adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Iyun 2017 12:20
4496
MƏMLƏKƏT
A- A+

Bu il 164 mindən çox uşaq I sinfə gedəcək

2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.

Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatında qeyd edilib.

Məlumatda bildirilib ki, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.

Ölkədə hazırda 5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi üzrə göstərici 55 faiz olduğunu deyən Təhsil Nazirliyindən bildirilib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatəsinin 90 faizə çatdırılması strateji hədəf kimi irəli sürülüb.

Ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə olunub. IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb.

Hesabatda verilən məlumata görə, ötən tədris ilində 6 milyondan çox dərslik çap edilib: "2016- cı ildə ümumtəhsil məktəblərinin I, II, III, IV, V, VII və IX sinifləri üçün 261 adda 6 623 135 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib. Ölkənin ümumi təhsil məktəblərinin müəyyən sinifləri üçün nəzərdə tutulan dərsliklər və həmin dərsliklər üzrə hazırlanan metodik vəsaitlərlə bağlı ictimai rəy öyrənilir. Bunun üçün dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının "İctimai müzakirə” bölməsində yerləşdirilir. 2016-2017-ci tədris ilində 17 min nəfərə yaxın müəllim ixtisasartırma təhsilinə cəlb olunub. 500-dən çox bal toplayıb müəllim ixtisasını seçənlərin sayı 977 nəfər olub. 2016-cı ildə 500-dən yuxarı bal toplayan və müəllimlik ixtisasını I və ya II sırada seçən abituriyentlərin sayı 977 nəfər olub. Bu isə ötən ilə nisbətdə 40 faiz artım deməkdir”.