adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Iyun 2017 23:30
13529
ƏDƏBİYYAT
A- A+

Müharibə mənim ailəmin tarixində

(Müharibəyə gedənlərin həyat yoldaşlarına həsr edirəm )

(əvvəli ötən sayımızda)

Anam həmişə ailəsi qarşısında öz borcunu unutmur və bilirdi ki, ərli qadındır. O, bu sözün mənasını bilirdi "ərli olmaq" - yəni ərin himayəsində olmaq və ona dayaq olmaq. Danışırlar ki, bir dəfə kolxozda öz iş yerində atamın böyük bacısıgilə bibimi qoyaraq, uşağı əmizdirməyə gedir, qayıtdıqda briqadir onu və uşaqları alçaqcasına təhqir edir. Anam sadəcə cavab vermişdir: "Mənim ərim var. O uşaqların atası var". O bu sözlərin mənasını anlamamışdır. Bu söhbət atama çatan kimi briqadirin yanına gəlib soruşmuşdu: "Sənə bu qadın dedi ki, o ərdədir? Sənə o dedi ki, bu uşaqların atası var? - hə cavabını alan kimi bir zərbə ilə onu yerə sərib, baltanı götürüb öldürmək istəyib. Atama mane olublar, briqadir isə qaçıb. Ondan sonra bir də heç vaxt anamı təhqir etməyib, ancaq ömrünün sonuna kimi atam haqqında Moskvaya, Bakıya böhtan dolu "danos" yazıb. Hamı elə bilirdi ki, atamı tutacaqlar. O illərdə bir çox müəssisələrdə cəbhəçilər işləyirdi, Mərkəzdə vəziyyəti başa düşürdülər.

50-ci illərin əvvəlində atamı qeydiyyat hüququ olmadan Daşkəsənə göndəriblər. O hər axşam onlarla kilometr məsafəni qət edib ailəsini görməyə gəlirmiş. Anam onu pəncərənin qarşısında gözləyərək üç övladını pəncərədən öz ərinə göstərirmiş. Beləcə bir ay davam edir.

1951-ci ilin əvvəllərində ailə 24 saat ərzində rayonu məcburi tərk etməsi haqqında xəbərdarlıq alır.

Atam Bakıda məskunlaşmağı qərara alır. Ona imkan vermirdilər ki, ev tikib ailəni bir dam altına yığsın. Onlar tez-tez yaşayış yerlərini dəyişməli olurdular. İşlədiyi daş karxanasının Bakıda ailə yataqxanası var idi. Ailə bir müddət orada məskunlaşdı. Yalnız 1951-ci ilin sonlarında ailə Bakı ətrafında Varovski qəsəbəsində (indiki M.Ə.Rəsulzadə) məskunlaşır. Moskvadan müvafiq orqanlardan atamın təmiz olması barədə cavablar gəldikdən sonra "donos"çuların əlləri heç yerə çatmır. Ailənin həyatında ən xoşbəxt günlər başlayır.

Bu illər ölkə tarixində xoşbəxt illər idi. Yadımdadır, necə bütün ailə birlikdə yığışıb gecə ev tikirdi, yoxlamalardan, milisdən və s. ehtiyat edərək. Ancaq mənim yadıma düşmür ki, valideynlərim ölkəmiz və ya dövlətimizdən narazılıq etsinlər. Ancaq mənim yadımdadır anamın milis rəisinə dediyi sözlər: "Mən 5 oğlan böyüdürəm. Onlar gələcəyin əsgərləridir, vətəni qoruyacaqlar, elə səni də. Əgər siz bunu başa düşmürsünüzsə onda, hər şeyi dağıdıb bizi küçədə qoya bilərsiniz". Həyatın bütün çətinliklərinə baxmayaraq, bax belə dövlətçilik yanaşması! Bax beləcə vətənpərvərlik! Yoxlama güzəştə gedərək, üzünü döndərib getdi.

Həmin briqadir isə kolxoz sədri oldu, yenə də yazmaqda davam etdi. 70-ci illərin əvvəlində sonuncu dəfə atamı yoxladılar. Atamın təqaüdə çıxmasına mane olmaq istəyirdilər. Çünki qərara görə satqınlara güzəşt yox idi: Moskva, KQB yenə də "təmizdir" cavabını göndərmişdi. Sonra hər şey sakitləşdi və rayondakı qohumlarımızdan eşitdik ki, sədr (briqadir) rəhmətə getmişdir. Mənim valideynlərim ona və onun ailəsinə qarşı kin saxlamadılar.Mən bunu 90-cı illərin əvvəllərində Qarabağ müharibəsi köçkünləri Bakıda sığınacaq axtaran zaman başa düşdüm. Bizim ailəmiz iyirmi nəfərdən çox köçkün qəbul etdi. Onların arasında ömrü boyu atam haqqında gizli məlumatlar yazan adamın da ailəsi var idi. Taleyin gedişatı ilə onlar bizdə yaşadılar və anam onlara "öz evinizdəki kimi yaşayın "dedi. Bax belə geniş qəlb, böyük ürək. Onlar bizdə yaşadılar və ailəmiz onları öz doğması kimi qəbul etdi.

Anam həmişə atamı gözləyərdi. O zavodda 2 növbədə işləyirdi. Anam onu həmişə qapıda qarşılayardı. Birgə süfrə başına toplaşardıq. Sonra anam hər bir uşaq haqqında atama danışardı. Atam bizim hər birimiz haqqında hər şeyı bilməli və bizim hərəkətlərimizi qiymətləndirməli idi.

Tez-tez bizi iş görməyə, oxumağa həvəsləndirər, şirnikləndirərdi. Biz çalışardıq ki, valideynlərimizi məyus etməyək. Anam isə bizim yadımıza salardı: "Atanız sizə sağ ol deyəcək", "Atanız sizi tərifləyəcək", "atan bilər...". Bəli, məhz atamız. Bununla da o, atamızın bizim və ailənin həyatındakı yerini və dəyərini bizə bildirirdi. Kimsə kənar adam bizə gəldikdə-komissiya, yoxlama, gizli məlumatla əlaqədar məmurlar və ya qonşu anam: "Ərim evdə yoxdur, axşam olacaq. O vaxt da gəlin" deyərdi. Onlar da ailənin ləyaqətini bilərək və ənənəyə riayət edərək axşam gələrdilər.

10 mart 1966-cı ildə Sevastopolda qardaşım Həsən 24 yaşında əsgərlikdə minaları zərərsizləşdirərkən həlak oldu. O hərbi dənizçi idi. Oxuduğu Binəqədi rayonundakı 99 nömrəli orta məktəb indi də onun adını daşıyır. Bizə yüksək rütbəli məmurlar gəlirdilər. Atama partiyaya daxil olmağı, ev və s. təklif edirdilər. Atam həmişə imtina edirdi. Hətta bir dəfə anam hökumət adamına evi təmir etməyi təklif etdikdə acıqlandı da.

Yəqin ki, gözləmək müharibə illəri qadınlarının taleyinə yazılıb. 70-ci illərin əvvəllərində yay vaxtı biz Cəbrayıl rayonuna qardaşımın qəbrini ziyarətə getdiyimiz vaxt, orada mən Humay xala adlı qadın gördüm. Müharibədən 25 il keçmişdi. O isə öz oğlunun yolunu gözləyirdi. Hər gün yol ayrıcına gedir, gedib-gələnlərdən "Oğlumu gömədin ki?" deyə soruşurdu. Hamı ona köməklik göstərər, paltar və yemək verərdilər. O isə yağışda, qarda orada-yol ayrıcında idi. Gözləyirdi. Deyirlər ki, O, elə orada rəhmətə gedib. Onu qəbiristanlığın kənarında, üzü yola tərəf dəfn etdilər. Oğlunun gəlməli olduğu yola tərəfə.

Evimizdə həmişə çoxlu qonaq olardı. Rayondan qohumlar gələrdi. Rayondan qohumlar gələrdilər. Atam təsadüfi qonaq da gətirərdi. Anam sakitcə onları qarşılayar, yedizdirər, şirniyyat, meyvə-tərəvəzə qonaq edərdi. Atam öz bostan və bağını, yetişdir - diyi pomidorları, meyvələri göstərməyi xoşlayardı. Mən bunu başa düşmürdüm. İndi dərk edirəm. Onlar xoşbəxt idilər və öz sevinclərini başqaları ilə bölüşürdülər. Onlar hamını xoşbəxt görmək istəyirdilər.

Biz, uşaqlar isə hər şeyi eşidir və yadda saxlayırdıq. Uşaq yaddaşımda qalanlar- başdan-başa darmadağın olmuş, viran qalmış yaşayış məntəqələri, "urra" qışqırıqları ilə alınmış adsız yüksəkliklər, mövqelər və saysız-hesabsız əsgər və zabit qəbirləridir. Veteranlar gecə yarısına kimi oturardılar. Biz heç vaxt onların danışıqlarında təhqirli sözlər eşitməzdik, hətta düşmən ünvanına belə. Əsgər cəsarətinə və qəhrəmanlığına hörmət onların qanında var idi. Həmişə riayət edilən hansısa bir ləyaqət kodeksi var idi.

1986-cı ildə bədənində müharibədən gətirdiyi 2 düşmən qəlpəsinin beyinə çıxmasının törətdiyi fəsad nəticəsində 6 llik ağır xəstəlikdən sonra atam, 1999-cu ildə isə anam həyatla vidalaşdılar.

Bizim zamanımız yetişdi. Məhz bizim nəsil müasir tarixi yaradır. Kütləvi mədəniyyət çox böyük, sərhədsiz "azadlıq və bərabərlik" təklif edir bizə. Televizor, internet bizə normal insan şüuruna sığışmayan-mavilərin nümayişini, metroda şalvarsız səyahət, muzeylərdə çılpaq qadınlar ekspozisiyanın bir hissəsi kimi və s. nümayiş etdirir. Bütün bunlar azadlığın böyük qələbəsi kimi təqdim olunur. Ancaq kimdən alınmış? Biz hətta düşünmürük ki, bununla biz öz əcdadlarımızın ruhlarını təhqir edirik. Biz qadını ana kimi öldürürük və kişini müdafiəçi kimi alçaldırıq. Yeni hibrid insan formalaşır, nə kişidir, nə də qadın. Bütün bunlar özünü "müasir" insan adlandırmaq üçündürmü?

Bu hekayənin sonluğu yoxdur. Bu hec hekayə də deyil, xatirələrdir. Ya da mən bizim nəslin - o böyük nəslin övladlarının tarixinin nə ilə qurtaracağını bilmirəm.

Maraqlı söhbətə, maraqlı xatirələrə görə Sizə, yəni Mordoviya Respublikasının Əməkdar Elm Xadimi, Fəlsəfə elmlər doktoru, M.E.Yevsevyev adına Mordoviya Dövlət Pedaqoji İnstitutun fəlsəfə kafedrasının professoru Hüseyn Qardaş oğlu Zeynalovla təşəkkürümü bildirirəm.