adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

DINIŞKA

MƏZAHİR ƏHMƏDZADƏ
46823 | 2017-06-16 22:06
Hesablayıblar, 77777 nəfər vətəndaşımız cibində jurnalist vəsiqəsi gəzdirir. Koroğlunun dəlilərindən də 10 dəfə çox. Kinoda yox ha, dastan variantında. Kino məsələsini başqa bir səbəbdən ona görə açıqlayıram ki, bəzi qələm və vəsiqə sahibləri hansısa bədii filmə baxıb, onu əsəri oxumuş kimi şərh edir və göyərçin buraxırlar. Başqa bir anlamda quşbazların da işinə qarışırlar.
Başa düşürəm ki, bu mövzu bütün peşəkarlar üçün ağrılı bir yerdir, hətta xəcalətlidir. Ancaq əlac da yoxdur, dözməliyik. Demokratiyanın əsas prinsiplərindən biri də budur ki, jurnalist ixtisaslı kadr mətbuatdan başqa heç yerdə (məsələn: həkim, müəllim, baytar, bank və iqtisadiyyat mütəxəssisi, seysmoloq, meteoroloq, gəmi şturmanı, metro dispetçeri və s.) işləyə bilməz, ancaq istinasız olaraq bu cür peşə sahiblərindən hər biri qəzet və jurnallarda, radio və televiziya kanallarında, elektron mətbuat vasitələrində çalışa bilər, rəhbərlik də edə bilər, peşəkarlara dərs də (?) keçə bilər, eyni zamanda cürbəcür vəsiqələr də paylaya bilər. Kimə gəldi... Sanki məmləkətin hansısa "kəşf olunmamış" ərazilərində gizli sexlər yaradılaraq konveyer üsulu ilə jurnalist istehsal edirlər. İstehsalatın bu sahəsi, çox qəribədir ki, 2010-cu ildən daha intensiv xarakter alaraq yeni inkubasiya metodları kəşf etməkdədir.
Nə oldu, bəs deyirdiniz biz şair xalqıq, söz-sənət aşiqiyik? İndi heç 15 nəfər də əsl şair qalmayıb. Şeir yazanların da çoxu qəzetlərə axışır, o çoxəsrlik imic də sürətlə korlanır. Eybi yox, heç olmasa onlar poeziya ilə jurnalistikanı birləşdirərək "modern" bir janr yaratmağa səy göstərir, nəsə bir iş görürlər. Ancaq janrlardan düz-əməlli başı çıxmayan, Azərbaycan ədəbi dilini, eyni zamanda qəzet dilini bilməyən o "yadplanetlilərə" nə deyəsən? Bu cəhənnəm, illərlə bircə dənə yazı yazmayan (yaza bilməyən) "jurnalistlərin" ədasına, xalqla rəftarına necə dözəsən? Surxaylar, habillər...gkimi qanqsterlər-jurnalistlər həbs olunsa da vəziyyət bir elə düzəlmədi. Qohumlar, dostlar, yaxın adamlar, tanışlar şikayətlənirlər ki, indi reketçiliyin cəzasızlığı başqa bir məzmunda fırladılır. Jurnalistikadan başqa nəyə desən xidmət edən bu cür tiplər, yeni metod və üsullar icad edərək "cəbhə boyu" hücumdadılar. Sağlam tənqid yoxdur və olmayacaq - onun kitabı çoxdan bağlanıb. Ən vacib məsələ böhtan, şantaj, təhqir və arsenalda olan digər gizli (həm də çirkli, baktereoloji) silahlarla hücum, hücum, hücum... Alınırsa, "yadplanetlilər"in kefidir - yeni obyektlər seçilir və bölüşdürülür. Alınmırsa, daş qayaya rast gəlirsə, obyekt məhkəmədən-filandan söz salırsa, hətta canından bezib "samosud" mənşəli cəza-qisas tədbirlərini xatırladıb telefonu qapadırsa, vəziyyət bir başqa cür olur. Belədə Ostap Benderin ən zəif və savadsız törəmələri metodu dəyişirlər: "Mən demədim ki, mütləq bu yazını və ya şəkli verirəm; nəyə görə düşmənçilik etməliyik, gəlin dost olaq, mehriban olaq, hamımız bu vətənin övladları döyülükmü?.."
Daha bu məsələlərin arxası necə davam edir, necə yekunlaşır, bu, asılıdır "jurnalistin erudisiyasından" və "obyektin" səbir kasasından. Bir vacib məqamı da diqqətə çatdırmaq lazımdır ki, əksər hallarda məmurlar sonadək mübarizə apara bilmirlər. Müdafiə mexanizmini tam mənimsəmədiklərindən və ya tam müdafiə olunmadıqlarından. Ağrılı və müəyyən qədər də absurd reallıq budur. Çox kiçik istisnalarla təskinlik tapa bilsək də, bütövlükdə naşı və eyni zamanda piramida "yazarların", onların havadarlarının fəaliyyəti və münasibəti ucbatından əsl jurnalistika tədricən reanimasiyaya yaxınlaşır. Peşəkarlar birləşmək istəmirlər, birləşə bilmirlər... Hər nədirsə, o "yadplanetlilər" ki var, nizamlı şəkildə bir zamanların ən nüfuzlu və şirin peşəsi sayılan jurnalistikanı urvatdan salmaqdadırlar. Onlar öz hərəkətləri və "qeyri-təbii yaradıcılıqları" ilə jurnalistikanın anasını ağladırlar. Bizlərə də həmişə söylədiyim kimi, yad adam gözü ilə baxırlar. Elələrinin ucbatından adam işini, ixtisasını gizlətmək istəyir. Təsadüfən tanımayanlar ayırd edənə kimi gör nə qədər xəcalət təri tökməli olursan. Onda qala hələ bir vəsiqə də gəzdirəsən. 15 ildən yuxarıdır ki, mənim hansı işdə çalışmağımı təsdiqləyən vəsiqəm yoxdur. Alıb cibimdə gəzdirsəm nə olacaq ki?..

P.S. "Seyid və vəsiqə" mövzusuna da toxunacaqdım, yadımdan çıxdı. Həm də dostlar çox gözəl və ibrətamiz yazıblar, oxuyub ləzzət almışam.

TƏQVİM / ARXİV