adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Iyun 2017 11:38
5508
MƏMLƏKƏT
A- A+

Qiyaməddinlidə açılış

Ağcabədi rayon Qiyaməddinli kənd orta məktəbinin yeni korpuslarının açılış mərasimi keçirilib. 

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycanda təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, bu kimi tədbirlər davamlı hal alıb. Düşmənlə sərhəd bölgələrimizdə belə müasir təhsil müəssisələri təmir olunub, müasir avadanlıqlarla təmin olunub. 

Tədbirdə çıxış edən millət vəkili, yazıçı-publisist Aqil Abbas Ağcabədinin simasının günü-gündən dəyişdiyini bildirib. Qeyd edib ki, bu torpaq ziyalı, yaradıcı insanlar yetişdirir. Bununda başlıca səbəbi Ağcabədidə təhsilə diqqətin davamlı olmasıdır. Aqil Abbas onu da bildirib ki, kənd orta məktəblərinin müasir standartlara uyğun təmir olunması Azərbaycan hökumətinin təhsil sisteminə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Tədbirdə çıxış edən ƏBA-nın baş direktoru Əli Məmmədov, tanınmış cərrah Nazim Həsənov, kənd ziyalısı Əli Qasımov və məktəbin direktoru Zülfiyyə xanım yeni məktəb binasının, yaradılan gözəl şəraitin, müasir texniki imkanların şagirdlərin təhsilinə müsbət təsir edəcəyinə əminliklərini vurğulayaraq respublika prezidenti, cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Kənd sakinləri bildirdilər ki, yeni korpusun açılışı Qiyaməddinli kəndinin işğaldan sonra taleyinin ən xoşbəxt günüdür. 

Tədbirin sonunda məktəbin məzunları son zəng çaldı, səmaya rəngarəng şarlar və ağ göyərçinlər uçurdular.