adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Iyun 2017 23:35
22148
LAYİHƏ
A- A+

OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN DÖYÜŞÇÜ JURNALİST

Onu çoxdan tanıyıram. Çoxdan deyəndə ki, 1989-cu ildən. Onda Qarabağ hadisələrinin ilk dalğası ölkə səmasına daxil olmuşdu, adamların qapı-pəncərəsini döymüşdü. Və Ağdam rayon sakini olan bu cavan oğlan da yerli qəzetdə müxbir işləyirdi. Təbii ki, bir mətbuat adamı olaraq mən də rayon qəzetində çalışan həmkarlarımı, dostlarımı həmişə arayıb axtarmışam və onlarla təmasdan məmnun olmuşam. Həmin illərdə Salman Alıoğlu və rəhmətlik Sərvan Ağayevlə yaxınlığım mənə indi barəsində söhbət açdığım həmkarımı da tanımağa imkan verdi. Və gördüm ki, bir jurnalist, bir vətəndaş olaraq Baxşeyiş Abbasoğlu hadisələrin içində olması, hadisələrə qiymət verməyi bacarır və özünü heç də kənara çəkmədən mövqeyini də nümayiş etdirir. Bax, bu xarakter, bu xüsusiyyəti ona qarşı marağı bir az da artırdı. Günlərin bir günü gördüm ki, Baxşeyiş Abbasoğlu Hətəmli əyninə döyüşçü paltarı geyinib, əlinə silah götürüb. Necə deyərlər, qələmi silahla əvəz edibdi. Bax, bu yanaşması da mənim üçün bir həmkar olaraq ona qarşı münasibətin, diqqətin daha da şaxələnməsinə, daha ətraflı olmasına bir işıq saldı. İndi həmin o işığın ucundan tutub üzü Qarabağa tərəf gedirəm. Gedirəm ki...g
Bəli, Baxşeyiş Abbasoğlu 1963-cü ildə Ağdam rayonun Əliağalı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra bir müddət təsərrüfatda çalışıb. Sonra Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Və 1987-ci ildə "Ağdam" rayon qəzetində müxbir kimi fəaliyyətə başlayıb. Hadisələrin ən qaynar nöqtəsi olan Ağdamda öz şəxsi nüfuzu, eləcə də vətəndaş mövqeyi ilə Baxşeyiş Abbasoğlu 1991-96-cı illərdə milli ordunun sıralarında şərəfli bir döyüş yolu keçibdi. Onun şücaəti, şəxsi fədakarlıqları və döyüşçü, həm də komandir kimi həmişə dostlarına, həm də silahdaşlarına nümunə olubdu. Elə ona görə də Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyev həmişə Baxşeyişə güvənib, ən ağır nöqtələrə onun dəstəsini göndərirdi. Döyüş yoldaşları da, elə Baxşeyişi tanıyanlar da bilirdilər və bu gün də etiraf edirlər ki, ölümün gözlərinin içinə düz baxan bu müxbir oğlan həmişə qarşıya qoyulan tapşırığı dəqiqliklə yerinə yetirib. Onun gülləsi yayınmayıb, onun gerçəkləşdirdiyi əməliyyat tapşırığı birmənalı şəkildə düşməni sarsıdıbdı. Təbii ki, döyüş yolu təkcə Ağdam cəbhəsindən deyil, həm də Dağlıq Qarabağın Xocavənd, Muğanlı, Kuropatkin, Əmralılar, Sırxavənd, Bəşirlər, Ballı Qaya, Qazançı, Canyataq, Gülyataq, Çıldıran və digər kəndlərindən keçən Baxşeyiş Abbasoğlu bir döyüşçü, bir kəşfiyyatçı, həm də bir komandir kimi bütün ön cəbhədə nüfuz qazanmışdı. Onun məhv etdiyi çoxlu sayda düşmən döyüş texnikası, canlı qüvvəsi adbaad hərbi hissənin kitabında qeyd olunmuşdu. Həmçinin düşməndən geri alınmış müxətlif markalı döyüş təyinatlı maşınlar da bu sıraya daxildi. Yeri gəlmişkən, onu da qeyd edək ki, Baxşeyiş Hətəmlinin kəşfiyyatçı dəstəsinin əldə etdiyi məlumatlar həmin illərdə Müdafiə Nazirliyinin əməliyyat tədbirlərinin hazırlanmasında mühüm istinad nöqtələrindən biri idi.
Şərəfli döyüş yolu keçmiş Baxşeyiş Abbasoğlu 1994-cü ilin sentyabr ayının 17-də Ağdam rayonunun Yusifcanlı kəndində yerləşən düşmənin arxa cəbhəsini keçərək mühüm tapşırıqlar yerinə yetirib geri dönərkən piyada əleyhinə minaya düşdü. Onunla birlikdə 3 döyüş yoldaşı da yaralandı. Uzun müddət ağır yaralanmış Baxşeyiş Abbasoğlu müalicə olundu və səngərə qayıtdı. Lakin sağlamlıq durumu ona xidmətini davam etdirməyə imkan vermədi. 1995-ci ilin yanvar ayının 15-də Azərbaycanın Ümummilli lideri cənab Heydər Əliyevin fərmanı ilə ona "Azərbaycan bayrağı" ordeni verildi. Bu gün də döyüşə qaytımaq əzmi ilə yaşayan Baxşeyiş Abbasoğlu Ağdam rayonunda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədridi. O həmçinin Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının Prezidentidir. Həmçinin 1996-cı ildən ordan təxris olunmuş Baxşeyiş Hətəmli "Ağdam" qəzetinin, eləcə də "Qeyrət qalası" qəzetlərinin redaktorudur. Çoxlu sayda kitabların, Ağdama həsr olunmuş jurnalların müəllifidi. O, həmçinin 2010-cu ildə cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 4 uşaq atasıdır. Müxtəlif media mükafatlarının laureatıdı.
Bütün bunlarla yanaşı, Baxşeyiş Hətəmli həm də ləyaqətli Azərbaycan vətəndaşıdı. Onun həyat tarixçəsində, ömür kitabında torpağa, vətənə xidmət, qanunlara hörmət böyük hərflərlə yazılıbdı. Ona görə də həmişə başını uca tutur, hər yerdə özü və sözü ilə birlikdə iştirak edir. Bizə elə gəlir ki, mətbuat tariximizdə, vətən xidmət vəzifəsinin icrasında halal haqqı olan Baxşeyiş Abbas oğlu Hətəmli bir ictimaiyyətçi, bir işıqlı Azərbaycan vətəndaşı kimi bundan sonra da nümunə olacaq, bundan sonra da ona göstərilən diqqətlərin halallığı işığında yaşayacaqdır. Çünki o, xidmətlərinə olan diqqət və qayğını unutmur və reklam da etmir. Necə deyərlər, olduğu kimi görünür, göründüyü kimi olur.