adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Iyun 2017 00:15
8723
LAYİHƏ
A- A+

BAL SƏSİN İŞIQ ADAMI

Lap çoxdanın söhbətidi. Az qala üstündən iyirmi il ötüb və mən o söhbəti heç unuda bilmirəm. Çünki o söhbətin mövzusu səs idi. Özü də elə səs ki, o qeybdən gəlir və onu da öncə Allah özü dinləyir... Özü dinləyib səsin bəmini, zilini bütün notlarda gəzişmələrini və hətta rəngini dəyərləndirəndən sonra o səsi bəndələrin də ixtiyarına verir. Yalnız bundan sonra səsin özünü, rəngini, işığını görən adamlar başlayırlar o səsi dinləməyə. Amma burda da bir məqam var. Adamlar, yəni biz o səsin rəngini, işığını, çalarlarını görürük, duyuruq, canımıza-qanımıza hopdururuq, ancaq ona toxuna bilmirik. Çünki o səs bizdən qabaqdadı, özü də lap qabaqda. Biz o səsə doğru gedirik. Elə o səsin sahibi də o səsə doğru gedir. Özü də...

O da hamı kimi bu dünyanın işıq üzünə qədəm qoydu. Bir kənddə böyüdü, oxudu... kənd yollarını, məktəb yollarını eninə-boyuna gəzib dolaşdı... örüşə də getdi, bulaq başına da... Və bütün bunların hamısını o yaşıdlarından heç nə ilə fərqlənmədən gerçəkləşdirdi. Ancaq bir məqamdan başqa. O hara gedirdisə, onun qarşısınca bir səs gedirdi... o hara üz tuturdusa, onun önündə gedən səsi görürdü və o səs ilahi bir güc idi. Özü də elə bir güc ki, təpədən-dırnağa işıq axırdı o səsin içindən. Beçə balı kimi göz oxşayan, ruha rahatlıq verən işıqlı bir səs...

O heç nəyin fərqinə varmadan o səsin işığının ucundan tutmuşdu. Onun səslə təması elə bil ki, göylə yerin bağlantısı idi. Bax, bu səbəbdən də o səsin cazibəsindən çıxa bilmirdi. Səs də onu öz əhatə dairəsindən kənara buraxmırdı. O səsi sevirdi, səs də onu... Səs ona güvənirdi, o da səsə... Görənlər, duyanlar, bunun şahidi olanlar həm heyrət edirdilər, həm də heyran qalırdılar. Çünki bal kimi səsin işığı onları da ağuşuna alırdı, onları da bir növü layla kimi qoynuna alıb daxili rahatlıqlarını, sonsuz səmalara olan xəyali uçuşlarını o qədər təmkinli, o qədər sərbəst və o qədər də mənalı bir teldə kökləyirdi ki, onun bütün detallarını yalnız yaşamaq lazım gəlirdi. Adam istəyirdi ki, o səsin aurasından, o səsin qoşa qanadından uzaq düşməsin, eləcə qoşulub o səsə çıxıb getsin...

Hə, onun səsi özündən öndə olduğuna görə, öncə səsini gördülər. Səsi duyanlar, səsi eşidənlər, səslə yaşayanlar, səslə nəfəs alanlar o səsin dalınca gələn bu oğlanın təmkininə, səbrinə və bir də inadına qapı açırdılar. Elə bir qapı ki, o qapıdan ancaq səs keçə bilərdi. Özü də bal süzülən bir səs... özü də mayası və canı bal olan bir səs... özü də yuvası ürək çırpıntısı, şəlalə nəfəsli olan bu səsin qibləsi Qarabağ idi, Ağdam idi, Şuşa idi, bütöv Azərbaycan idi!!!

Onu həyatda ilk dəfə görəndə, düzünü deyəcəm, o səsin bu təmkinə, bu sakit görkəmə və bu bir az soyuqqanlı təsiri bağışlayan insana aid olduğuna inanmadım. Çünki onun danışığı da, yerişi, duruşu da, hətta öz yaxınları ilə etdiyi zarafatlar da çox adi görünürdü. Başa düşə bilmirdim ki, o boyda səsi içində daşıyan və içindən də bütün Azərbaycana, eləcə də onun sərhədlərindən kənara qanadlandıran xanəndə məhz üz-üzə dayandığım bu qarayanız oğlandı. Amma biləndə ki, o, rəhmətlik Vahid Abdullayevin qardaşıdı, onda necə deyərlər, barmağımı dişlədim, yanıldığımı anladım. Çünki həyatda dəfələrlə həmsöhbət olduğum, səsini dinləməkdən doymadığım və bu namərd dünyaya çox erkən gözucu baxıb getmiş Vahid Abdullayev həqiqətən böyük xanəndə idi. Musiqini az-çox duyan, musiqidən az-çox anlayışı olan hər kəs Vahid Abdullayevin həm səsinin, həm də şəxsiyyətinin Azərbaycan musiqisi üçün nə demək olduğunu çox gözəl bilir. Təəssüf ki, biz həmişə nəyi, kimi itirdiyimizi sonradan anlayırıq, onda da gec olur...

Bəli, mən Cabir Abdullayevin aid olduğu ocağın, ailənin həyat tərzindən, ətrafa münasibətlərindən azacıq xəbərdar olduğuma görə, ilk görünüşdə dəqiq qərar qəbul edə bilmədiyim üçün özümü qınadım və bu gün də etiraf edirəm ki, o böyük səsin sahibi barəsindəki ilk təəssüratım yanlış oldu. Çünki mən səsi görmüşdüm və düşünmüşdüm ki, bu səsin sahibi mütləq özündən razı, ətrafa əhəmiyyət verməyən, adamlara yuxarıdan aşağıya baxan, bir sözlə, bəzi "ulduz" xəstələri kimi olmalıdı. Elə ki, onu yaxından gördüm, onun söhbətlərini dinlədim və saatlarla onun səsiylə yol-yoldaşı oldum. Bax, onda həmin o yalnışlıq məni daxilən sıxdı və nəhayət, mərhum Vahid Abdullayevin yas mərasimində mən Cabir Abdullayevin təmkininin bir daha şahidi oldum. Hiss etdim ki, həmin andan o, bəlkə də özü-özündən xəbərsiz Vahidin də səsinin davamçısı, yaşadanı kimi mənim ürəyimdə əbədi bir qala ucaltdı. Elə bir qala ki, onun açar-kilidi də Cabirin səsinin əlində oldu.

Mən musiqini dinləməyi, xüsusilə dərd mənə güc gələndə, bir kənara çəkilib öz içimdə ağlamaq istəyəndə, ya da hansısa bir sevinci yaşayanda musiqi ilə baş-başa qalmağı daha üstün tuturam. Ona görə ki, musiqini görürəm, onunla danışa bilirəm və onun da mənə nə dediyini və mənə hansı iradlarını çatdırdığını da səmimiyyətlə qəbul edirəm. Hətta dağılmış yurd-yuvam, işğal altında qalmış torpaqlarımız yuxuma girəndə mütləq musiqi dinləyirəm. Ən çox da İslamı, Dədə Süleymanı, Mənsumu, Cabiri və bir də Məhəbbət Kazımovu. Bilmirəm, nədənsə bu səslər mənim əlimdən tuturlar... məni özləri ilə götürüb cəbhə xəttinin o biri üzünə aparırlar. Ağdamı, Şuşanı, Füzulini, Xocavəndi, bir sözlə, bu gün əlimiz çatmayan həmin o yerləri küçəbəküçə, evbəev gəzirəm. Özüm də bilmədən, özüm də hiss etmədən hansısa bir küçənin başında dayanıb ev sahiblərini səsləyirəm. Elə bilirəm ki, yandırılmış, dağıdılmış o evlərin daş-qalağı altından mütləq mənə cavab verəcəklər... Mütləq deyəcəklər ki, "burdayıq!" Siz niyə gecikirsiniz? Siz niyə gəlib çıxmırsınız? Nədən qorxursunuz? Nədən çəkinirsiniz? Adam da evini sahibsiz qoyarmı? Gücünüz tükənəndə, diziniz titrəyəndə tutun o səslərin ətəyindən, qoşulun o səslərə və çıxıb gəlin Bakıdan üzü bəri...

Bugünlərdə üzü Qarabağa, cəbhə bölgəsinə getmişdim. Xocavəndin Nərgiztəpə deyilən ərazisinə qalxdım. Orda işğal altında olan torpaqlarımız ovuc içi kimi görünür və ordan başı qarlı Kirs də görünür. Özü də o qədər yaxın görünür ki, sanki əlini uzatsan daşına-toprağına toxunacaqsan. Ancaq məsafə baxımından o məndən çox aralıdadı. Lakin göy üzünün aydınlığı, həmçinin Kirsin zirvəsindəki qarın parıltısı və nəhayət bayaqdan bəri mənimlə yol-yoldaşı olan o səsin hərarəti bu məsafəni ortadan götürmüşdü. Mən özümü Qarabağda, o səsin dünyaya gəldiyi ocağın başında hiss edirdim. İlahi, səsin qüdrəti, səsin məlahəti və nəhayət, səsin şirinliyi gör nə boydadı ki, o, məsafələri də öz içərisində əridir. Bu yalnız böyük Yaradanın iradəsinin diktəsidi. Burda insan əli, burda insan gücü acizdi!

Bakıdan cəbhə xəttinə qədər yol-yoldaşım olan səs məni həm də bütün günahlarımdan, bütün ağrı-acılarımdan bir növü çəkib çıxarırdı. Özüm öz günahlarım qarşısında boynubükük qalırdım. Amma o səs mənə ümid verirdi ki, dözüb dayanım, günahlarıma qalib gəlim. Axı əlimiz çatmayan o torpağın qarşısında mənim də günahım var. Şəhid ruhları, nigaran ruhların və nəhayət qisasa çağıran ruhların qarşısında kim günahsızdı ki?

Həyatda özümü qarşısında borclu saydığım insanlar var və mən bilirəm ki, onlar mənimlə borc davası etmirlər, heç bunu dillərinə də gətirmirlər. Ancaq mən müəyyən qədər duyğusal olduğum üçün o borcun ağırlığı içərisində dinclik tapa bilmirəm. Çalışıram ki, hansısa bir yolla, hansısa bir vasitə ilə və özü də heç kimə, xüsusilə, borclu olduqlarıma hiss etdirmədən o borcu misqal-misqal qaytarım. Bilmirəm, buna nə qədər nail ola bilmişəm. Ancaq əlimi ürəyimin üstünə qoyub tam səmimiyyətlə etiraf edə bilərəm ki, mənim borclu olduğum adamlar elə mənim sevdiyim, mənim pərəstiş etdiyim, mənim vurğunu olduğum adamlardı. Bu adamları Tanrı və millətə, bu torpağa işıq kimi, ümid kimi, ucalıq kimi bəxş edibdi. Onlar həm də bir tutiyədilər. Biz onlara baxırıq, onları görürük, onları dinləyirik, onlardan öyrənirik və nəhayət, onlarla fəxr edirik. Öyünürük ki, biz də onların aid olduğu millətdən, xalqdanıq. Allah da öz sevgisiylə, öz lütfüylə onları bu xalq üçün ərmağan edib!..

Bax, bu yanaşmanın, bu içdən gələn sözlərin ifadə etdiyi mənanın içərisində onun da yeri var. Özü də bu yeri ona mən ayırmamışam, müəyyən etməmişəm. Bu yeri onun səsi onun özündən əvvəl qazanıb, haqq edib! Və xalq da ona bal Cabir deyibdi - səsi, nəfəsi bal olan Cabir!!! Xalqın bu təqdimatı heç də təsadüfi deyil. Hətta mən bu yazını bilgisayara diktə edəndə çox hörmətli Gülər xanım bildirdi ki:

- Əbülfət müəllim, onun səsi mənim də ruhumu dincəldir, məni də qayğılardan azad edir.

İnanın ki, bu, mənim yazıya əlavəm deyildi. Bu söhbətin canlı şahidləri də var. Deməli, mən o səsin dəlisi olmaqda yanılmamışam! Mən o səsin yol-yoldaşı olmaqda bəlkə də gecikmişəm. Amma o səsin işığına getməkdə artıq geçikmirəm və tam əminliklə bilirəm ki, Cabir Abdullayev, yəni bal səsin işığında yaşayan bu xanəndə hər bir evdə gözlənilir, arzulanır. Deməli, onun səs xoşbəxtliyi həm də biz dinləyicilərin xoşbəxtliyidir!

Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ