ANA SƏHİFƏ / ŞOU-BİZNES

Dünya ulduzları Bakıda konsert verəcək

14456    |   2017-06-14 16:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dənizkənarı bulvar ərazisində yerləşən əyləncə zonlarında keçiriləcək konsert proqramlarında dünya ulduzları ilə yanaşı yerli gənc istedadlar da çıxış edəcəklər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2017 Formula 1AzərbaycanQran Prisini izləməyə gələn tamaşaçılar üçün dördgünlük geniş əyləncə proqramı hazırlayıb.

Proqramın detalları artıq tam müəyyənləşib. Belə ki, əyləncə proqramı 22-25 iyun tarixlərini əhatə edir və proqramda nəzərdə tutulan bütün tədbirlər dənizkənarı bulvar ərazisi ilə yanaşı Sahil və Sabir parklarında yerləşən əyləncə zonalarında baş tutacaq. Əyləncə proqramı 22 iyun tarixində saat 14:00-dan 22:00-dək davam edəcək, 23-25 iyun tarixlərində isə səhər saat 10:00-da başlayıb axşam saat 23:00-da başa çatacaq.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yarışın bayram əhval-ruhiyyəsində keçəcəyini bildirib: "Biz bu il 2017 Formula 1 Azərbaycan Qran Prisinin tamaşaçıları üçün ötən illə müqayisədə daha geniş və daha məzmunlu əyləncə proqramı hazırlamışıq. Eyni zamanda müxtəlif günlərə və zonalara fərqli qiymətlərə biletlər təklif edirik. Məqsədimiz balacadan böyüyə, hər kəsin yarış həyəcanını yaxından yaşamasını təmin etməkdir.

Artıq yarış həftəsonuna 10 gün qalıb və son günlər ərzində yerli sakinlər yarışa daha çox maraq göstərirlər. İnanırıq ki, Formula 1 və Formula 2 yarışlarını izləməyə gələnlər yarışla yanaşı günboyu müxtəlif əyləncə proqramları ilə unudulmaz həftəsonu keçirəcəklər. Hamını bir daha yarışı bizimlə birlikdə izləməyə dəvət edirəm. Gəlin, yarış həyəcanını və əyləncə coşğusunu bir arada yaşayaq və yay tətilinə gözəl anlarla başlayaq.”

Dünya ulduzları

Dənizkənarı bulvar ərazisində salınmış böyük səhnədə dünya ulduzlarının iştirakı ilə canlı konsert proqramları baş tutacaq. İyunun 23-ü dünyaca məşhur türkiyəli müğənni Tarkan, iyunun 24-ü dünya ulduzlarından Nikol Şerzinger və The Black Eyed Peas musiqi qrupu və nəhayət iyunun 25-i musiqi dünyasında əvəzolunmaz xidmətləri olan Meraya Keri səhnəyə çıxacaqlar. Axşam saatlarında baş tutacaq bu konsertlərdə dünya ulduzları ən çox sevilən ifalarını səsləndirərək Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar.

Tanınmış yerli musiqi qrupları

Yarışı izləməyə gələn tamaşaçılar Azərbaycanın gənc istedadlarının ifasında müxtəlif yerli və xarici mahnıları dinləyərək gözəl vaxt keçirə biləcəklər. Dənizkənarı bulvarda yerləşən Formula 1 şəhərciyi və Azneft zonasında səhnəyə çıxacaq bu ifaçılar indiyədək bir sıra yerli və xarici festivalların iştirakçıları olublar.
Azərbaycanı bu il Ukraynanın Kiyev şəhərində keçirilmiş Avroviziya müsabiqəsində "Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyevanın (Dihaj) rəhbərliyindəki musiqi qrupu 23-25 iyun tarixlərində dənizkənarı bulvar ərazisində yarış həvəskarlarının qarşısına çıxacaq. Vilnus, Amsterdam və Tbilisidə baş tutmuş festivallarda uğurla çıxış edib. Dihaj "İlin debütü” nominasiyasına Gürcüstanda keçirilmiş "Caucasian Music Award Phoenix” beynəlxalq musiqi festivalında yiyələnib.

2007-ci ildə keçirilmiş "Yeni Ulduz” müsabiqəsinin qalibi Çingiz Mustafayev başçılıq etdiyi "Palmas” musiqi qrupu ilə birlikdə 22-24 iyun tarixlərində Formula 1 azarkeşləri üçün ən çox dinlənən ifalarını səsləndirəcək. 2009-cu ildən bəri fəaliyyət göstərən "Palmas” qrupu indiyədək bir sıra ölkələrdə, o cümlədən İspaniya, Rusiya və Ukraynada baş tutmuş festivallarda iştirak edib.

Anar Keytarman rəhbərlik etdiyi musiqi qrupu ilə birlikdə 22-24 iyun tarixlərində müxtəlif növ musiqi nümunələri ifa edərək yarış həvəskarlarının əyləncəsinə zövq qatacaq. Qrup öz mahnıları ilə yanaşı "Beatles”, "Sting”, "Vivaldi”, "Bach”, "Bob Marley”, "Herbie Hancock” və "James Brown”-un repertuarından müxtəlif janrlara məxsus mahnıları da səsləndirəcək.

Nərdivan adamın şousu

Azərbaycanlı sirk ustası və 2015-ci ildə ABŞ-da keçirilmiş istedadlar yarışmasının finalçısı Üzeyir Novruzov Azərbaycan Qran Prisini izləməyə gələn tamaşaçılara nərdivanla möhtəşəm şou nümayiş etdirəcək. ABŞ, Fransa, Almaniya və İtaliyada müxtəlif televiziya verilişlərində öz məharətini ustalıqla nümayiş etdirmiş Ü.Novruzov 2016-cı ildə nərdivan üzərində ən çox dayanan adam ünvanını əldə edərək Ginnesin Rekordlar Kitabına düşüb. Üzeyirin Bakıdakı şousu 23-25 iyun tarixlərində Formula 1 şəhərciyində quraşdırılmış kiçik səhnədə müxtəlif saatlarda baş tutacaq.

Bakının ən tanınmış DJ-ləri

Bakıda yerləşən bir çox məşhur əyləncə mərkəzinin davamlı iştirakçılarından olan tanınmış DJ-lərdən REEF, Bikoo, George Effe və Twist bilet sahiblərinə yarışdan kənarda əyləncə dolu anlar yaşadacaqlar. DJ REEF 22-25 iyun tarixlərində Formula 1 şəhərciyi və Konsert Arenasında, DJ Bikoo 22-24 iyun tarixləri ərzində Azneft zonasında, George Effe 23-25 iyun tarixlərində İçərişəhər zonasında və DJ Twist 23-25 iyun tarixləri ərzində Sahil parkında yerləşən zonada çıxış edərək Formula 1 azarkeşlərinə zövqlü əyləncə təqdim edəcəklər.

Qeyd edək ki, bu il 23-25 iyun tarixlərində Bakıda növbəti dəfə baş tutacaq Formula 1 yarışını yerində canlı izləmək istəyən azarkeşlərə müxtəlif qiymətə biletlər təklif olunur. Yarış həvəskarları Azərbaycan Qran Prisinə olan biletləri şəhərin kassalarından əldə edə bilərlər. Biletləri BŞH-nin rəsmi veb-saytından sifariş etmək də mümkündür: www.bakucitycircuit.com



İmza:
SON XƏBƏRLƏR
2017-08-23
2017-08-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tağı Mamedlə söhbət edir.
Tağı:
- Məntiq nədi?
Mamed: - Sən evdə balıq saxlayırsan?
Tağı: - Hə.
Mamed: - Deməli, təbiəti sevirsən, təbiəti sevirsənsə ailəni sevirsən, ailəni sevirsənsə, demək kişi adamsan, bax məntiq budur.
Tağı Mameddən aralanıb evinə gələndə yolda qonşusu ilə rastlaşır:
- Qonşu, sən evdə balıq saxlayırsan?
- Yox.
Tağı: - Məntiqlə baxanda demək sən kişi deyilsən.




digər lətifələr
ARXİV
FACEBOOK