adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Iyun 2017 16:14
121184
MƏMLƏKƏT
A- A+

İLAN VURAN ALA ÇATIDAN QORXAR

Hər il yaz və yay mövsümü gələndə insanların ilanla bağlı problemləri də bir qədər artır, çoxalır. Çünki elə ilanlar da isti havaları xoşlayır, özlərini günə vermək üçün kol-kosun, otun arasında qıvrılıb yatırlar. Təbii ki, ilan da bir canlıdır və o da havaların istisindən bəhrələnmək istəyir. Bir də ki, bütün canlılar yaşamaq uğrunda mübarizə aparır. O cümlədən ilanlar da özlərinə sərfəli yerlər axtarırlar.

Yayın istisində bir də görürsən ki, lap avtomobil yolunun ortasında bir ilan qıvrılıb yatıb. O qədər yolda ilanların maşınlarla vurulması hadisələrinə rast gəlmişik ki. Aydındır ki, ilan bayaq dediyimiz kimi, özünə sərfəli yerlər axtarır. Və onlar ən çox insanların məskən saldığı, yaşadığı, işlədiyi sahələrə gəlib çıxırlar. Bax, bu zamanda elə insanlar bir çox problemlərlə üzləşməli olurlar.

Kənd yerində yaşayanlar ilanlarla rəftar etməyi bir qədər daha yaxşı öyrəniblər. Başqa sözlə demiş olsaq, əkin-biçinə gedən insanların əksəriyyəti təsərrüfatlarla işləyərkən bir növü ehtiyatı əldən vermirlər. Yəni onlar ya uzunboğaz çəkmə geyirlər, ya da başqa təhlükəsiz vasitələrdən istifadə edirlər. Belə olanda isə ehtiyatlı davranan insanlar ilanları onları çalmasından özlərini qoruya bilirlər.

Amma gəlin onunla razılaşaq ki, bəzi insanlar isə istər həyətyanı sahədə, istərsə də örüşdə, çöldə təsərrüfat işləri ilə məşğul olarkən ehtiyatsızlıq edirlər. Məsələn, ot çalan adam ayağının altına baxmır və onun ayağının altında qalan ilan onu vurur. Yaxud həyət-bacada odun yığan, tərəvəz məhsulu dərən hər hansı bir insan da əlini həmin yerə apararkən diqqət yetirmir və bu vaxt orda qıvrılıb yatan ilan onu çalır. Görürsünüzmü, hər iki məqamda diqqətsizlik üzündən ilanvuram halları baş verir.

Respublika Klinik Mərkəzin toksikologiya şöbəsindən aldığımız məlumata görə, iyun ayının 13-nə qədər onlarla ilanvurma halları qeydə alınıb. Həkimlərin müdaxiləsindən sonra onların həyatını xilas etmək mümkün olub. Amma elə xəstələr də var ki, vaxtında tibbi yardım göstərilmədiyinə görə xəstəxanaya gətirilsə də, durumları orta-ağır qiymətləndirilir.

Gəlin onunla razılaşaq ki, insanların bu sahədəki maarifləndirmə ilə bağlı müəyyən çətinlikləri var. Yəni onlar çox vaxt bilmirlər ki, ilan vuran adama ilkin yardım necə göstərilməlidir. Elə məhz bir çox ağırlaşma halları da həmin anlarda baş verir. Xəstəyə kömək göstərmək istəyən adam bilmir ki, ona necə əl tutsun. Təbii ki, öncə həmin xəstənin yarası spirtlə, ya da yodla təmizlənməli və təcili həkimə çatdırılmalıdır. Xəstəxanada isə operativ olaraq ilan zəhəri əleyhinə zərdab vurulmalıdır. Əgər bu məsələlər vaxtında həll edilirsə, xəstənin həyatını xilas etmək o qədər də çətin olmur.

Bir çox halda isə rayon yerlərində ilan zəhəri əleyhinə zərdablar çətin tapılır. Yaxud da həmin zərdabın keyfiyyətsizliyi üzündən xəstənin vəziyyəti ağırlaşır. Onda hərəkətə gəlirlər ki, çətin durumda olan pasiyenti Bakıya aparmaq fikrinə düşürlər. Təbii ki, hər hansı xəstəxanaya vaxtında çatdırılan pasiyentin həyatını xilas etmək bayaq dedyimiz kimi asan olur.

Respublikamızda ilanlar ən çox isti rayonlarda görünürlər. Onlar əkin-biçin, pambıq, üzüm, taxıl sahələrində və eləcə də kol-kos arasında daha çox olurlar. Kürdəmir, Zərdab, Ucar, Yevlax, İmişli, Sabirabad, Hacıqabul rayonlarında zəhərli ilanlara daha tez-tez təsadüf edilir. Ümumiyyətlə, respublikamızda ən təlükəli zəhərli ilan gürzələr sayılır. Gürzənin zəhəri insan həyatı üçün çox təhlükəlidir. Sovet dönəmində Zirədə fəaliyyət göstərən istehsalat sahəsində zəhərli ilanlar tutulub gətirilərək onların zəhəri alınır və dərman kimi hazırlanırdı. Çox təəssüf ki, müstəqillik dövründə bu məsələlər nədənsə arxa plana keçib. Hansı ki, dünya bazarında bir qram ilan zəhərinin qiyməti 1 qram qızıldan dəfələrlə bahadır. Təəssüf ki, bu gəlirli sahəyə bir o qədər diqqət yetirmir. Amma ümid edirik ki, vaxt gələcək ölkəmizdə əvvəllər olduğu kimi ilan zəhərinin istehsalı baş tutacaq.

İlanın ağına da lənət, qarasına da. Deyirlər ki, biri var zəhərli ilan, biri də var zəhərsiz ilan. Ancaq ilan deyəndə son dərəcə qorxulu və təhlükəli bir sürünən adamın gözünün önünə gəlir. İnsan var ki, canavardan, şirdən, pələngdən qorxmur, amma ilandan çox qorxur. Bilmirəm, bu nə dərəcə doğrudu, amma bir onu bilirəm ki, ilan vuran adam elə ala çatıdan da qorxur. Ona görə də çöldə, bayırda, təsərrüfatda işləyərkən bu qorxulu heyvandan özünüzü qorumağa çalışın. Diqqətsiz bir hərəkət, ehtiyatsız bir addım sonda ilan vurması ilə nəticələnə bilər.

Havalar isə get-gedə daha da istiləşir. Havaların istiləşməsi isə ilanların sürü halında gəzməsinə və insanlara hücum etməsinə əlverişli şərait yaradır. Belə bir şəraitdə sadəcə olaraq insanlar maarifləndirilməli, onlara daha diqqətli və ehtiyatlı olmaq tövsiyə edilməlidir. Ən azından əkin-biçin işinə gedərkən uzunboğaz çəkmədən istifadə edilməlidir və hava nə qədər isti olsa belə ələ əlcək taxılmalıdır. Çünki şər deməsən xeyir gəlməz; birdən ilan ayağının altında qalar, yaxud da əlindən vura bilər. Bax onda onun zəhəri həmin adama bir o qədər də güclü təsir etməz.

Faiq QİSMƏTOĞLU