adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Iyun 2017 17:02
6297
MƏMLƏKƏT
A- A+

Minskdə ikinci Azərbaycan-Belarus elmi konfransı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ötən illərdə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu ilə uğurlu əməkdaşlıq edib. Həmçinin fond Belarusun Azərbaycandakı səfirliyi ilə də daim ünsiyyətdə olub. Bu ilin martında Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç EİF-də olarkən iki ölkənin alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdiriləcəyinə hər cür dəstək göstəriləcəyi barədə razılığa gəlinib. Belarusun Azərbaycandakı səfirliyindən fonda daxil olan rəsmi məlumata əsasən, EİF-in irəli sürdüyü təşəbbüs üzrə əldə edilən razılaşmalar artıq reallaşmaq üzrədir.

EİF-dən AZƏRTAC-a bildiriblər ki, 2017-ci ilin oktyabr-noyabr aylarında Minskdə tərəflərin təşkilatçılığı ilə ikinci Azərbaycan-Belarus elmi konfransının keçirilməsi qərara alınıb. Konfransda birgə qrant layihələri üzə alınan nəticələrin xüsusi müzakirəsi planlaşdırılır.
Belarus alimlərinin elmi nailiyyətlər sərgisi isə 2018-ci ildə Bakıda təşkil ediləcək.

Hazırda 2017-ci ildə elan olunan ikinci Azərbaycan–Belarus birgə beynəlxalq qrant müsabiqəsi üzrə daxil olan layihələrin elmi ekspertizası işi həyata keçirilir və nəticələrin cari ilin sentyabrında açıqlanması nəzərdə tutulur.

Azərbaycan ilə Belarus arasında siyasi və iqtisadi sahələrdə olduğu kimi, humanitar sahədə də əməkdaşlıq yeni dövrün tələblərinə uyğun olaraq qurulub, müvafiq sazişlər imzalanıb. Elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə qısa müddətdə iki ölkənin fondları tərəfindən birgə müsabiqələr keçirilib.