ANA SƏHİFƏ / YAZARLAR

Biz necə futbol klubu yaratdıq?

25403    |   2017-06-08 11:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizim bir tarixi məhəllə komandamız olub. Heç xəbəriniz var?! Adı da "Gənc-Bakı” idi. Maliyyə problemlərindən dolayı klubumuz cəmi üç il yaşadı. Ancaq komandamız məhəllə futbol tarixinə adını qızıl hərflərlə yazdırmağı bacardı. Gəlin sizə lap əvvəldən başlayım. Yaxın durun.


Sentyabr aylarının ortaları idi. Məhəllənin vuran-tutan oğlanlarından Elxan mənə xəbər saldı ki, adam yığıb futbola gedək. Elxanla həmişəki kimi küknar ağaclarının kölgəsində görüşdük. Hətta ora "Çənlibel” adı vermişdik. Bircə atımız əskik idi. Sözün qısası, Elxanla danışdıq, qərara gəldik ki, bu gün axşamüstü "Radio Zavod” tərəfin uşaqları ilə oynayaq. Elxan tezbazar telefonda rəqibin kapitanını tapıb, zəng vurdu. Geriyə uşaq yığmaq qaldı. Məhəllənin ən rəzil oyunçusu Ələsgəri də komandaya cəlb etdik. Qardaşım Ayxan, dostum Davud, sinif yoldaşım Rəşad da yeni transferlərimiz oldu. İlk baxışda komanda çox zəif təsir bağışlayırdı. Amma içimizdə yatmış aslan vardı. Bunu heç kim bilmirdi.


İlk matçımızı keçirtmək üçün səfərə yollandıq. Məhəllənin taksi şoferi Rövşən dayı bizi rəqibin meydanına aparırdı. Yolda az qala qəzaya düşəcəkdik. Allahdan "Kamaz”ın altında qalmaqdan yan keçdik. Ələsgər sısqa əllərini göyə açıb, şükür elədi!

Bizim komandanın oyunçuları ağ köynəkdə, rəqib isə ala-bula paltarda idi. Məhəllənin içindəki balaca meydançada matç start götürdü. Ard-arda vurulan qollar, pudralı qızlar, yaşlı qadınlar, kişilərin səssiz siqaret sümürmələri, balaca cırtdanların içi xırda daşlarla dolu butulkaları yerə vurub bizim məhlə irəli! bizim məhlə irəli! şüarları, başımızın üstündə axşam günü. Gün batdıqca rənglər bir-birinə qarışırdı. Nəticə olaraq "Radio Zavod”la heç-heçə qaldıq. Penaltilər seriyasında isə uduzduq. Bu bizim ilk məğlubiyyətimiz oldu.

Avtobusda gedərkən Elxanla qərara gəldik ki, komandamızı var edək, yeni oyunçular cəlb edək, böyüdək klubumuzu.

Yataqxanamızın dəhlizində klubumuzun ilk qeyri-rəsmi iclası baş tutdu. İclasda klubun adı müəyyənləşdi: "Gənc-Bakı”, rənglər isə ağ-qara olacaqdı. Ləqəbimiz "qara aslanlar”. Artıq damarlarımızda ağ-qara qan axacaqdı. Məhəlləmiz uğrunda tər tökəcəkdik. Zəfər yürüşümüz başlayırdı...

Bir çox yeni oyunçular transfer etdik. Gələn hər oyunçu and içirdi ki, bu kluba şərəflə xidmət edəcək. Klubun zəif oyunçuları üçün xüsusi məşqlər keçirdik.

Yay aylarında hər gün, bəzən isə gündə iki dəfə futbol oynayırdıq. Qan-tər içində evə gedir, analarımız tərəfindən kötəklənirdik. Komandanın ən maraqlı, həm də ən mənasızı olan Ələsgərsiz matçlara gedə bilmirdik. İstənilən halda komandaya motivasiya verirdi. Sanki "Gənc-Bakı”-nın ruhu, görünməz qəhrəmanıydı...

Bir dəfə "Nəsrəddin Tusi 11b” ilə keçirilən səfər oyununda uzaqdan vurduğu qol məhəlləmizin futbol arxivində unudulmaz qollardan oldu.

Hətta komandamız bir ara 20 oyun ard-arda qələbə qazanmışdı. Qol krallığında isə Elxanla mən yarışırdıq. Ayxan, Elxan, Elvin, Asim, Fərhad, Orxan kimi ulduz futbolçularımız bütün məhəllə komandalarını qorxuya salmışdı. Adları yayıldıqca rəqib uşaqların canlarına vəlvələ dolurdu. O qədər güclənmişdik ki, rəqiblərimizi darmadağınla keçirdik. İçimizdəki aslan oyanmışdı. Gözlərimizdə qara aslanın gözləri parıldayırdı, qarşımıza keçəni parçalayırdıq.


Əhmədlinin məşhur bir məhəllə komandası ilə oynayacaqdıq. Həyəcan bizi sıxırdı. Rəqib çox güclü və təcrübəli oyunçulardan ibarət idi. Deyilənə görə, professional bir-iki futbolçusu da vardı... Səfərə yollandıq. Matç başlamadan uşaqlardan biri telefonunda "Çempionlar Liqası”nın əfsanəvi mahnısını səsləndirdi. Bir an özümü həmin turnirdə hiss elədim. Gözlərimi yumdum. Sevdiyim adamlar, uşaqlar, futbol topu xəyalımda canlandı. Həm də bu matç bizim 49-cu oyunumuz idi. Gələn matç 50-ci yubiley matçımız olacaqdı.

Matçın ilk dəqiqələrindən üstünlük bizdəydi. Ancaq bədbəxt bir hadisə baş verdi. Rəqibin oyunçusu ilə ayağım toqquşdu, maşın qəzası kimi... Ayağımın dırnağı qopmaq üzrə idi. Oyundan çıxmalı oldum. Qapının arxasında çömbəlib otların üstündə oyunu izləyirdim. Rəqib qapımıza qolları vurduqca gözyaşları içində hönkürürdüm. Ayağımın göynəməyini unutmuşdum. Oyun sona çatmışdı. Həyat bizi də uduzdurmuşdu. Boynubükük məhləmizə tərəf yol aldıq. Bir həftə sonra yubiley matçımızda uduzduğumuz komandaya qarşı bu dəfə evimizdə oynayacaqdıq. Ayağım bir həftəyə düzəlmədi, ancaq sarıqlı oynayacaqdım. Nə bahasına olursa, olsun o gün meydanda olmalı idim.


Həmin gün göydən od yağırdı elə bil. İstidən nəfəs ala bilmirdik. Məktəbin stadionu xeyli adamla dolmuşdu. Komandamıza möhtəşəm dəstək vardı. İki saat davam edən ağır oyundan üzüağ çıxdıq. Qələbəmizə görə çox sevinirdik. Sevincimiz bütün məhlənin adamlarını xoşbəxt etmişdi. Həmin günün gecəsi yuxumda komandamızın daha da böyüdüyünü Azərbaycan Liqasında çempion olub, ordan da Uefa Kubokunu qaldırdığını görmüşdüm.

Həmin illər həyatımın ən gözəl illəri olaraq yaddaşımın bir küncündə qaldı. Hər dəfə xatırladıqca tüklərim biz-biz olur, ürəyim titrəyir...



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK