ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yazarların "Son Zəng" Xatirələri - SORĞU

31953    |   2018-06-16 12:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uşaqlıqdan hər kəs müstəqil olacağı günü səbirsizliklə gözləyir. Məktəb illərini başa vuraraq buna nail oluruq. Sevimli müəllimlərimiz, uşaqlıq həyəcanları, ilk məhəbbət məktəb divarları arasında qalır. Ancaq həmin illər, son zəng hər kəsin həyatında önəmli yerlərdən birini tutur. Kimisi o illəri nostalji ovqatda, kimisi də xoş xatirələrlə xatırlayır.

Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatdı və bütün ümumi təhsil müəssisələrində "Son zəng” çalındı.

Adalet.az yazıçı, şairlərə sorğu ünvanlayıb – "Son zəng”i necə xatırlayırsınız?


Yazıçı Səfər Alışarlı: "Mənim son zəngim olmayıb. Kənddə 8-ci sinfi bitirib Bakıya gəlməyim, təxminən günorta dərsdən çıxıb çölə camış otarmağa getməyim kimi bir şey olub. Buna görə heç zaman heyfsilənməmişəm. Oxuduğum məktəbin xarabalıqlarını, camış otardığım çölləri indi də kəndə gedəndə dərin qüssə ilə ziyarət edirəm.


Yazıçı Nəriman Əbdülrəhmanlı: "Çox işıqlı bir gün kimi. Həm də həddən artıq həyəcanlı idim, sevincimdə kövrəklik vardı. Sevinirdim ki, orta məktəbi bitirmişəm, ali məktəbə getmək imkanım olacaq, amma həm də məktəbdən, sevimli müəllimlərimdən ayrılmaq asan deyildi. Gül-çiçək də oldu, köynəkləri yaxmaq da, sonra yığışıb məclislə qeyd elədik. O vaxtdan düz 42 il keçib. İndi də sinif yoldaşlarım Bejən Məmmədov, Avtandil Bayramov, Muraz Alıyev, Dilan Məmmədov, Lətif Hüseynov, Ələsgər Seyidovla tez-tez bir yerə yığışır, məktəb illərini və son zəngi xatırlayırıq.”


Yazıçı Varis Yolçuyev: "Həyatımdakı ən işıqlı günlərdən biridir. Müstəqil olmaq, böyük həyata atılmaq istəyim çox böyük idi onda. Məktəbdən ayrılmaq çətin olsa da, məktəb sanki bir yeniyetməlik buxovu idi, ondan qopmaq lazlm idi ki, gəncliyə qovuşasan. 8 oğlan idik, 17 qız. Sahildə tonqal qalamağımız, rəqs eləməyimiz, əks səda doğuran gülüşlərimiz, sevgi dolu qəlblərin gecə ayazında titrəməsi, sabahkı uğurlara olan bir dünya ümid seli, gecəni səhərə adladıb günəşi qarşılamağımız. İnsanın həyatında ən çox böyüdüyü gündür son zəng günü."


Yazıçı Azad Qaradərəli: "Mən Mincivan adlı qəsəbədə oxumuşam orta məktəbi. Buranı yazılarımda bizim rayonun Parisi adlandırıram. Yəni yeniliyə açıq bir qəsəbə idi. 1971-ci ildə son zəng günü yaxşı yadımdadır. Mən məktəbin "şairi" kimi tanınırdım artıq. Təmsillər, şeirlər yazırdım. Məktəbin komsomol təşkilat katibi mənə də söz verdi. İndi gülünc görsənə bilən melanxolik bir şeir oxudum. Sonra biz rəhmətli sinbif rəhbərimiz Fərzəli müəllimlə birgə gedib qəsəbənin ayağındakı bağlarda gəzişdik. Səhv etmirəmsə orada yeyib-içdik də. Gərək ki, arağımız da vardı. Əlbəttə bunu müəllimimizdən gizlin etdik. Axşamacan gəzdik. Bir-birimizə arzularımızı bildirdik. Uşaqlardan deyəsən dalaşanı da oldu. Nəysə, indi çox dumanlı xatırlayıram. Amma həmin gün ilk dəfə azadlığın dadını çıxartdıq.


Yazar, şairə Sevinc Elsevər: "İndiki Slavyan universitetinin liseyini bitirmişəm. Slavyan universitetinin bufetində keçirmişdik son zəngi. Məktəbimizdə o vaxt ancaq 9, 10, 11-ci sinif şagirdləri təhsil alırdı. Birinci sinif şagirdləri yox idi. Biz birrincilərə hədiyyə, onlar bizə gül verə bilmədi. İndi baxıram hamı son zəngdən yazanda məhz mərasimin bu hissəsini vurğulayır. Mən heç bir birinciyə hədiyyə vermədən məzun oldum) Son zəngdə meyxana deyirdim oğlanlara qoşulub. O da yadımdadı. Hamıya qəribə gəlmişdi. Uzun ətək geyinmiş qız əlində mikrofon meyxana deyir."


Yazar Ayxan Ayvaz: "İndi də öz çıxışım yadıma düşəndə gülürəm. Camaatın baxışlarının qabağında onun gözlərini axtarırdım. Əlimdə mikrafon dayanmışdım. Bu vaxt onun bir neçə qızla tünlükdən uzaqlaşdığını görəndə tez sözə başladım: "Biz bu məktəbdə hər şeyi öyrəndik. Ən əsası sevməyi. İlk sevgimiz də burda başladı”. Qızlar geri çönüb baxdılar. Ürəkləndim, çıxışıma daha obrazlı cümlələr əlavə elədim. Qız gülürdü, ancaq bu ələ salmaq gülüşü idi. Yadıma düşür, gözüm zəifləmişdi, eynək taxmışdım ilk dəfə. Məktəbin qabağında qarşılaşanda eynən bu cür gülmüşdü, ondan sonra bir də eynək taxmadım. 

Son zəngin rəsmi hissəsi bitdikdən sonra əyləncə başladı. Bizim sinif rəhbəri idman müəllimi idi və tədbirimiz də idman zalında baş tutdu. Şirniyyat, sok, bir də musiqi. Amma kefim və iştaham yox idi. Oğlanlara dedim ki, gəlin çıxaq gəzək.

O gün ilk dəfə siqaret çəkdim. Yaxınlıqdakı mağazadan araq, kolbasa, xiyar turşusu, çörək alıb parka getdik. Qaş qaralanda gözümdən yaş süzüldü. Ancaq heç kim görmədi, tez qolumla sildim. Qaranlıqda bulanıq adamlara baxırdım. Onların ayaq səslərinə Son zəngin səsi qarışmışdı..."


Yazar Günel Natiq: "Son zəngə ciddi-cəhdlə hazırlaşırdım. Xüsusilə birincilərə gözəl hədiyyə alıb onları sevindirmək istəyirdim. Çünki mən birinci sinfi başa vuranda mənə verilən hədiyyə ürəyimcə olmamışdı və evdə uzun-uzun ağlamışdım. Yalnız anamın hədiyyəsindən sonra (mənə ağ önlük almışdı) toxtamışdım. Doğrusu, indi birincilərə nə aldığım yadıma gəlmir, deyəsən oyuncaq idi... Önlüklərimizin üstünü yazdırmağımız xüsusi mərasim idi. Bir-birimizin önlüklərinin üstünə arzularımızı yazır, şəkillər çəkirdik... İndiyə qədər dəyərli yadigar kimi həmin önlüyü saxlayıram... Bir də ən yaddaqalan özəlliklərdən biri bu idi ki, ilk dəfə məktəb formasını çıxarıb gənc qız kimi geyinmişdik...Son zəngi məktəbdə qeyd etdikdən sonra bulvara getdik. Əsl "mərəkə” burdaydı. 5-10 addım getməmiş bizi dairəyə salır, şeir söyləməyi, ya da rəqs etməyi tələb edirdilər. Dairəyə düşməmək üçün dəstə halında gedir və bir-birimizdən uzaqlaşmağa qorxurduq. Bu səbəbdən son zəngi gəzintisi kefimizi qaçırdı, istədiyimiz kimi şənlənə bilmədik. Amma son zəng bütün yaxşılı-pisli xatirələriylə yenə də unudulmazdır...


Yazar Dilqəm Əhməd: "Öncə sinfimizdə bir tədbir keçirdik. Sinif rəhbəri hamımızı təbrik etdi. Sonra məktəbin həyətində ümumi tədbir keçirildi. Ənənəyə uyğun olaraq ağ köynəklərimizə arzular yazıldı. Ən əsası isə sevdiyimiz qızdan gələn arzular idi. Köynəyin cib hissəsinə ürək şəkli çəkib oraya yazdırmışdım. Daha sonra isə kafeyə getdik. Xüsusi başqa yaddaqalan çox şey yoxdur".


Şair Hikmət Orhun: "Son zəng günüm xüsusi bir şeylə yadda qalmayıb, amma bir detal var ki, hər ağlıma gələndə üzümü güldürür: Birinci sinif şagirdi mənə gül bağışlamışdı, əlimdə gəzdirməyə hövsələm çatmadı. Böyrümdə dayanan sinif yoldaşıma uzatdım. Qız gülü görəndə şoka düşdü. Sonra dedi, elə bildim, evlilik təklif edirsən; çünki boş dərslərdə ona şeirlər oxuyurdum, saçlarını-filan oxşayır, öpürdüm.


Yazar Çinarə Ömray:"Mən qaçqın məktəbində oxumuşam orta məktəbi. Son zəngim də orda olub. Xatırladığım odur ki, məktəbin həyətindəki tədbir bitəndən sonra Qubaya gedəcəkdik. Atam icazə vermədi. Bir də köynəyimin üstünə bir- birimizə arzularımızı yazırdıq. Bizdə çox zəif oxuyan bir dostumuz var idi o yazmışdı ki, "həmişə xoşbəxt olmuyasan". Köynəyimin üstü çeşid-çeşid arzularla dolu idi. Amma niyəsə bir onun yazdığı arzu həyata keçdi.”



İmza:Oğuz Ayvaz
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK