adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

PRAQANIN DÜŞÜNDÜRDÜKLƏRİ

10841 | 2017-06-16 21:35
Çexiyanın paytaxtı Praqada jurnalistliklə bağlı bir konfrans olacaqdı. Əvvəlcə mənimlə əlaqə saxladılar və gedib-getməmək barədə fikirlərimi öyrəndilər. Onlara olar, gələrəm dedim, hətta Türkiyədən də bir neçə tanıdığım jurnalist dostumu apara biləcəyimi söylədim. Dostum Əli Şamilin də bu konfransda iştirakının faydalı olacağını bildirdim. Vaxt ərzində müəyyən yazışmalar getdi və biletlərimizi aldıq. Getmək vaxtı gəldi, ayın 4-ündə dostum Əli Şamil ilə hava limanına getdik. Baqajlarımızı verib yuxarı qalxdıq, təyyarənin qalxmasına yarımca saat qalmışdı, polis bölməsinə çatdıqda pasportu yoxlayan xanım polis ayrı bir polisi səslədi, o da mənə "Sizin maşınınız var, onu baş gömrük idarəsinə təhvil vermədikcə ölkədən xaricə çıxa bilməzsiniz, yeni qanun qəbul etmişik" dedi. Ona, "Axı mən fevral ayında Xocalı Soyqırımı həftəsi üçün Dənizli vilayətinə getdim və qayıtdım, onda belə bir şey tələb etmədiniz, bu qanun haçan qəbul olunub?" deyə sual verdikdə, "Yeni qəbul olunub" dedi. Səhər-səhər saat 5 radələrində idi. Dostum Aqil Abbasa zəng vurdum, yatmışdı götürmədi, gömrük idarəsində işləyən bir dostuma zəng çaldım, o da "Bu qanun yeni qəbul olunub, maşını təhvil vermədən ölkə xaricinə çıxmağınız qeyri-mümkündür!" dedikdə əl-qolumuz bağlandı. Əli Şamil polis postunu keçdiyi halda o da geri qayıtdı, çox təkid etsəm də "Sən getmədikdən sonra mənim getməyimin mənası yoxdur!" dedi və getmədi. Polislər onu götürüb polis bölməsinə apardılar və bizi aparacaq təyyarə ki, Paris üstündən Praqaya gedəcəkdi, o Parisə enməmiş Əli bəyi polis bölməsindən buraxmayacaqlarını söylədilər. Mən də kor-peşiman qayıdıb evə gəldim. Konfransı təşkil edən dostuma bildirdim ki, məsələ bələdir, gələ bilmədik. Dostum bir az sonra zəng çaldı, "Maşını aparıb idarəyə təhvil verin, bu axşam üçün biletinizi alacayıq narahat olmayın" dedi. Bazar günü idi, maşını aparıb Bakı Baş Gömrük İdarəsinin qarajına təhvil verdim, taksiyə minib evə gəldim, biletlərimiz alındı və o axşam İstanbul üstündən Praqaya getdik.
Bir dəfəsində də yenə dostum Əli Şamil ilə həyat yoldaşlarımızı götürüb Qubaya getmişdik. Qonaq getdiyimiz evə çatıb, təzəcə oturub bir istəkan çay içməmiş Qırmızı Körpüdə gömrük məmuru işləyən Elnur Mustafayev zəng çaldı, götürdüm, özünü təqdim etdi və mənə, "Müəllim, siz bu gün axşam saat ona kimi ölkədən çıxmalısınız, çıxmasanız filan qədər cərimə ödəməli olacaqsınız, xəbəriniz olsun!" dedi. Əli Şamil ilə dərhal durub qayıtdıq Bakıya, pasportumu götürdüm və üz tutduq Qırmızı Körpüyə, gecə 11 radələrində çatdıq və bir saat gecikdiyimizə görə 15 dollar da cərimə ödədim, Gürcüstana keçib səhərisi gün qayıtdıq. Sağ olsun, əgər Elnur Mustafayev mənə xəbərdarlıq etməsəydi, mən azı 3 min dollar cərimə ödəməli olacaqdım. Hələ də ona minnətdarlıqla təşəkkür edirəm ki, həm məni cərimədən xilas etdi, həm də Azərbaycanımızın məsuliyyətli bir işçisi kimi öz öhdəsinə düşəni həyata keçirdi.
Madəm belə bir qanun yənicə qəbul edilmişdi, aidiyyəti qurumlar ölkədə oturumu olan və maşını ilə gələn xaricilərin telefon nömrəsinə "Belə bir qanun qəbul olunub xəbəriniz olsun!" deyə xəbərdarlıq mesajı yollaya bilərdi. Təəssüf ki, belə bir şey edilməmişdi və yuxarıda sadaladığım problemlərlə üzləşdim. Çağdaş Azərbaycanımızın bu cür kiçik işlər ucbatından tənqidə məruz qalmasına doğrusu ürəyim ağrıyır, belə olmamalıdır, ancaq niyə olub hələ də başa düşə bilmirəm.
Praqada beş gün qaldıq. Bir günümüzü şəhəri gəzməyə həsr etdik. Oranı bəzi dostlarım öymüşdülər, ancaq düzünü deyim o qədər də fikir verməmişdim, ancaq gedib görəndən sonra hələ az öydüklərinin şahidi oldum. 16-cı əsrdən qalma tarixi binalar var və şəhərin deyilə bilər ki, 90 faizi beş mərtəbəli tarixi binalardan ibarətdir. O beş mərtəbəli binaların arasında bir dənə də 6 mərtəbəli bina yoxdur. Şəhərin küçələri o qədər də geniş deyil, ancaq hər bir maşın öz zolağı ilə hərəkət edir və zolaqlar arasındakı xətti bir dənə sürücü də ayaqlamır. Hamı sürücülər bir-birinə hörmət edir, onsuz da cızıqdan çıxanı polis o dəqiqə cərimələyir, həm də filan qədər böyük məbləğlə. Tarixi binaların arasında tikilən bəzi tək-tük yeni binalar gözə dəysə də onları tarixi binalardan diqqətlə baxdıqda fərqləndirə bilirsən. Bir sözlə, şəhərin tarixi simasına xələl gətirəcək bir mismar belə çalınmasına icazə verilməyib. Gavur dediyimiz insanların şəhərçilik mədəniyyəti qarşısında heyrətə qərq olmamaq mümkün deyil.
Küçələrdə əksəriyyətlə cökə ağacları salınıb və şəhər yamyaşıldır. İnsanların oturub dincəlməsi, gəzib-əylənməsi üçün müəyyən yerlərdə hər cürə imkan yaradılıb. Şəhərdəki maşınların 95 faizi yeni idi. Maşın buraxan bir ölkə olduğuna görə üç ildən artıq yaşı olan maşınların istifadəsində müəyyən çətinliklər yaradıblar və elə ediblər ki, üç yaşından artıq maşının illik xərci yeni maşından ikiqat artıq olur, xalq da buna görə köhnənin xərcini çəkəcəyinə aparıb onu zavoda təhvil verir və yenisini götürüb minir. Kaş onlar "La ilahə illallah" deyəydi, əgər desəydilər...g
Bir neçə yerdə küçədə dilənənləri gördüm. Onlar dizlərini və dirsəklərini yerə qoyub əlləri ilə kepkalarını tutub başlarını da qolları arasında gizlədirdilər. Hər hansı şəxs onların kepkasına pul atsa başını qaldırıb təşəkkür edir yenə həmin vəziyyətdə dayanırdı. Dilənməkdən imtina etdikdə də ayağa durub kepkadakı pulları cibinə qoyur və kepkasını başına keçirib camaatın içində itib gedirdi. Hər bir şəxs öz işində və kefində idi, hər hansı bir şəxsin digərini narahat etdiyinin şahidi olmadım.
Bakı ilə müqayisədə şəhərdə həddən artıq bahalıqdı. Türkiyədə 30-40 lirəlik bir köynəyin qiyməti 60-70 dollar, uzaq başı 300 lirəlik bir çəkedin (pencək) qiyməti 440 dollar idi. Meyvə-tərəvəz, ət, pendir və süd məhsulları da Bakıdan azı ikiqat bahalı idi, deməli, maaşları da ona görədir.
Ölkədə turist qaynayır və onların əksəriyyəti uzaq Şərq ölkələrindən gələnlərdi. Türkiyədə turizmə "bacasız fabrika (zavod)" deyilir, yəni zəhmətsiz qazanc yeri. Gavur dediyimiz insanlar ölkələrinə turistlərin daha artıq cəlb edilməsi üçün hər cürə imkanı yaradıblar. Bu da bir ölkə üçün böyük bir təbliğatdır. O təbliğatı apara bilmək dövlət adamlarından böyük məsuliyyət, dözüm və ağıl, vətəndaşlarından da vətəndaşlıq şüuru tələb edir.
Cəmisi bir gündə müşahidə etdiklərim qarşısında çexyalılara qarşı ürəyimdə böyük rəğbət hissi yarandı. Türkcədə bir ifadə var, "Yiyidi öldür, ancak hakkını ver!" mən də yazdıqlarımla onların haqqını özlərinə təhvil verdiyimi zənn edirəm.

Seyfəddin Altaylı,
Ankara

TƏQVİM / ARXİV