ANA SƏHİFƏ / İDMAN

Getdi...

2299    |   2017-06-19 21:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qapıda duran, bir növ həm də gözətçi olan orta yaşlı eynəkli kök qadının həyəcanlı səsi gəlir:

-Prişel! Şef prişel!

Onun gəldiyini eşidən kimi də bir adam ortalıqda qalmır. Hamısı bir göz qırpımında otağına getmir, qaçır. Xaqani Məmmədov da qaçır, Melik Həsənov da və orda olan kim vardısa, hamısı... Kimsə məni də çağırır:

-Durma burda, hirslənəcək, gəl, gir otağa...

Ətrafı vahimə bürüyür. "5 mərtəbə”nin, Füzuli meydanının yaxınlığındayam, "Hüsü Hacıyev, 42”də. AFFA-nın binasında. İndi bu ünvanda gərək ki, böyük bir mağaza yerləşir. İçəri girəndə diqqətimi sərt baxışları çəkir. Elə zəhmlidi ki... Kobud şəkildə soruşur:

-Kimsən sən?

-Jurnalistəm.

Yenə də eyni kobudluqla "Hə, yaxşı...” deyib sürətlə otağına gedir.

Qəbul otağına yaxınlaşıb köməkçisinə müsahibə götürmək istədiyimi deyirəm.

-Bu gün yox! Fuad Ənvəroviç zanitdi...

***

-Yığılıb bir dəstə küçə adamı, mənim istefamı tələb edir. A kişi, razve bunlardan futbol idarə edən olar? Gedib rəhbəri olduqları klubları düzəltsinlər də!

AFFA-da mətbuat konfransında deyir bunu. Portuqaliya Futbol Federasiyasının prezidenti də yanındadı. Azərbaycanla Portuqaliya millisi oynayacaq. Bu axşam hamı Bakıda Luiş Fiqu, Rui Koşta kimi ulduzların oyununa baxacağını düşünür. Amma oyun yarımçıq dayanır. Bir rəzalət yaşanır. O boyda beynəlxalq matçda stadionun projektorları təxribat nəticəsində söndürülür (ertəsi gün oyun bərpa olunur, 90+4-də Fiqu qol vurub Portuqaliyanı məğlubiyyətdən qurtarır).

***

-Fuad müəllim, vaxtınız varsa sizinlə müsahibə eləmək istəyirəm.

Bu dəfə daha kobud danışmır. Mehribandı. "Hə, əlbəttə, 5 dəqiqə sonra gəl otağımda danışaq...”

***

-Neçə yaşın var?

-19.

-Haralısan?

-Qarabağlıyam.

-Niyə torpaqlarınızı tələb eləmirsiniz? Geri almırsınız?

-Gərək müharibə olsun ki, torpağı da geri alaq.

-Xətrinə dəyməsin e. Mən özüm də qarabağlıyam, əslimiz şuşalıdı. Amma hamımız yatmışıq.

Portuqaliya Futbol Federasiyasının prezidenti otağa girir, söhbətimiz yarımçıq qalır. Onunla ehtiramla görüşür. Məni göstərib deyir: "Bu cavan oğlan jurnalistdi. Tanış olun”.

Qonağını yola salır. Müsahibəyə başlayırıq... Ertəsi qəzetdə çap olunur. Aləm dəyir bir-birinə.

***


-Fuad müəllim, Tərlanın mükafatı hazırdı. Problem olmayacaq?

-A kişi yox e, nə problem ola bilər ki...

Respublika stadionundayam. 2000-ci ildi. Milli İsveçlə "DÇ-2002”nin seçmə oyununa çıxacaq. Matçdan əvvəl qəzetin adından Tərlan Əhmədova ilin ən yaxşı oyunçusu mükafatını təqdim etməliyik. Stadionun əməkdaşı durumu öyrənən kimi hay-şüvən salır.

-Nə danışırsan, nə mükafat? Dünya çempionatının oyunudu e...

-AFFA prezidentinin xəbəri var.

-Mümkün deyil.

İşə düşdük də. Kömək etməsi üçün direktor Akif İsmayılovu axtarıram, tapa bilmirəm. Bu vaxt Fuad Musayevi elə bil Allah yetirir. Yaxınlaşıb narahatlığımı bildirirəm. Stadionun əməkdaşını yanına çağırır:

-Niyə problem yaradırsan?

-FİFA-nın komissarı icazə verməyəcək.

-Problem yoxdu, qoy camaat mükafatın versin.

-Fuad müəllim, axı...

-Ay eşşək, sənə dedim, problem yoxdu də!

...Oyundan əvvəl ilin futbolçusu mükafatı Tərlan Əhmədova təqdim edilir.

***

Telefona zəng gəlir.

-Salam, Aydın. Danışan Fuaddı, Musayev... Atamın 100 illiyi ilə bağlı bir yazı var. Onu xahiş edərdim, qəzetdə çap etdirəsən.

-Əlbəttə, Fuad müəllim.

***

-Sənə təşəkkür edirəm. Yazını dərc etdirdiyin üçün. Bu yazı mənə çox dəyərlidi.

-Dəyməz. Futbolumuza baxırsınızmı?

-Hə. Baxıram. Məni bəyənmirdilər. Gör indi futbolu nə günə qoyublar. Bizim vaxtımızda pul yox idi, amma futbolçu kişi kimi oynayırdı. Zaur Tağızadəni yetişdirdik, Rəşad Sadıqovu yetişdirdik, Aliyev Samir. Gör nə oyunçular vardı. İndikilər futbolun içinə "s...lar”.

-Necədi səhhətiniz?

-Belə də, yaşlanırıq. Elə bir şey qalmayıb. Ölüb gedəcəyik.

-Elə deməyin...

***

Və dünən o kişi öldü. Futbolda nələr etdi, nələr edə bilərdi amma etmədi, ya da gücü çatmadı. Bunlar həmişə müzakirə olunacaq. Amma dəyişməyən bir həqiqət var. O, daha aramızda yoxdu, bu dünyadan gedib.

Əsl şəxsiyyət, mərd bir kişi kimi!

Allah Fuad Musayevə rəhmət eləsin!

Aydın BAĞIROV
[email protected]




İmza:
SON XƏBƏRLƏR
2017-08-20
2017-08-19


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK