adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Iyun 2017 15:14
3231
GÜNDƏM
A- A+

Müsəlmanlar Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

"Bu fürsətdən istifadə edərək, Sizinlə görüşmək üçün dəyərli vaxtınızın bir hissəsini bizə ayırdığınıza görə bütün müsəlman səfirlər adından Zati-alinizə səmimi təşəkkürümüzü bildirirəm. Cənab Prezident, qeyd etmək yerinə düşərdi ki, Sizin sayənizdə bu cür görüşlər müsəlman ölkələrini bir-birinə bağlayan qardaşlıq tellərini möhkəmləndirmək və inkişaf etdirməkdə qətiyyətinizi əks etdirən xoş bir ənənəyə çevrilib”.

Adalet.az-ın xəbərinə görə, bunu Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nəsir Əbdül Rəhim Prezident İlham Əliyev tərəfindən keçirilən qəbulda deyib.


Onun sözlərinə görə, bu gün keçirilən görüş xüsusi ilə əhəmiyyətlidir, çünki o, "İslam Həmrəyliyi İli”ndə və ilhamlandırıcı hisslər oyatmış möhtəşəm IV İslam Həmrəyliyi Oyunlarından sonra keçirilir:

"Hamımız bu Oyunlardan fəxr hissi duyduq və eyni zamanda, biz müsəlman dəyərlərinə uyğun olaraq, sülh, idman və harmoniya mesajını qəbul etdik və yaydıq. Bu mübarək ay ərzində bütün müsəlmanlar İslamın ülvi dəyərlərini xatırlayır, öz qəlblərini və düşüncələrini paklandırır, onları birliyə, sülhə, əxlaqi dəyərlərə və mərhəmətə xidmət etməyə yönəldir, qərib və ehtiyacı olan insanlara daxilimizdə xeyriyyəçilik hissələrini oyadır, bir-birimizin günahlarını bağışlayır, qardaşlıq ruhunda ümumi taleyimizi birgə dərk edərək, sülh, həmrəylik və firavanlıq naminə bir yerə toplaşırlar”.

Səfir bildirib ki, Azərbaycan Respublikasının nisbətən gənc olmasına, müstəqilliyinin başlanğıcında bir çox təhdidlərin olmasına baxmayaraq, onlar ölkə rəhbərliyinin müdrikliyi və uzaqgörənliyi sayəsində həll edilib. Azərbaycan həmin mərhələləri uğurla keçmiş və özünün qədim İslam irsini və mədəniyyətini qürur hissi ilə qoruyaraq, gələcəyə doğru qətiyyətlə addımlayan və müasirliyə qovuşan, inkişaf edən dövlətə çevrilib:

"Bu qardaş ölkədə müsəlman səfirlər güclü inkişafın şahididirlər. Ölkəniz inanılmaz sürətlə güclü inkişafı, yenilənməni, islahatları və bir çox sahələrdə uğurlu dəyişiklikləri təmin etmişdir. Müsəlman ümmətinin ayrılmaz və mühüm üzvü olan Azərbaycan işğal olunmuş müsəlman əraziləri - Əl-Qüds Əl-Şərif kimi məsələlərdə haqq işini dəstəkləməklə İslamın əsl ruhunu və mesajını özündə əks etdirir. Bu gün ölkəniz bir çox çağırışlara qarşı göstərilən ümumi səylərin ön cərgəsindədir. Onlardan biri islamofobiya kimi cəfəng fikirlərlə bağlıdır. Siz bu mübarizəni düşünülmüş şəkildə, danılmaz mədəni, tarixi və dini əsaslarla aparırsınız, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mövzusunda Bakıda bir çox mühüm beynəlxalq konfranslar keçirirsiniz. Beləliklə, fərqlərin aradan qaldırılması, sivilizasiyaların toqquşması kimi yanlış arqumentin rədd edilməsi, İslamın bəşəriyyət irsinin qorunub saxlanılmasında oynadığı tarixi rolunun təqdim edilməsi, insan biliyinin və mədəniyyətinin bütün sahələrdə onun Qızıl dövründə verilmiş dəyərli töhfələrin təşviq edilməsi üçün böyük səylər göstərirsiniz.

Şübhəsiz ki, Azərbaycan İslamın əsl ruhunu əks etdirən, sülhün, inklüzivliyin, tolerantlığın əsas yer tutduğu ən nümunəvi məkanlardan biridir. Burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yan-yana yaşayırlar. Onlar ölkənizdə bir-biri ilə harmoniyada çalışmaq imkanına malikdirlər. Beləliklə, bütün dünyadan gəlmiş qonaqlar ölkələrinə Azərbaycan və İslam haqqında təsəvvür etdikləri imici müsbət qaydada daha yaxşı qavrayaraq qayıtdılar”.

Səfir əlavə edib ki, müsəlman aləmi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, ölkənizin tərəfindədir və beynəlxalq hüququn, BMT-nin bütün qətnamələrinin ayrı-ayrı deyil, bərabər qaydada həyata keçirilməsi çağırışına qoşulur:

"Bu müqəddəs ayda, cənab Prezident, biz arzu edirik ki, işğal olunmuş bütün müsəlman əraziləri və müqəddəs məkanlar yaxın vaxtlarda öz əsl sahiblərinə qayıtsın. Arzu edirik ki, dağıntı və terror yayaraq, İslamın adını ləkələyən pis əməllərə və səhv düşüncələrlə yaşayan məkrli qüvvələrə ümmətimiz qalib gəlsin, doğma ölkələrimizin üzərindəki qara buludlar dağılsın, fərqləri bir kənara qoyaraq, qardaş ölkələrimizdə sülhün və harmoniyanın bərqərar olunması naminə innovasiya, irəliləyiş sayəsində insan sivilizasiyasına ən dəyərli töhfə verən tərəf kimi özünün layiqli yerini bərpa etsin. Zati-aliləri, müsəlman səfirlər və missiya rəhbərləri adından Sizə və ailənizə möhkəm cansağlığı, səadət və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh, irəliləyiş və firavanlıq arzulayıram. Allah Azərbaycanı qorusun! Allah İslam ümmətimizi qorusun! Sağ olun, cənab Prezident!”.