adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Iyun 2017 13:42
43619
ƏDƏBİYYAT
A- A+

Kitabxanalar bağlanır - YAZARLARIMIZIN MÜNASİBƏTİ

Kitab oxumaq, mütaliə insan zəkasının üfüqlərini genişləndirən, dünyagörüşünü artıran mənəvi xəzinədir. Hər bir ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvəti, onun tarixidir. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 154 kütləvi kitabxana bağlanıb.

Bu barədə Adalet.az yazıçı, şairlərin münasibətini öyrənib.


Yazıçı Səfər Alışarlı: "Buna münasibətim yaxşı olmasa da, təskinlik verən cəhət odur ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da kitabxanalar elektronlaşır və oxucu tələbatını ödəyə biləcək yeni elektron kitabxana modelləri yaranır. Məsələn, bizim Milli Kitabxananın elektron resursları zənginləşir, amma internet vasitəsilə mövcud fonddan tam istifadə imkanları hələ bir qədər məhduddur. Fikrimcə, bunların üzərində işləmək lazımdır.


Şair Aqşin Yenisey: "Əgər 154 kitabxana bağlanıbsa və ölkədə 154 oxucunun səsi eşidilmirsə və biz bu kitabxanaların bağlanmasını Statistika Komitəsinin şad xəbəri kimi eşidiriksə, deməli, düzgün qərardır. Dünyanın hər yerində insanlar pul qazanmaq üçün oxuyurlar, yazırlar. Kitab heç harda ictimai və intellektual xobbi deyil. Əgər bizim xalqın ən savadlı insanları ölkənin ən kasıb zümrəsidirsə, yaxud başqa ölkələrin elmi elitasında təmsil olunurlarsa, yaxşı edib bağlamışıq. Bu, bizim vətənə olan lirik-romantik sevgimizi zədələyəcək və biz qeyri-real vətəni real dünyaya dəyişəcəyik. Eynən hindlilər kmi. Bu gün süni beyin proqramlaşdırmasında inkişafı sürətinə görə Hindistan ilk yerlərdədir və bunun səbəbi amerikalılaşan hindli mütəxəssislərdir. Onlar ABŞ universitetlərində yığıdıqları təcrübəni Hindistana ötürürlər və nəticələr ABŞ-dan əvvəl Hindistanda tətbiq olunur. Əgər onlar Keralanın, yaxud Bombeyin ümidinə arxayın olsaydılar, indi hərəsi boşadıqları arvadlar başqa kişilərin xoşuna gəlməsin deyə sifətlərinə sulfat turşusu atan bir hind kişisi olacaqdılar. Amma ABŞ universitetləri onları bütün dünyanın alicənab kişilərinə çevirib. Biz də övladlarımızı dünyaya təhvil verməliyik, çünki onları özümüz böyütmək iqtidarında deyilik.”


Yazıçı Nəriman Əbdülrəhmanlı: "Münasibətim olduqca pisdir. Kitabxanalar milli mədəniyyətin göstəricilərindən biridir, heç bir elektron informasıya daşıyıcısı kitabı əvəz edə bilməz. Kitabxana bağlanırsa, deməli, ona rəhbərlik edən qurumlar öz vəzifələrini düzgün yerinə yetirə bilmir, böyüməkdə olan nəslin gələcəyinə zərbə vururlar. Bu çox narahatlıq doğuran haldır, cəmiyyətin diqqətini belə hallara qarşı yönəltmək lazımdır.”


Yazıçı Varis Yolçuyev: "Əgər 154 kitabxana hansı səbəbdən olursa olsun kütləvi şəkildə bağlanırsa, əvəzində o sayda yenisi açılmırsa, buna münasibət yalnız mənfi ola bilər, təbii ki."


Şair Cəlil Cavanşir: "Kitabxanaların bağlanmasını səmimi qəlbdən alqışlayıram. Bu qərarı verən kimdirsə xalqın taleyini və gələcəyini düşünür. O mübarək şəxsə uzun ömür, can sağlığı, sosial rifah, iqtisadi tərəqqi, beynəlxalq inkişaf arzulayıram. Təklif edirəm bağlanan kitabxanaların əvəzinə böyük kababxanalar tikilsin. Xalq yeyib-içib əylənsin. Kitabdan heç kəsə xeyir gəlməyib, gəlməz də. İnşəallah bu ramazandan istəmişəm bütün kitabxanalar bağlansın.”


Yazıçı Murad Köhnəqala: "Çox pis hadisədi. Bu, cəmiyyətimizdə alverçinin sənət adamını, tacirin ziyalını üstələməsinin simvolik göstəricisidi.”


Şairə Rəbiqə Nazimqızı: "Əslində, mən bir az başqa cür qoymaq istərdim məsələni - o kitabxanalar bağlananadək nə qədər adam oranı ziyarət edirdi? Demirəm, yaxşı addımdır, əlbəttə, pisdir. Amma bunu psiləməkdənsə, daha yaxşı olmazmı ki, mütaliəni stimullaşdırmaq üçün addımlar atılsın? Yəni kitabxana bağlanmasa belə, problem var.”


Yazıçı Kənan Hacı: "Sözün bitdiyi məqam. Başqa nə deyəsən? Kitabxanaların bağlandığı, kababxanaların sürətlə artdığı ölkədə yaşayırıq..."


Şairə, yazar Sevinc Elsevər: "Bu bağlanan kitabxanaların da çoxu güman edirəm əyalətlərdədi. Onsuz da yeni nəşrlərin ucqar yerlərə gedib çıxması möcüzə idi. İnsanımızın kitaba marağının az olduğu vaxtda, dövlət kitabxanaları çoxaltmalıdı. Kitabın təbliğatında maraqlı olmalıdı. Mən uşaq olanda rayonumuzda Mərkəzi kitabxananın qarşısında bir plokat görmüşdüm. Məktəbə gedəndə də, gələndə də o plokatda yazılan cümləni oxuyurdum: "Kitabsız insan qanadsız quş kimidir!" Sovet dövründən qalmışdı o plokat. Adam o plokatdakı sözləri oxuyub kitabxanaya getməməkdən utanırdı. Həm kitabxanalar çox idi onda, həm də bu cür təbliğatı var idi. İndi Azərbaycanda harda belə plokata rast gəlmək olar? Mən 20 ildi Bakıda yaşayıram, hələ belə plokata rast gəlməmişəm. İnsanları kitab oxumağa çağırsın, kitabı təbliğ eləsin.”


Yazar Günel Natiq: "Çox acınacaqlı haldır. Kitabxanaların bağlanması mənəviyyatımıza böyük zərbədir. Kitabxanalar bizim keçmişimiz və gələcəyimizin aynasıdır. Kitabxanalar həyatımızda böyük yer tutub. Qorki deyirdi, mən ən yaxşı işlərim üçün kitablara borcluyam, indi təsəvvür edin ki, bizim üçün böyük önəmi olan bu kitablar əlimizdən alınır. Onu da nəzərə alaq ki, kitablar satışda xeyli bahadır və heç də hər kəs kitab satın almaq gücündə deyil. Kitablar mənəvi sərvətdir, bu baxımdan kitabxanalar məbəd səviyyəsində qəbul edilməlidir. Amma biz nə edirik? Sanki qapalı boğanaq otağın nəfəsliyini bağlayırıq! 154 kitabxananın bağlanması əslində gələcəyimiz üçün həyəcan siqanalıdır.”