adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Iyun 2017 10:22
6303
MƏMLƏKƏT
A- A+

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - FOTOLAR

Azərbaycan və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimləri başlanıb.

Azərbaycan Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, iyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhan birgə əməliyyat taktiki təlimi izləyiblər.

Azərbaycan müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib. Əməliyyat taktiki təlimin planı ilə tanış olduqdan sonra bildirilib ki, təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətləri arasında əməliyyatların birgə icra edilməsində uzlaşmış fəaliyyətə nail olunması, qoşunların idarə edilməsində vahid proseduraların işlənib hazırlanması və Əlahiddə Ümumqoşun Ordu ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılmasından ibarətdir. Təlimə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri ilə yanaşı, Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Əməliyyat Briqadasının və Mülki Müdafiə Alayının bölmələrinin ümumilikdə 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edilib.

Üç mərhələdə keçirilən təlimin birinci mərhələsində Əlahiddə Ümumqoşun Ordunun, digər güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək düşmənin dayandırılması və əks-zərbə əməliyyatı planlaşdırılması aparılıb. İkinci mərhələdə əks zərbənin endirilməsi, düşmənin darmadağın edilməsi və itirilmiş vəziyyətin əlverişli hədlər üzrə bərpa edilməsi, üçüncü mərhələdə isə əks-hücumu davam etdirərək, düşmən ehtiyatlarının məhv edilməsinin başa çatdırılması və əlverişli ərazi sahələrinin nəzarət altına alınması tapşırıqları icra olunub.

Təlimin ssenarisinə əsasən düşmənin fəaliyyətinin izlənilməsi, atəş vasitələrinin, ehtiyatlarının və vacib obyektlərinin koordinatlarının dəqiq təyin olunması məqsədilə pilotsuz uçuş aparatları və vizual müşahidə vasitələrindən istifadə etməklə kəşfiyyat bölmələri fəaliyyətə başlayıb. Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru hücum əməliyyatını davam etdirməyə qüvvəsi yetməyən düşmənin dövlət sərhədi boyu keçirdiyi kəşfiyyat-diversiya fəaliyyətlərinə qarşı tədbirlər görərək dövlət sərhədini möhkəmləndirib, hava məkanını pozmuş düşmən aviasiyası hava hücumundan müdafiə bölmələrinin dəqiq zərbələri ilə məhv edilib.

Yüksək dəqiqlikli atəş idarəetmə sistemləri ilə təchiz edilmiş Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə, hissə və bölmələri düşmənin toplanma rayonlarına çıxarılmış bölmələrinə, aviasiya eskadrilyasının atəş-dəstək vertolyotları isə düşmənin ehtiyatlarına və zirehli obyektlərinə atəş zərbələri endiriblər.

Müasir raket, reaktiv və artilleriya sistemlərinin cəlb edilməsi ilə əks-zərbə planına uyğun olaraq ordu artilleriyası atəş hazırlığına başlayaraq düşmənin müdafiə dərinliyində yerləşən vacib dövlət və hərbi obyektlərinə, silah sistemlərinə, artilleriya və idarəetmə məntəqələrinə zərbələr vurub. Tanklar, piyadanın döyüş maşınları və tank əleyhinə vasitələrlə düşmənin ön xəttində və yaxın dərinliyində yerləşən zirehli texnikaları və "TOS-1A” müasir ağır odatan sistemi ilə onun taqım dayaq məntəqələri, artilleriya və minaatan batareyaların atəş mövqeləri məhv edilib, Əlahiddə Ümumqoşun Ordu Komandanı əldə edilmiş atəş üstünlüyündən istifadə edərək düşmənə qətiyyətli zərbə endirmək məqsədilə birləşmə və hissələrin hücuma keçməsi üçün əmr verib.


Təlimin gedişində təmir-təxliyə, maddi-texniki və tibbi təminat tapşırıqları da uğurla yerinə yetirilib.
Dağlıq ərazidə texnikanın hərəkətinin məhdud olduğu rayonlarda atəş dəstəyinin fasiləsiz təmin edilməsi üçün artilleriya bölmələrinə "Mİ-17V” tipli nəqliyyat vertolyotlarından "Mİ-35M” vertolyotlarının hava növbətçiliyi ilə paraşütlə döyüş sursatı atılıb. Bölmələrin hücumunun dərinliyə sürətlə inkişaf etdirilməsi üçün taktiki və hava desantı təyin olunmuş rayonlara vertolyotlar vasitəsilə endirilib. Təlimə cəlb edilmiş birləşmə və hissələr qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirərək hədəf və maketlərin 90 faizindən çoxunu məhv edib və düşmən üzərində qələbə çalıblar.

Sonda hərbi vertolyotlar Azərbaycan və Türkiyə bayraqlarını səmada nümayiş etdirib, ümummilli lider Heydər Əliyevin "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamı səslənib.

Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.
Sonda zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan "Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndiriblər.