adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Iyun 2017 17:29
17174
ELM VƏ TƏHSİL
A- A+

ADU-nun rektoru Kamal Abdulla Norveçə gedən tələbələrlə görüşüb

İyunun 20-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Norveçin Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində iştirak edəcək tələbələrlə görüşüb. Tələbələri salamlayan rektor K.Abdulla universitetin onlardan çox şey gözlədiyini deyib. O, bildirib ki, bu gün Azərbaycan gənci hansı ölkəyə gedirsə, ilk növbədə vətəni qoruyur: "Siz də faktiki olaraq Norveçdə vətəni qoruyacaqsınız”.

Bu gün Azərbaycan gənclərinin xaricdə təhsil almasının ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin yaratdığı şəraitin nəticəsi olduğunu deyən rektor Azərbaycanın digər ölkələrdə də təbliğ olunmasının vacibliyindən söz açıb: "Siz Norveç gənclərini ətrafınıza toplayaraq onları Azərbaycanın dostları etməlisiniz”. "Azərbaycanın Gənc Dostları” Klubu haqqında danışan rektor tələbələrə həmin kluba norveçli gənclərin cəlb olunması ilə bağlı tapşırıq verib. O, qeyd edib ki, iki ölkənin gəncləri arasında əlaqələri daha da möhkəmləndirmək lazımdır: "Biz bu istiqamətdə sizdən çox şey gözləyirik”.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova çıxış edərək layihə haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, Oslo Universiteti və ADU arasında olan uzunmüddətli (2016-2019-cu illər) əməkdaşlıq layihəsinə əsasən Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 6 nəfər tələbənin və universitetin akademik heyətindən 2 nəfərin Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində 6 həftəlik kurs keçmələri nəzərdə tutulub. "ADU-da Skandinaviya Mərkəzi layihəsinin davamlılığı” adlı əməkdaşlıq layihəsinə əsasən bu müddət ərzində Oslo Universitetindən dəvət olunan bir nəfər mühazirəçi müəllim Skandinaviyaşünaslıq ixtisasının tələbələrinə mühazirə keçir.

Onu da bildirək ki, 2007-ci ildən etibarən ADU-nun 27 müəllimi və bakalavr dərəcəsində təhsil alan 68 tələbəsi Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində müxtəlif kurslarda iştirak ediblər.