ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Bulaq kimi duru, çiçək kimi zərif şeirlər

3630    |   2017-06-16 21:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şahnaz Ağayeva kiçik hekayələr və çoxsaylı şeirlər müəllifidir. İstər hekayələrində, istərsə də şeirlərində hisslərini, səmimi duyğularını ifadə etməyə çalışır, insanların, təsvir və tərənnüm etdiyi hadisələrin, obrazların daxili aləmini duymağa can atır. Bədii təsvir və poetik tərənnümlərində lirik-romantik çalar çox güclüdür. Poeziya üçün gərəkli olan bu cəhət onun hekayələrində də özünü göstərir.
Poetik yaradıcılıqla kifayətlənməyən Şahnaz Ağayeva "Qoşa söyüd", "Detdom qızı - 1", "Detdom qızı - 2", "Qəmli hekayə", "Mənə gələrsənmi", "Elegiya" və yaxud "Yadındamı..." kimi maraqlı, orijinal hekayələr də yazıb. Həmin hekayələrin qəhrəmanları hər gün rast gəldiyimiz adi insanlardır. Yazıçı bu adi insanların arasında seçdiyi qəhrəmanları bədii obraz səviyyəsinə yüksəldə bilib, gündəlik həyat hadisələrini nəsr təhkiyəsinə gətirərək güclü, maraqlı, eyni zamanda sadə süjet xətti quraraq oxucuların diqqətini cəlb edib. "Qəmli hekayə"dəki Nurlan da, "Detdom qızı - 1", "Detdom qızı - 2"-dəki Nəzrin də "Qoşa söyüd"dəki Gülgəz xala və İdris də eyni mühitin adamlarıdır. Onların ətrafında müxtəlif insanlar var. Bu qəhrəmanlar çətin anda təmkinini itirmir, Tanrının verdiyi ömrü normal yaşamaq istəyirlər. Lakin həyat, yaşadıqları ictimai mühit onları rahat buraxmır, ciddi sınaqlardan keçirlər. Bütün hallarda öz insanlıqlarını qoruyur, başqalarına nümunə olur, mənəviyyatlarını qorumağa nail olurlar.
"Qoşa söyüd"də müəllif İdris dayı ilə Gülgəz xalanın taleyini təsvir edir. Uzun illər bir yerdə yaşayan bu insanlar asanlıqla dil tapır, bir-birinə hədsiz dərəcədə hörmət edirlər. Gülgəz xala xəstələnəndə İdris dayı tez aptekə gedir, lazım olan dərmanları alıb gətirir. Onun həyat yoldaşı kimi fədakarlığını görən Gülgəz xala deyir: "Allah köməyin olsun. Sağ ol. Sən olmasaydın mən neyləyərdim. Allah mənim ölümümü sənin qabağında eləsin".
Həmişə qəlbində Tanrı eşqi gəzdirən bu mehriban qocalar nümunəvi bir həyat yaşayırlar. Müxtəlif xarakterdə olan ər-arvad nümunəvi ünsiyyət yaradır, adi işarədən bir-birini başa düşürlər. Bu cür həyat demək olar ki, əlli ildən çox davam edir. Nəhayət, bir gün səhər tezdən Gülgəz xala İdris dayını səsləyir, cavab gəlməyəndə kişinin yatdığı otağı açır, onun artıq keçindiyini görür.
Nəhayət, yoldaşının başını dizinin üstünə qoyur, buz kimi soyuq, hərəkətsiz əlini əlinə alır. Qonşu Adilə xala onlardan səs-küy gəlmədiyini görüb mənzilə daxil olanda İdris dayının başını sinəsinə qoyan Gülgəz xalanın da öldüyünü görür. Onların xətrini istəyən qonşular məzarlarının ətrafına söyüd ağacı əkirlər. Qocalar ölür, onların xatirəsinə əkilən yaşıl, qoşa söyüd boy verir, ucalığın, mənəvi təmizliyi rəmzi, insan ömrünün davamı kimi mənalandırılır.
Yaxşı insanlar, mənəvi cəhətdən təmiz olanlar harda yaşamalarından, hansı mühitdə böyümələrindən asılı olmayaraq, həmişə həyatda öz yerini tapır, ləyaqətli ömür yaşayırlar. "Detdom qızı - 1", "Detdom qızı - 2" hekayələrində Nəzrin, Əfruz, Solmaz, Rəşid bu cür insanlardır. Həyatın bərkindən-boşundan çıxan bu insanlar çətin anlarda da öz təmkinlərini itirmir, hər cür çətinlikdən çıxmağı bacarırlar. Çünki onların insanlıq haqqında təsəvvürləri humanist mahiyyət daşıyır. İnsanları sevməyi, yaxşıları qiymətləndirməyi bacarırlar.
Hekayənin qəhrəmanı Nəzrin ailə xoşbəxtliyinə asan çatmır. Kənd məktəbinə müəllim göndərilən Nəzrin burada Seymur adlı gənclə evlənir. Ancaq onların xoşbəxt ailə həyatı uzun sürmür. Qız hamilə olanda qayınanası Solmaz onu döyür və xəstəxanada həkimlər hamilə qadının uşağını xilas edə bilmir. Bu ailədə xoşbəxtlik tapa bilməyəcəyini görən Nəzrin yaşadığı yerdən uzaq bir kənddə müəllimlik fəaliyyətini davam etdirir. Burada o özünə yaxın dostlar və arxa tapır, normal ailə qurur və layiq olduğu xoşbəxtliyə çatır. Uşaq evində böyüyən Nəzrin başına gələnləri belə xatırlayır: "Hərdən xəyala dalan Nəzrin keçmiş acı günlərini yada salanda istər-istəməz gözləri yaşarırdı". Hekayə belə də tamamlanır.
Müəllif demək istəyir ki, yaxşı insanlar həmişə olub və bundan sonra da olacaq. Əsas məsələ bu cür insanların əhatəsində olmaq, yeni sağlam mühit yaratmaqdır.
Şahnaz Ağayeva hekayə yaradıcılığı ilə yanaşı, lirik şeirlər müəllifi kimi də tanınır. Təbiətlə, insanın sevgi hissləri ilə, uşaq və yeniyetmə psixologiyası ilə bağlı olan bu şeirlərdə nəcib, ülvi hisslər tərənnüm olunur. İnsanları mənəvi saflığa çağırmaq, həyatın, dünyanın nə demək olduğunu dərk etməyə can atmaq bu şeirlərin mayasında dayanır. Böyük türk alimi İsmayıl Hikmət deyirdi ki, poeziya sevinc və kədərdən yaranır. Bu doğrudan da belədir. Kitabdakı şeirləri təkrar-təkrar oxuduqdan sonra bunu bir daha yəqin etdik. Mövzusundan, ideyasından, mətləbindən asılı olmayaraq, bu şeirlər oxucunu düşündürür, onun hisslərinə və beyninə təsir göstərir. Şahnaz xanım da öz şeirlərində kədər və sevinc hisslərini ifadə edir. Bu hisslər, duyğular bir tərəfdən ictimai mühitlə bağlıdırsa, bir qismi şəxsi həyat yaşantılarının təsiri ilə meydana gəlib.
Bayaq qeyd etdiyimiz kimi, müəllifin əsərlərinin böyük bir qismi uşaq şeirləridir. Azərbaycan ədəbiyyatında uşaq ədəbiyyatı bədii irsimizin müstəqil bir sahəsi kimi XIX-XX əsrlərdə formalaşıb. A.Bakıxanov, S.Ə.Şirvani A.Şaiq, A.Səhhət, H.Cavid kimi istedadlı sənətkarlarımız Azərbaycan uşaq ədəbiyyatının yaranmasında və təşəkkülündə mühüm rol oynayıb. Sovet dövründə də uşaq ədəbiyyatımız milli ədəbiyyatın müstəqil bir sahəsi kimi özünü doğruldub. M.Rzaquluzadə, M.Dilbazi, M.Müşfiq, S.Vurğun, R.Rza, H.Ziya, X.Rza. Rafiq Yusifoğlu və başqaları uşaq ədəbiyyatımızı daha da inkişaf etdirib, onun orijinal, maraqlı nümunələrini yaradıblar. Diqqətlə nəzərdən keçirəndə görürük ki, Şahnaz Ağayevanın uşaq şeirləri bu cür zəngin ədəbi ənənələrdən qaynaqlanıb. Lakin onun şeirləri orijinallığı, yeniliyi ilə fərqlənir, XXI əsrin, yeni ictimai mühitin reallıqlarını əks etdirir. "Dəcəl quzu", "Fatiməm", "Nənə kökə bişirir", "Qalib olum, ay ata" kimi şeirləri oxuyanda bunu bir daha təsdiq etdik.
Uşaq ədəbiyyatı ilə böyüklər üçün olan ədəbiyyat arasında müəyyən fərqlər var. Uşaq şeirlərinin dili sadə olmalı, çoxsaylı, müxtəlif informasiyalarla yüklənməməli, balaca oxucuları yormamalıdır. Şeir uşaq və yeniyetmələrin diqqətini cəlb etməli, onda maraq oyatmalıdır. Kitabdakı əsərlərdə bunu açıq-aydın görmək mümkündür. Şair balaca oxucuları ilə "dil tapmağı" bacarır, onların qəlbini oxşayır, poetik zövq yaradır.
"Aydan ağlayır" şeirinə diqqət yetirək. İstər-istəməz oxucuda maraq yaranır; Görəsən kiçik Aydan nəyə görə ağlayır, onu küsdürən nədir? Mətləb bundan ibarətdir ki, Aydan qardaşı Ayxanın çantasına əl vurub, qələmini, xətkeşini sındırıb, hətta dəftərini də cırıb. Bütün bunlara görə o bacısına cəza verib. Şeirdə Ayxanın məzəmməti, bacısından gileyi poetik bir dillə, kövrək notlarla qələmə alınıb:

Ayxan dedi: "Ay ana,
Bir ondan soruşsana.
Niyə mənə deməmiş,
Əl vurubdur çantama?!

Qələmimi qırıbdı,
Xətkeşi sındırıbdı.
Hələ bunlar bir yana,
Dəftərimi cırıbdı".

"Kaş ki, dostum olaydı" şeirində başqa bir məsələyə toxunulur, uşaqların dosta, yoldaşa olan ehtiyacından danışılır. Uşağın ona lazım olan hər şeyi - oyuncaqları, maşınları, tüfəngi, tapançası, rəngarəng topları var. Lakin bütün bunlar ona kifayət etmir, əsas ehtiyacı yaxşı dostadır. O oyuncaqlarla təkbaşına oynamaqdan bezib. İstəyir ki, yaxın dostu olsun, onunla həyat-bacada oynasın, vaxtını şən keçirsin.

Mənə dost gərəkdir, dost,
Oyuncağı neynirəm,
Təkcə özüm-özümlə,
Oynamağı sevmirəm.

Kaş ki, dostum olaydı,
Onunla oynayaydım.
Bütün oyuncaqları,
Ona bağışlayardım.

"Kaş ki, dostum olaydı" şeiri uşaq və yeniyetmələri ictimai mühitə hazırlayır, gələcəkdə məktəb və başqa yerlərə gedəndə insanlarla ünsiyyətdə olmaq mədəniyyəti aşılayır.
Şahnaz Ağayevanın şeirlərinin dili sadə və anlaşılandır, hədsiz, gərəksiz informasiyalarla yüklənməyib. Ən əsası isə budur ki, oxucuların zövqünə və yaşına uyğundur. Bu cəhət uşaq ədəbiyyatı üçün vacib şərtlərdən biridir. "Nəvəm Heydər" şeirindən oxuyuruq:

Ay məni nənə edən
Əziz ilk nəvəm Heydər.
Ömrümün bəzəyisən,
Nənən səni çox istər.

Mətləb aydın, sadə, başadüşüləndir. Hər bir nənənin arzusu nəvəsinin böyüyüb boya-başa çatmasıdır. Şair də əsərində nəvə məhəbbətini ifadə edib, ona olan sevgi duyğularını dilə gətirib.
Bir məsələni də qeyd edək ki, Şahnaz Ağayeva heca vəzninin müxtəlif növlərindən istifadə edir. Beşlik, altılıq, yeddilik, səkkizlik, onbirlik heca sayından məharətlə yararlanır. Şeirlərində ritm, qafiyə, hecanın növləri bir- biri ilə vəhdətdədir və bir-birini tamamlayır. Şeirin ahənginə, ritminə uyğun heca növü seçməyi bacarır. "Təbiət oyanır" şeiri ana vəznimizin-hecanın beşlik formasında yazılıb. Yaz gəlib, təbiət oyanıb, quşlar cəh-cəh vurur, lalələr qızarırır, köçəri quşlar geri qayıdır. Təbiətin bu hadisəsinə isə ən çox sevinənlər körpə uşaqlardır. Təbiətin ritmi ilə şeirin ritmi vəhdət təşkil edir ki, bu da əsərin təsir gücünü artırır:

Köçəri quşlar,
Həm qaranquşlar.
Uçub gəldilər,
Çox sevindilər.

Səs-səsə verib,
Cəh-cəh vurdular.
Eyvanda, bağda
Yuva qurdular.

"Duzam mən" şeiri hecanın yeddilik formasındadır. Burada yeniyetmə bir qızın dili ilə onun meşşanlığı incə yumorla tənqid olunur. Şahnaz Ağayeva Azərbaycan poeziyasındakı obrazın öz dili ilə özünü ifşa etməsi üsulundan kifayət qədər faydalanıb. şeirdəki qızın dediyindən məlum olur ki, həyatda hər şeylə təmin olunub. Valideynləri daim nazını çəkir, ona bahalı maşınlar və başqa hədiyyələr alır. O isə bundan istifadə edərək restoranlarda gəzir, tez-tez dava salır, heç nəyə, heç kimə əhəmiyyət vermir. Bu da müasir həyatımızın acı reallıqlarından biridir. Şeirdə müəllif bu hərəkətinə görə qıza heç bir münasibət ifadə etmir, ancaq onun öz dili, öz sözləri mövcud vəziyyətinin normal olmadığını xatırladır:

Nə sevgi, nə məhəbbət,
Nə abır, nə də ismət,
Heç biri mənlik deyil,
Yaşasın pul, var-dövlət!

Qoftam beldən yuxarı,
Qısaltmışam şalvarı,
Eh, vecimə almıram,
Nə namusu, nə arı.

Şahnaz Ağayevanın şeirlərinin bir qismi məhəbbət mövzusundadır. Bütün şeirlərində olduğu kimi bu şeirlərdə də ülvi, nəcib hisslər təbliğ olunur, gənclərə milli atət-ənənələrimizin, mənəvi dəyərlərimizin qorunması tövsiyə olunur. Bu əsərlərin poetik qəhrəmanları məğrur, qürurlu, əyilməz, eyni zamanda yeri düşəndə kövrək, duyğulu və qayğıkeş insanlardır. Bütün hallarda o hətta sevdiyinin də qarşısında qürurunu sındırmır, məğrur dayanır, sevgi əzablarını isə ürəyində yaşayır:

Titrək əllərinlə tutub əlimdən,
"Mən səni sevirəm", - söyləmədinmi?!
Utanıb üzümü çevirsəm belə,
Mən səni sonacan dinləmədimmi?!

Sən idin arxamca sürünüb gələn,
Bir gündə min dəfə dərdimdən ölən.
Sən idin sevgidə coşub-çağlayan,
Məni görməyəndə gizli ağlayan.
"Yol tapa bilsən" şeirinin lirik qəhrəmanının ürəyinə yol tapmaq o qədər də asan deyil. Hər şey qarşıdakı insanın sevgilisinin ürəyinə yol tapmasından asılıdır. Əgər o bunu qazana bilsə, həyatda xoşbəxt ola bilər, sevgi, ülfət, isti ocaq qazanmaq isə hər insana qismət olmur. Bunun üçün iradə, istək, ünsiyyət qurmaq bacarığı və sevməyi bacarmaq qabiliyyətinə malik olmaq gərəkdir:

Gözlərim gözündən nur, işıq alar,
Varlığın ömrümə yaraşıq olar.
Könlüm məhəbbətlə, sevgiylə dolar,
Əgər ürəyimə yol tapa bilsən.

Son görüşün təəssüratları bütün dövrlərdə poeziyamızın diqqət mərkəzində olub. Sevgi olan yerdə vüsal da var, həsrət də. Son görüş isə həsrətə açılan qapıdır, son ümidin itirilməsi deməkdir. "Son dəfə" şeirini oxuyanda bunu bir daha yəqin etdik:

Son dəfə üzümə nəzər salaraq,
Ağlaya-ağlaya sən çıxıb getdin.
İstədim arxanca qaçam, qaytaram,
"Son dəfə bağışla, barışaq!" - deyim.

Kitabdakı mövzular müxtəlif olsa da, hamısının ruhu, mayası eynidir. İnsana sevgidən, ehtiramdan irəli gəlir. Onların bir qismi şairin anadan olduğu Sabirabad royonuna, onun inanclı, sadə və səmimi insanlarından bəhs edir. Uşaqlıq xatirələri şairi daim izləyir, poetik duyğularına qol-qanad verir. Anadan olduğu rayonla fəxr edən Şahnaz Ağayeva onu Azərbaycanın bir parçası kimi sevir:

Sabirabadla bağlıdır
Bütün xatirələrim.
Həm şirin, həm də acı
Unudulmaz günlərim.
Bu torpaqda uyuyub,
Mənə yaxın insanlar:
Atam, anam, qardaşım -
Sizdən əziz kimim var?!

Məhəmməd peyğəmbər deyirdi ki, cənnət anaların ayaqları altındadır. Böyük şairimiz Hüseyn Cavid də qadını yüksək qiymətləndirərək yazırdı: "Qadın gülərsə, şu işçi mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək". Buradakı şeirlərin bir hissəsi qadın ləyaqəti, qız isməti, ana məhəbbəti ilə bağlıdır. Təkcə ana mövzusuna aid kitabda bir neçə şeir var. Burada şair öz anasına müraciət etsə də, müxtəlif misralardan aydın olur ki, müəllif əslində bütün anaları nəzərdə tutur, hamını ana nəvazişinin əvəzini qaytarmağa, analara qarşı diqqətli olmağa çağırır:

Mən səni özümə dayaq bilirdim,
Həm arxa bilirdim, həm dağ bilirdim.
Ailəni isidən ocaq bilirdim,
Söndü ocağımız, heyif ki, söndü.
Anacan, ətini de kimdən alım?!
De, kimə söyləyim ürək sözümü.
Bəs kimlə sevinib, kimlə ağlayım,
De, kimdən öyrənim dərdə dözümü?!

Şahnaz Ağayeva bu kitabı ilə ikinci dəfə oxucuların görüşünə gəlir. Həm də sözün həqiqi mənasında onların zövqünü oxşayacaq əsərlərini təqdim edir. Hesab edirik ki, bu görüşdən həm müəllif, həm də oxucular razı qalacaq.



SON XƏBƏRLƏR
2017-10-20
2017-10-19


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Hidayət Elvüsal Vəli Xramçaylıya:
- Vəli qağa, deyirlər ayaqyalın gəzmək başağrısına xeyirdi.
Vəli:
- Qağa, vallah düz deyirlər, mən ayaqqablı yatan günün səhərisi başım yaman ağrıyır.




digər lətifələr
ARXİV
FACEBOOK