləyir və yorğunluqlarını çıxarırlar. Elə bədbəxt hadisələr də bir çox halda bu cür naşı və təcrübəsiz sükan arxasında əyləşmiş adamların üzündən baş verir.

Son vaxtlar havaların isti keçməsi ilə əlaqədar olaraq bir çox avtobus sürücüləri nəqliyyat vasitələrini qapısı açıq idarə edirlər. Hətta elə sürücülər var ki, həm ön, həm də arxa qapını açıq qoyurlar. Hələ ki, yayın isti günləri bir o qədər də özünü göstərməyib. Amma bəzi sürücülər artıq keçmiş vərdişlərini davam etdirərək qapıları açıq avtobusları idarə edirlər.

Biz belə hallarla ən çox metronun «Neftçilər» stansiyası yaxınlığından Yeni Günəşli yaşayış sahəsinə gedən 50 və 64 nömrəli marşrutlarda işləyən avtobuslarda üzləşirik. Bir neçə gün bundan əvvəl metronun «Neftçilər» stansiyasından Yeni Günəşliyə sərnişin daşıyan 50 nömrəli marşrutdakı bir avtobusun sürücüsü nəqliyyat vasitəsinin hər iki qapısını açıq qoymuşdu. Ona iradımızı bildirəndə dedi ki, dayı, istidən ürəyim partlayır. Neyləyim, məcburam ki, avtobusu qapısı açıq sürüm. Və bir də ki, Allahın köməkliyi ilə heç bir şey olmaz.

Düzdür, çox vaxt avtobusu bu cür idarə edəndə də ola bilsin heç bir hadisə baş verməsin. Amma hər hansı bir hadisə çox yox, cəmi bir neçə saniyənin ərzində yaranır. Onda da adam peşman olur, artıq bunun heç bir faydası olmur.

Biz bu faktları bir daha Bakı Nəqliyyat Agentliyinin və eləcə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nəzərinə çatdırırıq. Çünki biz bir neçə marşrutda və avtobusda müşahidə etdiyimiz faktları xatırladırıq. Hələ ki, gec deyil. Yəni bu marşrutların sahiblərinə, eləcə də onu idarə edən sürücülərə hər halda adını yuxarıda çəkdiyimiz qurumlar xəbərdarlıq etsə mövcud təhlükəni aradan qaldırmaq mümkün olar. Fikirləşsək ki, bir neçə gündən sonra havalar daha isti keçəcək və onda daha çox avtobus sürücüləri onu qapısı açıq idarə edəcək. Bax, onda təhlükənin nə qədər böyük olduğunu təsəvvür etmək bir o qədər də çətin deyil.

Çətin odur ki, kondisioner sistemi olmayan avtobuslarda kondisioner quraşdırılmalıdır və bu zaman da sürücülər avtobusu qapısı açıq idarə etməzlər. Məsələnin bir tərəfi də onunla bağlıdır ki, bu cür qabaqlayıcı tədbirlər həyata keçirilməsə, qapısı açıq avtobuslardan hər hansı sərnişinin yıxılıb xəsarət almamasına və dünyasını dəyişməməsinə heç kim zəmanət verə bilməz. Ona görə də hər bir avtobus şirkətinin rəhbərləri bu barədə ciddi düşünməli və çıxış yolları axtarmalıdılar. Çünki sonrakı peşmançılıq heç vaxt fayda vermir.


Faiq QİSMƏTOĞLU