adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Iyun 2017 16:49
6451
MƏMLƏKƏT
A- A+

SƏRNİŞİNDAŞIMA QAYDALARINI POZAN SÜRÜCÜLƏR MƏSULİYYƏTƏ CƏLB EDİLİRLƏR

Heç kimə sirr deyil ki, bu gün respublikamızda sərnişindaşıma işləri ilə məşğul olan çoxlu sayda avtobus və mikroavtobus sürücüləri vardır. Onlar birmənalı olaraq sərnişindaşınması ilə məşğuldular. Təbii ki, sərnişinlərin daşınması da mövcud qaydalar əsasında həyata keçirilməli və onların təhlükəsizliyi tamamilə qorunmalıdır. Aydındır ki, bir çox sürücülər maddi maraqları naminə bu qaydaları tez-tez pozur, standarta və texniki tələblərə cavab verməyən nəqliyyat vasitələrindən istifadə edir, bununla yanaşı, mövcud qanunları pozmaqda israrlıdılar.

Artıq yay mövsumu gəlişi ilə əlaqədar olaraq respublikanın avtomobil yollarında sərnişindaşınmada yaranmış mövcud nöqsanları aradan qaldırmaq üçün Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən davamlı tədbirlər həyata keçirilir. Demək olar ki, bütün tağımlarda şənbə-bazar günləri reydlərin keçirilməsinə start verilib. Bu mənada hər bir tağımın əməkdaşı yol hərəkəti qaydasına əməl etməyən və sərnişindaşıma qaydalarını pozan sürücülərə qarşı sərt tədbirlər görürlər.

Bu cür reydlər Yol Patrul Xidməti Alayının1-ci tağımının xidmət apardığı Bakı-Quba avtomobil yolunda da şənbə-bazar günləri davam etdirilir. Eyni zamanda Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan müxtəlif markalı avtobuslar və mikroavtobuslar tağım əməkdaşlarının daim diqqət mərkəzindədir.

Əlbəttə, elə nəqliyyat vasitələri var ki, onu idarə edən sürücülər yol hərəkəti qaydalarına əməl edirlər. Ancaq gəlin onunla razılaşaq ki, sərnişin daşıyan və onların təhlükəsizliyini qorumayan sürücülər də az deyildi. Məhz bu cür sürücülərə qarşı birmənalı olaraq 1-ci tağımın əməkdaşları çox sərt mövqe tuturlar.

Reyd zamanı 1-ci tağımın inspektoru, polis baş serjantı Adil İsmayılov sərnişindaşıma qaydasını pozan sürücüyə stasionar postda «saxla!» işarəsi verdi. Sürücü nəqliyyat vasitəsini yolun kənarına çıxararaq dayandırdı. Yoxlama zamanı məlum oldu ki, avtobusun sürücüsü əlavə oturacaq quraşdırıb və normadan artıq sərnişin daşıyır. Bu isə sərnişinlərin təhlükəsizliyi baxımından çox ciddi bir qanun pozuntusudur və eyni zamanda onların həyatına böyük təhlükə yaradır. Təbii ki, sərnişindaşıma qaydasını pozan sürücü barəsində polis baş serjantı Adil İsmayılov elektron protokol tərtib etdi.

Polis baş serjantı Əli Rzayev də etibarnaməsiz nəqliyyat vasitəsini idarə edən sürücünü saxladı. Məlum oldu ki, həmin sürücü də avtomobili etibarnamə olmadan idarə edir. Avtomobil sürücünün əlindən alınaraq müvəqqəti duracağa qoyuldu və onun barəsində elektron protokol tərtib edildi.

Polis baş serjantları Emil Əsədov və Anar Hümbətov da yol hərəkəti qaydasını pozan və qəza şəraiti yaradan 2 sürücü barəsində qanunamüvafiq tədbir gördü. Yol hərəkəti qaydasını pozan sürücü stasionar postun yanından dönüb Bakı istiqamətinə hərəkət edərkən qəza şəraiti yaratmışdı. Belə ki, sürücü Quba istiqamətindən gələn nəqliyyat vasitəsinə yol verməmişdir və bununla da qanun pozuntusuna şərait yaratmışdı.

Bir neçə həftədir ki, stasionar postda nəqliyyat vasitələrinin atmosferin çirkələndirilməsinin qarşısını almaq üçün texniki qurğu da quraşdırılıb. Həmin texniki qurğuda müayinədən keçən bir neçə nəqliyyat vasitəsində atmosferə normadan artıq zəhərli qazın atılması faktı aşkarlandı. Bu barədə də polis baş serjantı Adil İsmayılov məlumat verərək bildirdi ki, indicə saxladığım və barəsində tədbir gördüyüm nəqliyyat vasitəsindən atmosferə normadan artıq zəhərli qaz atılırdı. Adil İsmayılov onu da bildirdi ki, nəqliyyat vasitələri arasında ən çox atmosferə zəhərli qazların atılması Sovet və Rusiya istehsalı olan avtomobillərlə əlaqədardır. Gün ərzində 2-3 belə nəqliyyat vasitəsində atmosferə normadan artıq zəhərli qazın atılması faktları üzə çıxır.

Tağım əməkdaşlarından biri isə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən sürücü barəsində ölçü götürdü. Aydınlaşdı ki, xarici avtomobili idarə edən sürücü spirtli içki qəbul edibmiş. Həkim rəyi əsasında tam aydınlaşıb ki, həmin sürücü orta dərəcəli sərxoş imiş.

1-ci tağımın əməkdaşlarından Tusi Bayramzadə, Emin Əsədov, Adil İsmaylov, Əli Rzayev, Anar Hümbətov, Elxan Həsənov, Elçin Mütəllimov, İbrahim Hacıbalayev, Əkbər Mahmudov keçirilən reydlər zamanı çox fəal mövqe tutur və qanunu pozan sürücülər barəsində lazımi tədbirlər görürlər.

Birinci tağımın komandiri, polis mayoru Ürfət Şükürov bizimlə söhbətində bildirdi ki, son vaxtlar əməkdaşlarımız kobud qayda pozuntularına qarşı mübarizəni daha da gücləndiriblər. Havaların get-gedə istiləşməsi ilə əlaqədar olaraq xidməti bir qədər də qüvvətləndirmişik. Çünki xidmət apardığımız Bakı-Quba avtomobil yolunun elə istiqamətləri var ki, həmin yerlərdə fəaliyyətimiz gücləndirilməlidir. Xüsusən Ceyranbatan və Sümqayıt şəhəri istiqamətində yol patrul xidməti əməkdaşlarımız sütkanın 24 saatı ərzində daha diqqətli olurlar. Xırdalanda yeni yerüstü keçidin istifadəyə verilməsi piyadaların təhlükəsizliyini əsaslı surtədə təmin edib. Əvvəllər həmin yerdə piyadaların vurulması halları tez-tez baş verirdi. Təbii ki, bu cür təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi həm piyadavurma hallarının qarşısını alır, həm də yol-nəqliyyat hadisələrinin aşağı enməsinə koməklik göstərir. Bir faktı da qeyd edim ki, həyata keçirilmiş proflaktik tədbirlər nəticəsində son vaxtlar ağır qəzaların sayı əvvəlki vaxtlarla müqayisədə azalıb, ölüm və yaralanma faktları aşağı enib.

Yaz və yay mövsümü ilə əlaqədar olaraq Bakı-Quba avtomobil yolunda istirahət zonalarına gedənlərin sayı daha da çoxalır. Deməli, hərəktin intensivliyi həm yol polisindən, həm də sürücülərdən yüksək məsuliyyət tələb edir. Yəni yol polisi hərəkətin təhlükəsizliyini təimn etdiyi kimi, sürücülər də yol hərəkti qaydalarına əməl etməlidilər. Bu isə o deməkdir ki, hər hansı sürücü ailəsi, sərnişini ilə mənzilbaşına sağ-salamat çatar və geriyə də sağ-salamat dönər.

Reyddə iştirak edirdilər: Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru; Rasim Əliyev – 1-ci tağımın baş inspektoru, polis leytenantı; Sakin Vəliyev – 1-ci tağımın baş inspektoru, polis leytenantı; Adil İSMAYILOV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Emin Əsədov- 1-ci tağımın inspektoru, polis baş serjantı; İslam CƏFƏROV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı