adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Iyun 2017 22:04
14275
LAYİHƏ
A- A+

MUĞAM DA QURANİ-KƏRİM KİMİ SİRLİDİR

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

"Dünya yerindədi, adamlar ayaq-baş düşüb..."

Tam əminəm ki, həmsöhbətimi təqdim etməyə ehtiyac yoxdur. Çünki yalnız "Dədə" sözünü dilə gətirməklə həmsöhbətimin kim olduğunu dəyərli oxucu dərhal hiss edəcək. Çünki mənim həmsöhbətim xalqın sevimlisi, xalqın xanəndəsi, xalqın sənətkarı Dədə Süleymandır. Rəsmi olaraq onu sənədlərdə Süleyman Cümşüd oğlu Abdullayev kim yazıblar. Amma gerçəklikdə o, musiqisevərlərin və səsinə baş əyənlərin Dədə Süleymanıdır.
- Salam, Dədə. Nə var, nə yox? Yaşınızın bu vaxtında özünüzü necə hiss edirsiniz?
- Çox sağ ol. Nə hamıdan yüksəkdə deyiləm, nə də aşağıda. Elə hamının olduğu yerdəyəm. Nəticəni özün çıxardarsan. O ki, qaldı nə var, nə yoxa, hər şeydən bir az var. Zaman da ki, məndən, səndən asılı deyil. Köhnə kişilər demiş, zaman heç nəyə baxmır, öz dəyirmanını işlədir.
- Dədə, dünyanın bu qarmaqarışıq, baş-ayaq olduğu vaxtda adamlar da bir az nizam-intizamdan kənarlaşıb, necə deyərlər, bir növ "başlı-başını saxlasın" prinsipi ilə yaşayır. Bax, belə bir vaxtda sən necə, səsinə söykənib yaşaya bilirsənmi?
- Əvvəlcə gəl baş-ayaq danışmıyax. Nə var onu deyək, özü də necə var, o cür də deyək. Dünya ayaq-baş düşüb eləmiyib. Dünya elə olduğu kimi qalıf, yəni Allah bu dünyanı necə yaradıf, o cür də var. Min il bundan qabaq da belə oluf, indi də belədir. Ayaq-baş düşən insanlardı. Dünyanı da yaxşı, pis səmtə yönəldən insanlardı. Dünya özü-özüylə müharibə eləmir ki, müharibəni eləyən də adamlardı, dünyanı pis günə qoyan da adamlardı. Baş açmaq olmur, bu adamlar niyə öz günahlarını dünyanın boynuna atır. Dünya fağırın əli yox, ayağı yox. Yetən cumur üstünə. Yazığın adı beddam çıxıf. Hələ də insanlar dərk eləmir ki, bu, yerində olan dünyanın başına oyunlar açan da, onu qınayan da özümüzük. Hər şeyin günahkarı insandı. Günahın hamısı yenə deyirəm, insanlardadı. Dünya neyləsin, oturub yerində səsini-səmirini çıxarmır. Bütün işlərin başında insanlar dayanır. Allah bütün ixtiyarı insana verib. İnsan da bir də görürsən ki, heç Allaha da bəndəlik eləmir. Dava salır, qırğın törədir...
- Dədə, dava demişkən, heç dava-dalaş salmısan?
- Mən uşaq vaxtları bir az davakarlıq eləmişəm. Özü də tay-tuşlarımla yox, ermənilərlə. Yəqin bilirsən də bizim Qoçəhmədli kəndi ilə Dağlıq Qarabağın, o vaxtkı Hadrudun ermənilər yaşayan kəndləri qonşu idilər. Özümüzün bağımız, bağçamız olmasına baxmayaraq, gedirdik ermənilərin bağına, bostanına. Bax, onda dava düşürdü, mən də qolu zorlu idim, qabağıma çıxan ermənini salırdım yumruğun altına. Ayrı heç kimlə dalaşmamışam. Nə uşaq vaxtı, nə də bu yaşıma qədər. Amma bütün kənd uşaqları kimi mən də güləşmişəm, zarafatlaşmışam, şuluq salmışam. Məni də həmişə Dadaş yıxırdı. Ümumiyyətlə, haqsız davanın əleyhinə olmuşam. Özüm də eləməmişəm, eləyəni də qınamışam. Yadımdan çıxmamış onu da deyim ki, erməni başını itirib. Erməninin başı olsaydı, bizim bu günümüzü görüf fikirləşərdi ki, əvvəlki qonşuluğu saxlasaydı, indi o da kef-damaq içində yaşayardı. Amma rusun fitvasına getdi, özünü yaman günə saldı. Əgər rus olmasa, təkcə Ağdamla Füzulinin camaatı yığışıf ermənini torpaqlarımızdan çıxara bilər. Bunu mən deyirəm. Çünki mən erməninin dabbaqda gönünə bələdəm. Yəni dediyim odur ki, Allah bizi yaradıb və bizə də bir yol göstərib birimiz o yolu ağılla, başla qana-qana gedirik, birimiz də haramlıqla, namərdliklə, ev yıxmaqla. Ona görə də Allah özü hər şeyin qiymətini verir. Çünki ondan yuxarıda heç kim yoxdu. Görən də odur, qiymət verən də. Allahın qoyduğuna heç kim düzəliş eləyə bilməz, qulp qoya bilməz. Elə musiqidə də belədi. Bir də görürsən ki, biri əllaməçilik eləyir. Amma bir ayrısı ağılla, düşüncəylə, yerli-yerində muğama təzə əlavələr gətirir, yeni möhür vurur. Bunun ikisinə də deyirlər olmaz. Bəli, birinci olmaz, yəni əllaməçilik heç kim tərəfindən qəbul edilmir. Amma ikinci niyə olmasın ki? Axı bu insan yeni boğazla, yeni ştirxlərlə musiqimizi cilalayır. Buna "sağ ol" demək lazımdır. Saa bir söz də deyim. Dünyanın, yerin, göyün nəyi varsa, nəyi görürüksə, nəyi eşidiriksə, nəyi oxuyuruqsa, bunlar hamısı müqəddəs "Qurani-Kərim"imizdə yazılıb. Ağıllı adamlar o müqəddəs kitabı oxuyub özünə ağıllı yol da seçir. Hətta ağıllı alimlər Quranı öyrənib ondan istifadə etməklə öz kəşflərini də edirlər. Çünki hər şeyin bünövrəsi Quranda yazılıb. Quran dünyanın çox böyük sirridir. Onu oxuyub başa çıxmaq, onu dərk eləmək heç kimə nəsib olmayıb. Hər dəfə oxuyanda bir sirrdən agah olursan. Muğam da onun kimidi. Hər kəs öz ifası ilə onun bir sirrini açır. Hə, yadıma düşmüşkən, saa onu da deyim də, bizdəki o Muğam evi var ha, Muğam teatrını deyirəm, onu rəhmətlik İslam Rzayev yaradıb. Bəzi ağzıgöyçəklər deyiblər ki, biz yaratmışıq. Yalandı. Onu Seyidin gözəl tələbəsi İslam Rzayev yaradıb. Özü də havadan yox haa...
- Dədə, üzr istəyirəm, başa düşmədim, nə demək istəyirsən?
- Burda çətin nə var ki? Rəhmətlik İslam şərq ölkələrinə qastrola getmişdi. Hə, saa onu da deyim ki, farslarda da, ərəblərdə də muğam var. Amma bizim muğam hamısından bitkindi. Ərəblərin muğamı cəmi üç mərhələdi. Bax, İslam Rzayev qastrolda görüb ki, ərəblərin muğam teatrı var. Oturub qulaq asıb. Sonra bundan fikrini soruşublar, İslam da deyib ki, muğam burda bitmir. İnanmayıblar. İslam burda nə təhər oxuyubsa, məəttəl qalıblar. Günaha batmayım, bir şeyidə deyim saa. Ərəblərdə tək-tək yaxşı muğam oxuyanlar var. Amma hamısı təkcə o üç mərhələyə qədər oxuyur. Bizim muğam başqa bir şeydi. Sirrdi, vallah, sirrdi. Sirr olmasa, Xanı, Seyidi, Cabbarı, Keçəçioğlunu, Ələsgəri, Yaqubu, Əbülfəti, Saranı, Şövkəti dinləməkdən doyardıq və bir də qulaq asmazdıq. Görürsən, hər dəfə o böyük xanəndələri dinləyəndə təzə nə isə tapırsan. Ə, bir də saa bir şey deyim e, Qədiri, İslamı unutmaq olar? Mənsuriyyəni deyəndə Yaqubu yaddan çıxarmaq olar? A kişi, bu sənətkarlar Allah vergisi ilə doğulublar, Allah vergisi ilə də muğama möhür vurublar. Məni tərpədirsən, yadıma ayrı şeylər də düşür. Bəzən ağzıgöyçəklər deyir ki, "Mənsuriyyə"ni oxuyanda ora Segah əlavə eləmək olmaz. Ə, niyə olmur axı? Bu adamın qəvliyyəti var, səsi var. Başlayır Mənsuriyyədən, yavaş-yavaş keçir Segaha. Özü də elə keçir ki, ruhun da incimir. Sonra keçdiyi kimi də yavaş-yavaş qayıdır Mənsuriyyəyə. Bundan gözəl nə ola bilər? Niyə mız qoyursan? Kişinin oğlu yaradır da. Qəvliyyətin var, sən də oxu. Yoxdu, tay qadağa qoyma. Bu olar, bu olmaz!.. Sən Allah bağışla e, qatıb-qarışdırıram, amma söz gələndə gərək deyəsən. Bilmək gərəkdi ki, muğam qollu-budaqlıdı, hər tərəfə şaxələnir. Muğamda açılmayan sirlər var. Əvvəldə dediyim kimi Quranda olduğu kimi. Bax, bu möcüzədi bizim musiqimizi dünyaya sevdirən, dünyaya meydan oxuyan. Dünyanın elə bir musiqisi yoxdur ki, onun içərisində bizim musiqinin təsiri, əlamətləri olmasın. Bayaq ərəblərdən danışırdım haa, ərəblər "Şur"dan o yana gedə bilmir. Səsləri "Şur"a kimi çatır. Amma biz "Şur-Şahnaz", "Sarəc" və ondan sonraları da oxuyuruq. Yəni "Şikəsteyi-fars", "Simayi-Şəms" var...
(ardı var)