BU DA BELƏ BİR ÖMÜRDÜ...

VAQİF YUSİFLİ
45632 | 2017-06-03 00:06
İllər nə tez gəlib keçdi.

Yetmişinci illərin əvvəllərində bir məktəbli şagird - Süleyman Süleymanov rayon qəzeti redaksiyasına şeirlərini göndərmişdi. Masallı rayonunun Təzə Alvadı kənd orta məktəbində hamı onun şeir yazdığını, bu şeirləri ədəbiyyat müəllimlərinə oxutdurduğunu bilirdi. Elə ilk şeiri də rayon "Çağırış" qəzetində dərc edildi. Beləliklə, Süleyman Süleymanov (sonralar atasının adını təxəllüs götürdü - oldu Süleyman Əlisa) həyatda bir böyük arzusuna çatmış oldu. Kənddə hamı elə güman edirdi ki, Süleyman məktəbi bitirəndən sonra sənədlərini ADU-nun, ya APİ-nin ədəbiyyat fakültəsinə verəcək. Amma belə olmadı, Süleyman ADU-nun fizika fakültəsinə daxil oldu. Amma şeirdən, ürəyinin poeziya havasından qətiyyən uzaqlaşmadı. Tələbəlik illərində Bakıda - şeirlə bağlı tədbirlərdə, ədəbi müzakirələrdə iştirak elədi, şifahi və qiyabi də olsa, şairliyin-şeir-sənət yolunun cığırlarına bələd oldu, dərk elədi ki, bu dünyada ən çətin sənət şairlikdir, sözə, onun dərin qatlarına hakim olmaqdır. Ona görə də, bəzi həmkarlarından - şeir-sənət dostlarından fərqli olaraq tez-tez görünməyə, mətbuat səhifələrində "ulduz" olmağa meyl etmədi. Yaxşı xatırlayıram ki, Süleyman Əlisa Rəfiq Zəka, Nüsrət Kəsəmənli, Vaqif Nəsib kimi tanınmış şairlərlə dostluq edirdi və onların "köməyindən" deyil, məsləhətlərindən faydalanırdı.

Süleyman Əlisa ədəbi nəsil etibarilə "səksənincilər" nəslinə aiddir. Bu nəsil ədəbiyyata çox istəklə, həvəslə gəldilər. Ramiz Qusaoçaylı, Sabir Adil, Sabir Sarvan, Abacəfər Həsənli, Adil Cəmil, Avdı Qoşqar, Akif Səməd, Adil Mirseyid, Əlisəmid Kür, Mahirə Abdulla Zirəddin Qafarlı, Məmməd İlqar və s. istedadlı cavanların çox tez bir zamanda diqqəti cəlb etməsi poeziyada bir yeniləşmə havası yaratdı. Süleyman Əlisa da bu cavanların, öz həmyaşıdlarının sırasında idi və o da elə ilk şeirlərindən öz fərdi üslubu, yazı manerası ilə seçilə bildi.

ADU-nu bitirəndən sonra Süleyman düz iyirmi il öz doğma kəndlərində - orta məktəbdə fizika müəllimi işlədi. 1986-cı ildə "Durna yolu", 2001-ci ildə "Haqq dünyası" şeirlər kitabı çapdan çıxdı. Süleyman təkcə öz doğma rayonunda və kəndində deyil, Azərbaycan poeziya mühitində də tanınırdı və adını çəkdiyim şeir kitabları haqqında ustad şairlər xoş sözlərini əsirgəmədilər. Amma ən maraqlısı o oldu ki, ilk şeir kitabı çapdan çıxandan sonra Süleyman onun əksər nüsxələrini kənd ziyalılarına hədiyyə verdi - həmin kitabın kənd klubunda müzakirəsi keçirildi. Bu, bir şair ömrünün yadda qalan ən unudulmaz anlarıydı... Kənd öz şair oğlunu tanıdı və alqışladı. Kənddə yaşadığı illər Süleymanı təbiətlə, torpaqla, insanlarla doğmalaşdırdı. O, şeirlərində kəndin yazını, payızını, çölünü, çəmənini vəsf elədi, mehribançılığı, səmimiyyəti ilə ürəyinə, ruhuna yaxın olan insanlardan söz açdı. İllər keçəcək, Süleyman Əlisa gününü kənddən uzaqda - Bakıda keçirsə də, özünü kənd adamı kimi hiss etdiyini yazacaq:



İllərdi günüm Bakıda keçsə də,

mən daha çox kənd adamıyam.

Həmişə həsəd aparıram kənd mühitinə,

Oradakı sadəliyə, təmizliyə, saflığa.



Süleymanı birmənalı şəkildə "kənd şairi" adlandırmaq doğru olmazdı. Amma onun kəndlə bağlı şeirləri öz məxsusi poetik cizgiləri, koloriti ilə seçilir.


Gözünə döndüyüm bu kəndin

Qocalarını torpaq çəkir,

cavanlarını şəhər.

Gözünə döndüyüm bu kəndin,

Qurbanı olduğum bu kəndin

şəhərdən nəyi əskikdir?

Xına-xına gecələrimi,

Sona-sona gözəllərimi,

Allı-güllü yazımı,

Çörəyinin duzumu?



Əlbəttə, kənddə yaşadığı illərdə Süleyman orada gedən prosesləri - mənəvi-əxlaqi aşınmaları, bəzi insanların hədsiz tamahkarlığını, var-dövlət hərisliyini də gözləriylə gördü, hətta bir şeirində yazdı ki, az qala öz doğma kəndimdən baş götürüb qaçmaq istədim.

Süleyman Əlisanın həyatında ikinci dönüş 2001-ci ildən başlandı. Məlum oldu ki, Süleyman Əlisa həyatın, yaşadığı gerçəkliyin şeiriyyət dolu romantik anları ilə deyil, həm də reallıqları ilə də ciddi maraqlanır. Onun təkcə şair ürəyi deyil, publisist qələmi də yetərincə duyumludur. Süleyman Əlisa ikimininci illərin əvvəllərində öz mövzusunu və deyim ki, həyat proqramını qəti olaraq müəyyənləşdirdi. O, Azərbaycandan kənarda yaşayan həmyerlilərimizin fəaliyyətini işıqlandıran yazılar yazmağa başladı, beləliklə, istər-istəməz Azərbaycançılıq ideyalarının təbliğində və reallaşmasında böyük rol oynayan Azərbaycan diasporunun uğurlarını əks etdirən kitablar meydana gəldi. "Neva sahillərində görüşlər" (Azərbaycan və rus dillərində), "Moskvada Azərbaycan dünyası" kitabları Süleyman Əlisanı bu mövzuda perspektivli bir publisist olduğunu nümayiş etdirdi. Və Süleyman Azərbaycan diasporunun fəaliyyətini işıqlandıran silsilə yazılarına görə N.B.Zərdabi mükafatına layiq görüldü, az sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazıları müsabiqəsində "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusu üzrə qalibi və 5 iyul 2012-ci ildə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin "Azərbaycan diaspor və lobbi quruculuğu mövzusunda ən yaxşı məqalə" müsabiqəsinin mükafatçısı oldu. Nəhayət, Süleymanın "Təklə eli, tərəkəmə dünyası" (2013) kitabını ayrıca qeyd etməliyəm. Süleymanın necə axtarışçı bir publisist olduğu bu kitabdan mənə məlum oldu. Əslində, bu kitab həm də elmi əhəmiyyət kəsb edən bir vəsaitdir, hətta bu mövzuda ona fəxri elmlər namizədi adını da vermək olardı.

Süleyman Əlisanı mən ilk növbədə, şair kimi tanıyır və sevirəm. Şeir, deyərdim ki, onun alın yazısıdır, həyata, dünyaya, insana, gözəlliyə, təbiətə bədii-estetik münasibətidir. Süleymanın bir insan kimi sevinci, kədəri, ağrısı, ictimai-sosial mövqeyi, vətənpərvərliyi, millətə, xalqa sevgisi... bütün bunlar onun qırx illik şair tərcümeyi-halında öz əksini tapmışdır. Ona görə də, onun şair səciyyəsini açıqlamaq üçün "Süleyman nə yazır?" sualını qətiyyən səsləndirmək istəməzdim. Elə "Süleyman necə yazır?" sualını da verməzdim. Bu iki suala qısaca belə cavab verərdim ki, Süleyman Əlisa artıq şairlik missiyasını ləyaqətlə yerinə yetirən bir yazardır. Yaradıcılığında təmkinlə, səbir və mətinliklə irəliyə-öz şair taleyinə doğru addımlar atıb, təbii ki, bu yolda büdrəmələri də, bəzən zəif yerişləri də olub. Amma bütün bu çətinliklərə dözə-dözə həmin o şərəfli missiyanı yerinə yetirib.

Süleyman Əlisa bir şair kimi bütün varlığı ilə Vətənə-Azərbaycana bağlıdır, - deyirəm və bu, heç də şablon səslənməsin. Vətənə məhəbbət doğma kəndinə sevgidən başlayır və böyük Azərbaycan sevgisini şeirdə əbədiləşdirir.



Azərbaycan-qədim bir diyar,

bölünməz bir varlıq.

Böyünəndə bilərsən, bala!

İndi səni necə başa salım?

Necə deyim yazılmamış qanunları?

Necə deyim riyaziyyat müəllimlərinin

dəyməsin xətrinə?

Böldülər!

Beş-on kişi böldü.

Yağlı tikə kimi böldü.

Sən isə

bir ikiyə bölünməz deyirsən?

Vətənə məhəbbətin ən sadə ifadəsidir bu şeir, amma mətləb, qayə necə də orijinal bir fikir üzərində qurulub. Ümumiyyətlə, hər bir şair özünü ifadə edir və onun şeirləri yaşadığı günlərin, ayların, illərin bəlirtiləridir. Təkcə özününmü? Həm də yaşadığı cəmiyyətin, ictimai-siyasi həyatın da... Süleymanın lirik qəhrəmanı onun həm özüdür, həm də müasirləri. Ona görə də, onun şeirlərində içimizdən keçən duyğular da öz əks-sədasını tapır. Bəzi şeirlərinə müraciət edək. Ətirli, çiçəkli bir yaz gecəsidir. Romantik bir gecə və şair bu gecənin poetik cizgilərini rəsm edir:



Gecənin qoynunda təbəssüm saçır,

Bir cüt təzə çiçək, bir cüt tər çiçək.

Sizə gəlməmişdən hələ elçilər

Bu gecə yuxuda şərbət içəcək.

Ətirli, çiçəkli buy az gecəsi

Xınalı, sonalı bu yaz gecəsi

Yoxdur ürəyimdə bir umu-küsü.

Süleymanın "Payız notları" və ümumiyyətlə, ilin fəsillərinə həsr etdiyi şeirlərdə rəsm cizgiləri, sanki naturadan çəkilən lövhələr özünü göstərir. Amma bu şeirlərdə həm də təbiətlə insan duyğuları bir-birilə qovuşur.



Göylər ağ geyinər təzə gəlin tək

İlk qarda ilk sevgi təmizliyi var.

Üşüməz küçələr, üşüməz yollar

Sevənlər od-alov parçası olar.



Süleymanın bir qisim şeirləri var ki, onlar söz ustadlarına həsr olunub. Bu şeirlərdən hiss olunur ki, Süleyman Məhəmməd Hadini, Hüseyn Cavidi, Nazim Hikməti, Əli Kərimi, Vaqif Səmədoğlunu, Nəriman Həsənzadəni, Musa Yaqubu dərindən sevir və bu sevgi təkcə onların poeziyasına pərəstiş hissini deyil, həm də o ustad şairlərdən gələn milli hiss və duyğulardır.

Süleyman bu günün və çağdaş tariximizin reallıqları ilə yaşayan, nəfəs alan şairdir. Onun Qarabağ müharibəsinə həsr etdiyi şeirlər də bu fikri sübut edir. "Aprel şərqisi" zənnimcə, bu mövzulu şeirlərin ən uğurlusudur.

Onun bir insan kimi fərdi, subyektiv duyğuları əks olunan şeirlərinə də biganə qalmaq olmaz. Bu şeirlərdə yaşanılan bir ömrün acılı-şirinli duyğuları öz əksini tapır. "Ağrı" silsiləli bir neçə şeiri var ki, bunlar sırf Süleymanlı bir qəlbin hissiyyatlarıdır.


Acından ölməməkçün

Hər şeyi ölçüb biçdim.

Acından ölməməkçün

Keçdim, çox şeydən keçdim.

Hanı o qələm, dəftər

Dost, tanışlar hardadı?

Sönüb gözüm işığı

Gedib ağzımın dadı.

Acından ölməməkçün

Sevib seçdim bu yolu.

Acından ölsəm belə

Gözüm tox, sinəm dolu!



Qoy Süleyman Əlisa həyatda da, sənətdə də bu andına həmişə sadiq qalsın!

TƏQVİM / ARXİV