adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Iyun 2017 14:54
3354
GÜNDƏM
A- A+

İyunun 23-ü “Formula-1” başlayır

Bakı şəhərində son illər çox möhtəşəm və tarixə çevrilən idman yarışları təşkil edilir. Təbii ki, ev sahibi kimi bu idman yarışlarını ölkəmiz həmişə bir qayda olaraq yüksək səviyyədə həyata keçirib. Aydındır ki, bu cür mötəbər yarışların ölkəmizdə keçirilməsi dövlətimizin beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirir, onun nə dərəcədə demokratik, hüquqi bir dövlət olduğunu bir daha təsdiq edir.

Əlbəttə, bu yarışlar zamanı ölkəmizə xarici məmləkətlərdən idmançılarla yanaşı, turistlər də təşrif buyururlar. Onlar öz gözləriylə görürlər ki, Azərbaycan nə qədər demokratik və hüquqi bir dövlətdir. Üstəlik də bütün dövlətlərə qarşı burda çox böyük sevgi və diqqət var.

Artıq növbəti bir mötəbər idman yarışı bu günlərdə start götürür. «Formula-1» yarışının keçirilməsi üçün Bakı şəhərində hər şey yüksək səviyyədə təşkil edilib, iştirakçılar üçün çox unikal bir şərait yaradılıb. Belə şəraitin mövcud olması aydındır ki, beynəlxalq idman təşkilatlarında ölkəmiz haqqında xoş fikirlər yaratmağa səbəb olur. Bu yarışların keçirilməsi zamanı yol hərəkəti qaydalarının yüksək səviyyədə təşkil edilməsi də bir qayda olaraq diqqət mərkəzində saxlanılır. Çünki Bakı şəhərində keçirilən bu yarışlar zamanı bir çox prospektlərdə və küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov «Ədalət»ə verdiyi açıqlamada bildirir ki, hələ yarışlara 10-15 gün qalmış biz əhalinin və sürücülərin maarifləndirilməsi üçün böyük təbliğat işləri aparmışıq. Bu məqsədlə müxtəlif televiziya kanallarında, mətbuatda və saytlarda informasiyalar yaymışıq. Bir daha bildirmişik ki, yarışlar keçirilən zaman hansı küçələrdə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq və ora nəqliyyat vasitələrinin gəlişi müvəqqəti olaraq dayandırılacaqdır.

Təbii ki, apardığımız təbliğat işləri öz müsbət effektini və nəticəsini verməkdədir. Belə ki, öncədən xəbər verdiyimiz küçə və prospektlərdə bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib. Bu məqsədlə Bakı Şəhər Dövldət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki hörmətli Nuşirəvan Səfərov bütün əməkdaşlara və bu işə məsul olan şəxsələrə öz tapşırıqlarını, tövsiyələrin verib. Onu da qeyd edim ki, yol polisi həmin yarışların keçirildiyi vaxtda digər zamanlarda olduğu kimi, gücləndirilmiş iş rejimində çalışacaq. Yarışlar keçirilən zaman bütün əməkdaşlarımız yol hərəkəti qaydalarının qorunması və təmin edilməsi üçün sutkanın 24 saatı ərzində operativ xidmət aparacaqlar. Eyni zamanda ayrı-ayrı tağımların üzərinə daha yüksək məsuliyyət hissi düşür. Onlar idmançıları hotellərə apararkən avtobuslarda olan insanların təhlükəsizliyini qorumaqla yanaşı, mənzilbaşına sağ-salamat çatmaları üçün bütün tədbirləri həyata keçirəcəkdir. Mən fürsətdən istifadə edib bir daha Bakı sakinlərinə və şəhərimizə qonaq gəlmiş insanlara demək istəyirəm ki, yarışların keçirildiyi günlərdə müxtəlif nəqliyyat vasitələrilə hərəkətin məhdudlaşdırıldığı küçə və prospektlərə gəlməyə çalışmasınlar. Sadəcə olaraq, yol polisinin tövsiyələrini və tapşırıqlarını hər bir sürücü diqqətlə dinləməli və onu yerinə yetirməlidir. Əks təqdirdə, yol hərəkəti qaydalarını pozan hər bir sürücü haqqında qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi diqqət mərkəzində olacaqdır.

Sonda bir daha polis polkovniki Vaqif Əsədov bildirdi ki, son vaxtlar Bakı şəhərində hərəkətin təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Belə ki, ağır yol nəqliyyat hadisələrinin sayı aşağı enib, ölüm və xəsarətalma halları azalıb. Bu da onunla bağlıdır ki, davamlı olaraq Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının və sürücülərin təhlükəsizliyi üçün reydlər keçirir, yoxlamalar aparır, müəssisə və təşkilatlarda vətəndaşlarla maarifləndirici söhbətlər eləyirlər. Deməli, hadisələrin qarşısının alınmasında nə qədər yol polisinin üzərinə böyük yük düşürsə, bir o qədər də sürücülərin və hərəkət iştirakçılarının məsuliyyəti var. Hər ikisi qanunlara əməl eləyəndə istər-istəməz baş verən qəzalar azalır, ölüm və xəsarətalma halları aşağı enir. Deməli, hər şey bizim özümüzdən asılıdır. Bizim hər birimiz yol hərəkəti qaydasına əməl ediriksə, deməli eyni zamanda təhlükəsizliyimizi qorumuş oluruq.


Faiq QİSMƏTOĞLU