adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Iyun 2017 16:21
13326
MƏDƏNİYYƏT
A- A+

“Almaz” növbəti dəfə teatrsevərlərə təqdim edilib

Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi Cəfər Cabbarlının "Almaz” pyesi əsasında hazırlanan yeni eyniadlı tamaşasını növbəti dəfə teatrsevərlərə təqdim edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar İncəsənət Xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Nizami Cəfərovdur.

Yeni səhnə əsərinin müəllifi Xalq Artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azərpaşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq Artisti Siyavuş Kərimidir.

Ceyran Həsənlinin idarə etdiyi tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), Əməkdar artistlər Məsmə Aslanqızı (Almaz), Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı), Mətləb Abdullayev (Sədr), Vüsal Məmmədov və Ənvər Məmmədli (kəndlilər) çıxış edib.

Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı onu daha da baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də olub. /Azərtac/