adalet.az header logo
  • Bakı 11°C
19 Iyun 2017 13:43
5162
İDMAN
A- A+

DAY FUTBOLUN DA ZİBİLİ ÇIXDI

Rusiyada keçirilən Konfederasiyalar çempionlarının yarışını izləyirəm. Deməli, belə. Ortadakı hakim artıq elə mənim kimi bir fərddi. Day onun sözü keçmir. Bir otaqda televizyonları qurublar, orda beş-altı hakim oyunu izləyir və son qərar verir, ondan sonra baş hakim həmin qərarı təsdiqləyir. Ayın 18-dəki iki oyunda belə müstəsna hal oldu. Birində qolu saydılar, birində saymadılar. Mənə görə də əslində səhv qərar çıxardılar.

Qol! Oyunçular sevincindən bir-birini əmir, tamaşaçılar da bir-birini. Televizyon önündə oturanlar da kimi sevincdən hoppanıb düşür, kimi sevincdən ağlayır və sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq. Sonra məlum olur ki, yuxarıda oturan hakimlər bildirirlər ki, qol ofsayddan vurulub. Soyuq duş. Yəni yeni bir həngamə. Futbol öz klassik futbolluğu ilə daha maraqlıdı, hakim səhvləri də lap gözəldi. Evdə xanımına, işdə müdirinə, yolda polisə, arayışını ala bilmədiyi JEK rəisinə, ona haqsız cəza verən hakimə və sair və ilaxır ürəyini boşalda bilməyənlər heç olmasa futbol vaxtı hakimin nəsil-nəcabətini çıxarıb qoyardılar ortalığa, ürəkləri boşalardı. İnsanları bu xoşbəxtlikdən də məhrum etdilər.