adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Iyun 2017 17:33
5506
MƏMLƏKƏT
A- A+

Bakıda 18-ci Dünya Su Konqresi keçiriləcək

Meksika Birləşmiş Ştatlarının Kankun şəhərində 16-cı Dünya Su Konqresi (WWC) keçirilib. Konqresdə iştirak etmək üçün "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksikada işgüzar səfərdə olub. 

Səhmdar Cəmiyyətin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, 16-cı Dünya Su Konqresi "Azərsu" ASC-nin də üzvü olduğu Beynəlxalq Su Resursları Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə dünyanın 100-dən çox ölkəni təmsil edən dövlət və özəl sektorun nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbər şəxsləri iştirak edib. Konqresdə suyun inteqrasiyalı idarə edilməsi, bu sahədə innovasiyalar və təcrübələr, su sektorunda informasiya mübadiləsi, qlobal miqyasda su ilə bağlı aktual məsələlər müzakirə edilib. Konqresin keçirildiyi günlərdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Beynəlxalq Su Resursları Assosiasiyasının prezidenti Patrik Lavarde, Dünya Su Şurasının prezidenti Benedito Braqa, Şuranın icraçı direktoru Tom Su, UNESCO-nun Su və ətraf mühit bölməsinin rəhbəri xanım Blanka Jimenos və digər rəsmi şəxslərlə görüşlər keçirmişdir. Görüşlərdə su sektoru ilə bağlı qarşılıqlı maraq kəsb edən aktual mövzular ətrafında fikir mübadilələri aparılıb. Konqresin yekununda elm və siyasətin əlaqələndirilməsini özündə ehtiva edən Kankun bəyannaməsi qəbul olunub. Təqdirəlayiq haldır ki, son illərdə Azərbaycan dövlətinin su sektoruna verdiyi diqqət və dəstəyi, bu sahənin dinamik inkişafını, 2017-ci ilin martında keçirilmiş 1-ci Bakı Beynəlxalq Su Həftəsini və digər göstəriciləri yüksək qiymətləndirən Beynəlxalq Su Resursları Assosiasiyası 2021-ci ildə 18-ci Dünya Su Konqresinin Bakıda keçirilməsi təşəbbüsünə müsbət yanaşıb.