adalet.az header logo
  • Bakı 21°C
16 Iyun 2017 21:49
16779
ƏDƏBİYYAT
A- A+

YAKOPO DA LENTİNİDƏN BALAYAR SADİQƏ QƏDƏR

Dünya ədəbiyyatında ilk sonetin müəllifi XIII əsrdə İtaliyanın Palermo şəhərində yaşayan vəkil-şair Yakopo da Lentini olmuşdur. Deməli, sonet janrının vətəni İtaliyadır. İtalyan dilində sonet "nəğmə" deməkdir. Mən az qala doqquz əsrlik tarixi olan sonetin keçdiyi inkişaf yolları, hansı şairlərin bu janrda böyük uğurlar əldə etməsi barədə geniş söz açmaq fikrində deyiləm. Qısaca onu qeyd edə bilərəm ki, dünya ədəbiyyatında Dante, Petrarka, Şekspir, Pyer de Ronsar kimi şairlərin yaradıcılığında sonetin ən gözəl nümunələri yaranıb. Cəmi on dörd misradan ibarət olub həyat-ölüm, varlıq-yoxluq, sevgi, təbiət, fəlsəfi fikirlər və ən başlıcası, insan qəlbinin çırpıntıları əks olunan sonet indi də dəbdən düşmür. Tədqiqatçılar bu mənada onu bizim ədəbiyyatın qəzəl janrı ilə müqayisə edirlər.
Azərbaycan ədəbiyyatına bu şeir növü yad deyil, XX əsrin əvvəllərində Əlipaşa Səbur, Səid Səlmasi, H.Cavid, A.Şaiq kimi şairlər sonetə müraciət etmişlər. Sovet dönəmində M.Müşfiq, S.Vurğun, daha sonralar Ə.Kürçaylı, A.Babayev, Ş.Aslan, V.Hüseynov, Abbasağa, A.Abdulla, S.Mustafa, E.Səfərli, İ.Saleh, Ə.Haqsevər, Ə.Nasir, M.Talışlı sonet ustalıqlarını nümayiş etdirmişləır. Adil Babayev bu sahədə daha fəal idi və onu "sonet ustası" kimi təqdir edənlər də haqlıdırlar. İki ədəbiyyatşünas alim - Seyfulla Əsədullayev və Hüseyn Həşimli Azərbaycan poeziyasında sonetin yaranması, inkişafı haqda monoqrafiyalar çap etdirmişlər və bu səbəbdən əlavə şərhə ehtiyac duymuruq.
Bizim ədəbiyyatda son illərdə bu şeir növünə müraciət edən bir şair var ki, artıq onun bu sahədəki fəaliyyəti barədə söz açmağın vaxtı gəlib çatıb. Bu, Balayar Sadiqdir. Ədəbiyyata doxsanıncı illərdə gələn B.Sadiq istedadlı şairdir - hər üç vəzndə şeirlər yazır, ənənəvi şeirə sadiq qaldığı kimi, modern şeirdə də qələmini sınayır. Şeirlərində həmişə yeniliyə, təzə söz deməyə meyilli olan, axtarışlardan çəkinməyən B.Sadiq son illərdə bir-birinin ardınca sonetlər çələnginə müraciət edir. Bizim ədəbiyyatda ilk sonetlər çələngini mərhum şair Şəkər Aslan qələmə alıb. On dörd sonet (hər sonet 14 misradan ibarətdir) və sonra on beş sonet... əvvəlki on dörd sonetin ilk misralarından əmələ gələn sonet çələngi təbii ki, şairdən ustalıq tələb edir. B.Sadiq yenicə çap etdirdiyi "Payız məktubları" sonetlər çələngi kitabında buna nail olmağa çalışıb. Yox, məsələ onda deyil ki, bir Azərbaycan şairi Qərbdən gələn bu şeir növünü öz yaradıcılığında sınaqdan keçirir və poetik ustalığını nümayiş etdirməyə can atır. Təbii ki, belə deyil, çünki, sonetin bizim poeziyada artıq bir əsrlik tarixi var və bu illər ərzində bizim üçün milli şeir növlərimiz kimi doğmalaşıb. Sadəcə olaraq, Balayar Sadiqin şeir düşüncəsinə, bədii təfəkkürünə sonet normativ bir şəkildə daxil olmağa başlayıb. Özü də Balayar Sadiq ilk sonetlər çələngini hələ 2002-ci ildə qələmə almışdı- "Alınmaz qaladır ümid səngəri" adlı bu çələng Qarabağ müharibəsinin təəssüratlarından yaranmışdı, milli qeyrət simvolu olan KİŞİ PAPAĞI obrazı bu çələngin başlıca ideyasını ifadə edirdi.
Sonetlər çələngini lirik poema janrına yaxınlaşdıran məqamlar çoxdu. Hər iki janrda lirika - hisslərin, duyğuların poetik zərifliklə ifadəsi əsasdır. Ümumiyyətlə, Dantedən, Petrarkadan, Şekspirdən başlayan bu tendensiya -sonetin sırf lirika üstündə köklənməsi azərbaycanlı şairlərin yaradıcılığının da özəyi olmuşdur.
Balayarın "Payız məktubları"nda doqquz sonetlər çələngi toplanıb və onların hər biri haqqında ayrıca söz açmaq olar, amma buna elə bir ehtiyac duyulmur. Sadəcə olaraq, qeyd edək ki, bu çətin janrda ümumiyyətlə, poeziyaya xas olan ŞEİR USTALIĞI nə səviyyədədir? Məlumdur ki, klassik sonetlərdə lirik hisslər, duyğular fikir ziddiyyətləri və qarşıdurmaları şəklində diqqəti cəlb edirdi, ancaq ideya bundan ibarət idi ki, müəllifin ifadə etmək istədiyi qayə bu fikir ziddiyyətlərini özünün estetik idealına tabe etdirsin. B.Sadiq də bu ənənəyə sadiq qalır.
Vətənpərvərlik ruhu üstə köklənən "Ümid yarpaqları" çələnginə müraciət edək.
Diksinir tumurcuq bələklərində,
Mərmi alovunda islanan çiçək.
Allahım, mərminin Allahı yoxdur,
Ətəyin islanar, ətəyini çək.

"Təsəlli" sözünün burnu qanayıb,
Ümidlər başını götürüb qaçır.
Elə bil əcəlin vaxtı daralıb,
Gör neçə qapını döymədən açır.

Arzular, ümidlər gözdən yıxılır,
Ürəyim ağrıyan sözdən yıxılır.
Məni bir misrada dəfn edəcəklər.

Üz yox danışmağa çölün otuyla,
Sirli göz yaşını mərmi oduyla,
Qarabağ çölündə açan çiçəklər.

Çələngin bu bölümündə lirik qəhrəmanın fikir çırpıntıları əks olunur. "Qarabağ çölündə açan çiçəklər" ikinci bölümdə "unudulmuş şəhid ahı" kimi mənalanır və bundan sonrakı bölümlərdə Qarabağda-bizsiz yaşanan gecələrin, səhərlərin, otların, çiçəklərin, çöllərin güllə səslərinə hədəf olduğu, Vaqif ruhunun didərgin düşdüyü Şuşanın hər daşında bir şəhid canının çırpındığı, Cıdır düzündə dərdin məclis qurduğu, bir sözlə, Vətənin Şuşa həsrəti dilə gəlir. Doğrudan da, kədərli lövhələrdir. Amma sonda ümid yarpaqları çiçəkləyir, son misrada sanki Şuşanın harayını eşidirik: "Bir oğul gözləyir Vətən torpağı!".
Ümumiyyətlə, B.Sadiqin yaradıcılığında Qarabağ mövzusu mühüm yer tutur və elə "Payız məktubları"nda dörd sonet çələngi bu mövzuya həsr olunub. Həm də qeyd edək ki, bu dörd sonet çələngində Balayarın mövzuya fərqli münasibətini də hiss etmək çətin deyil. Balayar mümkün qədər şüarçılıqdan, ritorikadan qaçır, poetik obrazlılığa, təşbih və metaforalara üz tutur, dərddən danışırsa, dərdin obrazını yaradır, qələbəyə inam, ümid bəsləyirsə, buna müvafiq bədii təsvir vasitələri seçir. Bəzən bir sonetdə ümid də, ümidsizlik də qoşa "çiçəkləyir", amma hər birinin öz poetik ahəngi duyulur.

Bu ömrün üstünə kim yollayıbdı,
Bu qəmli yolları, dərdli yolları?!
Əcəl məktubumun imza yerində
Allahla bəndənin cütdü "qol"ları.

Ruhum "Misçri" üstə köklənsin gərək,
Çıxar köynəyindən, çıxar bu sazı.
Düşmən tifaqına endirəcəyəm,
Sıyırıb qılınc tək Kürü, Arazı.

Yalansa doğranım öz qılıncıma,
Məslək qılıncıma, söz qılıncıma,
Yalansa, kor olsun bu od, bu ocaq.

Qayıt, ərən ruhum, özümə qayıt,
Ulu inam adlı sözümə qayıt,
Qələbə yolları qoy açsın qucaq.
Balayar Sadiqin "Payız məktubları", "Sənsizlik məktubları" və "Tənhalıq rəngləri" sonetlər çələnglərini özündən özünə məktublar kimi şərh etmək olar. Ömrün uzaqda qalmış uşaqlıq və ilk gənclik illərinin xatirələri, həyatın lirik qəhrəmanda doğurduğu acılı-şirinli təəssüratları, sevginin insan ürəyində fırtına qoparması və eyni zamanda, ümidlə ümidsizlik arasında çırpınıb qalan qəlbin həyəcanları, tənhalıqdan yaranan xəyal qırıntıları öz əksini tapır. Hər halda, bunlar yaşanılan hisslərdir. Amma ən əsası budur ki, Balayar italyan sonetinin ibtidadan "möhürlənmiş" texniki quruluşuna xələl gətirmədən, iki katrendə (hər katren özünəməxsus qafiyə quruluşu ilə dörd misradan ibarət olur) və iki tersetdə (hər terset üç misradan ibarətdir), bizim qəzələ xas olan o "dar qəfəsdə" poetik ustalıq nümayiş etdirməyə can atır. Məsələn, "Tənhalıq rəngləri" sonetlər çələngində Balayarın metaforik düşüncə tərzinin poetik bəlirtiləri açıq-aydın sezilir. "Ümid qana batmış bayraq kimidir, Ürəyim ağrıyan yaralı əsgər"- "üz-gözü mamırlı ocaq daşları, Bir yarpaq uşaqlıq hənirtisidir", "ömrün dan yerinə atdım səsimi, İllər ciliklənib yerə töküldü", "əlli il uzaqda bir uşaq durub, -Ağarmış saçında fələk qımışır" və s. bu kimi təşbeh və metaforalar heç də gəlişi gözəllik xatirinə yaradılmayıb, bunlar Balayarın poetik stilinə xas olan, bəzən uğursuz da olsa, əksər hallarda onun özünün axtarışlarına dəlalət edən və deyək ki, onun modern şeirə meyilli olduğunu sübut edən faktlardır. "Yığıb ətəyimə addım səsimi, Görən hardan gəlir dağ cığırları?! Bu bəyaz saçlını tanıyacaqsız, Ömrün süd qoxulu şirin çağları?"- əgər Balayar altmışıncı illərin şairlərindən biri olsaydı, o illərdə bu misralara görə tənqid olunardı. Amma indi müasir şeirin bir yolu da elə bu metaforaların poeziyada yaratdığı çalarlardadı.
Balayarın "Sənsizlik məktubları" mini sonet çələngi formasında qələmə alınıb. Mini sonet çələnginin hər bölümündə (sonuncu-on beşinci istisna olunmaqla) on dörd misra yox, on bir misra olur, yəni iki katren və bir terset... Bu da Balayarın "kəşfidir" deyə bilərik. Bu çələngdə də Balayar təzə təşbehlərlə diqqəti cəlb edir - "Sənsiz işğal olmuş Vətən kimiyəm, Ruhumda bir ovuc "Cəngi üşüyüyr" - hər halda təzədir birinci misradakı təşbeh, ikinci misradakı metafora.
Biz Balayara yeni sonetlər çələngi yazmağı arzulayaqmı? Bizcə, B.Sadiq bu sahədə-bu şeir növündə kifayət qədər öz sözünü dedi. Amma qoy cavanlar bu işi davam etdirsinlər.