adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Iyun 2017 12:30
5093
GÜNDƏM
A- A+

Elçin Quliyev sərhədçilərlə nahar edib - Fotolar

Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəstəsində hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

DSX-nın mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublukasının şimal sərhədlərini ilk dəfə mühafizə altına götürmüş hərbi hissənin bu illər ərzində keçdiyi şərəfli inkişaf yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Xudat sərhəd dəstəsinin dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində böyük nailiyyətlər əldə edərək hazırda Dövlət Sərhəd Xidmətinin ən mükəmməl hərbi hissələrindən biri olması xüsusi qeyd olunub.


1992-1993-cü illərdə müstəqilliyimizin əleyhinə olan qüvvələrin ölkədə yaranmış gərgin ictimai-siyasi vəziyyətdən istifadə edərək müxtəlif təxribatlar törətmək cəhdlərinin qarşısının qətiyyətlə alınması zamanı Xudat sərhəd dəstəsinin hərbi qulluqçularının Azərbaycan dövlətçiliyinə sadiqlik nümayiş etdirmələri, bu işdə yerli sakinlərin sərhədçilərə yaxından köməklik göstərmələri böyük iftixar və minnətdarlıq hissi ilə yad edilib.


Dahi Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra heç bir sərhəd mühafizə infrastrukturu olmayan şimal sərhədlərimizdə böyük tikinti-quruculuq işlərinin geniş vüsət alması, sərhəd dəstəsinin qarnizonunun və 19 sərhəd zastavasının, 3 sərhəd komendantlığının, 2 sərhəd nəzarəti məntəqəsinin inşa edilməsi sərhəd təhlükəsizliyi məsələlərinə ali diqqətin ifadəsi olması xüsusi qeyd olunub.


Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı məsələlərinə hər zaman ciddi önəm verən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xudat sərhəd dəstəsinə 4 dəfə səfər etməsi sərhədçilərə olan inam və etimadın təzahürü olmaqla yanaşı Ali Baş Komandanla görüşmək şərəfinin şəxsi heyətdə böyük ruh yüksəkliyi, sərhədçi adını hər zaman qürurla daşımaq əzmini yaratması bildirilib.


Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tədbirdə çıxış edərək şəxsi heyəti təbrik etmiş, hərbi hissənin yaradılması, inkişaf dövrləri ilə bağlı xatirə və təəssüratları ilə bölüşüb, sərhəd dəstəsinin təşəkkül tapmasına dəstək olan və köməklik göstərən şəxslərə minnətdarlığını bildirib.


Tədbirdə xidməti fəaliyyətlərində yüksək nailiyyətlər əldə etmiş bir qrup sərhədçi, həmçinin hərbi hissənin əsasının qoyulduğu gün – 1992-ci ilin 16 iyun tarixində ilk dəfə Samur körpüsü üzərində sərhəd nəzarəti xidmətinə çıxmış şəxslər təltifləndirilib, hərbi hissənin formalaşdığı ilk dövrlərdə sərhədçilərə yaxından köməklik göstərən yerli sakinlərə, sərhədyanı rayonların dövlət orqanlarının əməkdaşlarına təltiflər təqdim olunub. Tədbirin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.


Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə hərbi hissədə yeni inşa edilən və əsaslı təmir olunmuş binalara baxış keçirib, sərhədçilərlə birgə nahar edib.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin hərbi orkestri və Azərbaycan Respublikasının incəsənət ustaları sərhədçilər qarşısında konsert proqramı ilə çıxış edib.