adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Iyun 2017 00:20
8288
LAYİHƏ
A- A+

İKİNCİ ZƏRBƏ

Keçən əsrin 60-cı illərində Azərbaycan teatrına iki böyük zərbə dəymişdi. Biri onilliyin əvvəlində, ikincisi sonunda. Bu zərbələr respublikanın idarə olunmasında mühüm rolları olan partiya rəhbərləri tərəfindən vurulmuşdur. Birinci zərbə uğurlu fəaliyyət göstərən, kollektiv içində yüksək nüfuza sahib olan Adil İsgəndərova vuruldu. Onu Azərbaycan Akademik Dram teatrının direktoru və baş rejissor vəzifəsindən götürdülər. İkinci Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının baş rejissoru Zəfər Nemətovun işdən uzaqlaşdırılması oldu.

Zaman keçdikcə kommunist partiyası rəhbərlərinin atdıqları bu addımın Azərbaycan teatrının xeyrinə olmadığnı aşkar göstərdi. Əgər Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi, teatrlarımızın başına nə gələcəyini heç Allah da bilmirdi.

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Zəfər Nemətov demək olar ki, bu teatrın yarandığı gündən orda çalışmış, müxtəlif sahələrdə fəaliyyət göstərmiş, 1943-cü ildən isə teatrın baş rejissoru vəzifəsini uğurla icra etmişdi. Əgər nəzərə alsaq ki, Z.Nemətov 1941-ci ildə könüllü şəkildə müharibəyə getmiş, faşistlərə qarşı vətən uğrunda döyüşmüşdür. Lakin çox bərk yaralandığına görə vətənə qayıtmış və əvvəl işlədiyi teatrda fəaliyyətini davam etdirmişdir. O il Z.Nemətovun birinci uğurlu işi Əyyub Abbasovun "Məlikməmməd" nağıl tamaşası olmuşdur.

Mən Z.Nemətov haqqında əvvəlki yazılarımın birində öz müsbət fikrimi yazmışam. İndi isə Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrına 1975-ci ildə baş rejissor təyin edildikdən sonra teatrın kollektivindən bu fədakar rejissorun işlədiyi müddətdə hazırladığı tamaşalar haqqında öyrəndiyim bəzi məlumatları bildirmək istərdim.

Teatrın yarandığı gündən Ağadadaş Qurbanovla birgə çalışan Məmmədağa Dadaşov Zəfər haqqında böyük zəfərlər qazanan, tamaşaçıların diqqətini teatrın repertuarına döndərən bir istedadlı rejissor kimi danışardı. O deyirdi ki, Zəfər Nemətov 1931-ci il Teatr texnikumuna daxil olub, oranı bitirdikdən sonra ta əsgərliyə gedənə qədər teatrda qızğın fəaliyyət göstərirdi. Zəfər özümüzünkü idi. Hamımızla çox mehriban münasibətdə idi. Kollektiv ondan çox razı idi və adı heç vaxt dilimizdən düşmürdü. Onun hazırladığı "Qaraca qız" tamaşası teatrımızda sonralar hazırlanan bu əsərin tamaşalarından qat-qat üstün idi.

Respublikanın xalq artisti Hüseynağa Sadıxov bir gün teatrda S.S.Axundovun "Tamahkar" pyesini hazırladı. Sonralar xalq artisti fəxri adını alan Gülşən Qurbanova ilə Yasın Qarayev də bu tamaşada iştirak edirdilər. Tamaşa mənim çox xoşuma gəldi və Hüseynağadan soruşdum ki, obrazların belə düzgün şərhini, səhnə mizanlarının quruluşunu, xüsusilə tərtibata verdiyi ideyanı hardan belə yaxşı bilirsən. Rəhmətlik söylədi ki, bütün bunları Zəfər Nemərovdan öyrənmişəm. Onun hazırladığı "Tamahkar" tamaşasında mən də iştirak edirdim və onun məşqlərini həmişə maraqla izləmişəm və rejissorluq işi barəsində ondan çox şey götürmüşəm.

1954-cü ildə Azərbaycan Dövlət Dram teatrında işləməyə başlayan Ağadadaş Qurbanov da elə həmən il Z.Nemətova əməkdar incəsənət xadimi fəxri adı veriləndən sonra çox maraqla danışırdı.

Bir dəfə görkəmli yazıçı Əli Vəliyevin öz eloğlusu ilə Nardaranda məclis zamanı GTT-da hazırlanan "Gülşən" tamaşası barəsində söhbət saldı. Dedi, əsəri Ağəli Dadaşov səhnələşdirib, tamaşanı isə Z.Nemətov hazırlayıb. Ə.Vəliyev tamaşadan çox razı qaldığı barədə danışdı. Zəfərin çox uğurlu bir fəaliyyət göstərməsindən söhbət açdı. Hətta "Kommunist” qəzetində tamaşa haqqında resenziya çap olunduğunu da dedi.

Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev hakimiyyətə gəldiyindən bir il sonra ədəbiyyat, incəsənət, xüsusilə teatrlarda bir canlanma başlandı. Onun hər tamaşaya gəlişi kollektivləri səfərbər edirdi, sevindirirdi. O illərdə Azərbaycan televiziya və radio şirkətində dramaturq Rauf İsmayılov çalışırdı. O, tez-tez onun "İki həyat" pyesini GTT-da hazırlayan Z.Nemətov haqqında danışardı. O qeyd edirdi ki, əsərin yazılışında, dramaturji quruluşunda Zəfər mənə həmişə düzgün yol göstərmişdi.

Şəxsən mən GTT-da Z.Nemətovu hazırladığı C.Cabbarlının "Yaşar", Y.Əzimzadənin "Anacan", A.Şaiqin "Bir saatlıq xəlifəlik" və nəhayət Sekspirin "Romeo və Cülyetta" tamaşalarına baxmışam. Osman Hacıbəyovun və Yusif Vəliyevin iştirak etdiyi "Yaşar" tamaşası C.Cabbarlının səhnə təcəssümü ənənəsində hazırlanmışdı və böyük marağa səbəb olmuşdur. Solmaz Qurbanova, Tariyel Qasımovun, Ağaxan Salmanovun iştirak etdiyi "Romeo və Cülyetta" demək olar ki, teatrın böyük uğuru idi. Rejissor rəssamla tamaşaya elə bir tərtibat vermişdilər ki, həyat darısqal bir aləmi xatırladırdı. Onların fikrincə və tamaşada da bu həyata keçirilirdi, belə bir mühitdə saf bir məhəbbətlə yaşayan Romeyolar və Cülyettalar xoşbəxt ola bilməzdilər.

1957-ci ildə Gənc Tamaşaçılar Teatrından çox sevindirici bir xəbır gəldi. Y.Əzimzadənin "Anacan" pyesinin müvəffəqiyyətlə tamaşaya qoyulması barədə. Rejissor Z.Nemətov idi. F.Şərifovanın, Y.Vəliyevin, O.Hacıbəyovun və Ə.Ağayevin iştirak etdiyi bu tamaşaya mən iki dəfə baxmışam. Ə.Ağayevin tez-tez səhnəyə gəldiyi və hər gələndə "Mən yenə gəldim" sözünü necə deməsi, komendant kimi necə çırpınması, L.Məmmədbəyovun tiyan dibində yatan kimsəsiz uşaqlarla necə rəftar etdiyini, onlarla necə dialoq qurduğunu, Y.Vəliyevin bir qoçu kimi uşaqlarla necə davrandığını indiyə qədər unuda bilmirəm.

Söhbət açdığımız 1960-cı ilin ikinci yarısına qədər GTT-də müvəffəqiyyətlə çalışan Z.Nemətov heç gözlənilmədən teatrdan çıxarılandan sonra dostu, xalq artisti Mustafa Mərdanov onu Azərbaycan Teatr Cəmiyyətinə işə dəvət etdi. Z.Nemətovun ordakı fəaliyyəti də gözə çarpırdı. Cəmiyyətin yeni binasının tikilməsində M.Mərdanovla yanaşı Z.Nemətoun da danılmaz xidmətləri vardı.

Z.Nemətovun saysız dostları var idi. İdmanda məşhur futbolçu Ələkbər Məmmədov, teatrlarda görkəmli rejissor M.Məmmədov ona çox böyük hörmət edirdilər və onunla oturub durmağı özləri üçün xoş bir an kimi sayırdılar.

Z.Nemətov GTT-nı çox sevirdi. O kollektiv üçün, onun sənət nailiyyətləri əldə etmək naminə çox işlər görmüşdü. Bəlkə elə buna görə o, həmişə işlədiyi teatrın xiffətini çəkirdi. Bəlkə elə buna görə 1971-ci ildə o dünyasını dəyişdı.

Bu ay onun 100 yaşı tamam olur. Mən onu həmişə coşqun fəaliyyətdə, iş başında təsəvvür edirəm, böyük hörmətlə üzümü ona tuturam və deyirəm, "Böyük sənətkar 100 illik bayramın mübarək!"

AĞAKİŞİ KAZIMOV,
xalq artisti, professor

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ