adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Iyun 2017 15:33
19223
ELM VƏ TƏHSİL
A- A+

Amerikalı tələbələr Azərbaycan dilini öyrənəcəklər

İyunun 8-də Azərbaycan Dillər Universiteti (ADU) və ABŞ Dövlət Departamenti Amerika Şurasının birgə layihəsi olan CLS (Önəmli dil təqaüdü) proqramının təqdimat mərasimi keçirilib.

Bu barədə Adalet.az-a ADU-dan məlumat verilib.

Mərasimdə ADU-nun rektoru, professor Kamal Abdulla, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova, ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Pitersen, Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşıp, eyni zamanda, tələbələrə Azərbaycan dilini tədris edəcək müəllimlər iştirak ediblər.

Amerikalı tələbələri universitetdə görməkdən məmnun olduğunu deyən dosent J.Qəribova onların 8 həftə ərzində Azərbaycan xalqının mədəniyyəti, tarixi ilə daha yaxından tanış olacaqlarını, Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarət edəcəklərini söyləyib. Proqram çərçivəsində 8 amerikalı tələbənin 8 həftə ərzində Azərbaycan dili və mədəniyyətini öyrənmələrinin nəzərdə tutulduğunu bildirən J.Qəribova proqramın icrasında göstərdikləri dəstəyə görə ABŞ-ın ölkəmizdəki səfirliyinə və ABŞ konsulluğunun əməkdaşlarına təşəkkürünü bildirib.

Amerikalı tələbələri salamlayan Kamal Abdulla onları ADU-da görməkdən məmnun olduğunu deyib. O, 2003-cü ildə ABŞ-ın Kolumbiya Universitetində "Avrasiyaçılıq və onun tarixi perspektivləri” adlı mühazirə ilə çıxış etdiyini və bu ölkənin tarixi, mədəniyyəti haqqında onda xoş təəssüratların yarandığını deyib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli” elan olunduğunu qeyd edən K.Abdulla Azərbaycanın multikultural dəyərləri və mühitinin onun inkişafında önəmli aspekt olduğunu sözlərinə əlavə edib. O, amerikalı tələbələrin ölkəmizdə Şərqlə Qərbin mənəvi birləşməsinin şahidi ola biləcəklərini vurğulayıb və onların Azərbaycan dilinə yiyələnməklə ölkəmizin multikultural dəyərlərini, tarixini, psixologiyasını daha yaxından öyrənəcəklərini deyib. Amerikalı alim Noel Çomskinin məşhur "Dil yalnız strukturdan ibarət deyil” sözlərini xatırladan rektor dil vasitəsilə xalqın keçmişi və psixologiyasına nüfuz etməyin mümkünlüyünü qeyd edib.

ABŞ səfirliyinin müşaviri Emi Pitersen amerikalı tələbələrin universitetdə Azərbaycan dilinə yiyələnmələri üçün hər cür şəraitin yaradıldığını deyib. Müxtəlifliyi anlamağın məhz dil vasitəsilə mümkün olduğunu söyləyən E.Pitersen tələbələrə uğurlar arzulayıb.

Sonda K.Abdulla tələbələrə proqram çərçivəsində universitetdə olduqları müddət ərzində dəstək veriləcəyini, onların dilimizə yiyələnmələri üçün hər cür şəraitin yaradılacağını söyləyib və onlara uğurlar arzulayıb.