adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Iyun 2017 18:04
4085
GÜNDƏM
A- A+

Azərbaycan QDTİB-lə əməkdaşlığı genişləndirir

Bu gün maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla QDTİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, real sektorla birbaşa əməkdaşlığa üstünlük verən bankın bu sahənin inkişafı məqsədilə müxtəlif layihələrə, o cümlədən ticarəti maliyyələşdirmək üçün verdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.

Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsini təmin etmək üçün prezidentİlham Əliyevtərəfindən hökumət qarşısında mühüm vəzifələr qoyulduğunu deyən S. Şərifov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaq üçün bankın öz töhfəsini verməkdə davam edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində İhsan Uğur Delikanlı etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində QDTİB-nın bundan sonra da hökumət ilə uğurlu əməkdaşlığı davam etdirəcəyini bildirib.

Qeyd edək ki, QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Hazırda Bankın nizamnamə kapitalı 3,45 mlrd. avro, səhm kapitalı isə 2,29 mlrd. avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5% paya malikdir. Bank Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 359 mln. avro məbləğində kredit ayırıb ki, bu da bankın əməliyyatlar portfelində 8,4% təşkil edir.