BİLƏCƏRİDƏ ŞUŞA HAVASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
180746 | 2017-06-02 23:40
Ötən bazar günü həmişə musiqi sədaları ilə, çal-çağırla diqqəti çəkən Biləcəridəki "Ağ saray"ın yaxınlığında yerləşən məktəbə tələsirdim. Bu tələsmək də səbəbsiz deyildi. Çünki bu binada həm də bir qaçqın musiqi məktəbi kollektivi də fəaliyyət göstərir. Tam səmimiyyətlə deyim ki, artıq bu məktəb ətrafda özünü kifayət qədər tanıdıb sevdirə bilibdi. Onun da əsas səbəbi məktəbə rəhbərlik edən Salman Ağalarovla birlikdə həm də peşəkar müəllim kollektividir. Necə deyərlər, məktəb və buradakı tədris etibarlı əllərdədi. Ona görə də məktəb məzunlarının səs-sorağı artıq respublikanın hududlarını keçibdi...

Bəli, istirahət günü olmasına baxmayaraq, məktəbdə həyat qaynayırdı. Musiqi təhsili alan şagirdlərin geyimindən tutmuş davranışına qədər hər bir anın özündə bir bayram ovqatı var idi. Uşaqlar da, müəllimlər də ilə yekun vururdular. Necə deyərlər, qonaqların, valideynlərin qarşısında yekun konserti verəcəkdilər. Bu konsert də onların il ərzində qazandıqları biliklərin nümayişləri idi. Qonaqlar arasında Sumqayıt şəhər Regional Mədəniyyət Turizm İdarəsinin rəhbəri Mehman Şükürov, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Regional İdarənin Şuşa nümayəndəliyinin rəhbəri Zahid Abbasov, eləcə də Şuşa rayonunda fəaliyyət göstərən digər musiqi məktəblərinin rəhbərləri, təmsilçiləri və təbii ki, bir də hamıdan çox sevinən valideynlər yer almışdı.

Bəri başdan deyim ki, mən bu kollektivin demək olar ki, əksər tədbirlərinin iştirakçısıyam. Burada həm valideyn kimi, həm də bir qələm adamı kimi dəfələrlə olmuşam. Ona görə də kollektivdəki yeniliklər, inkişaf həmişə diqqətimi çəkib, məni sevindirib. Xüsusilə bu məktəbdəki xorun, aşıqlar qrupunun, nağaraçılar qrupunun, ayrı-ayrı pianoçuların, xanəndələrin ifaları həmişə yaddaqalan olubdu. Və sevindirici haldır ki, barəsində söhbət açdığım Şuşa rayon Xəlfəli kənd musiqi məktəbinin yetirmələri arasında Azərbaycanın istedadlı ifaçıları da var. Təkcə onu xatırlatmaq yerinə düşər ki, bu məktəbin məzunu olan Babək Şuşalı muğam yarışmasının qaliblərindən biridir. Gülnarə Abbasquliyevanın rəhbərlik etdiyi xorun sorağı isə həm rayon, həm də respublika miqyaslı tədbirlərdən gəlib və gəlməkdə davam edir. Xormeyster Gülnarə Abbasquliyeva sözün həqiqi mənasında çox istedadlı və zəhmətkeş bir pedaqoqdu. Onun rəhbərliyi altında çıxış edən məktəbli uşaqlar sanki böyük bir musiqi yolu keçiblər. Bu səbəbdən də Gülnarə xanımın əməyi həmişə diqqət mərkəzində olub və elə bugünkü yekun konsertinin sonunda da ona təqdim edilən fəxri fərman həmin diqqətin bir nümunəsi idi.

Yekun konsertində aşıqlar qrupunun ifası, onların coşqu ilə söylədikləri "Azərbaycan, Azərbaycan" sədaları hamını riqqətə gətirmişdi. Qrupun rəhbəri, məktəbin saz müəllimi Sevil xanım Xıdırovanın böyük zəhməti sayəsində bu məktəbdə istedadlı gənclər yetişdirilir. Elə buradaca onu da xatırladım ki, Sevil xanımın özünün və rəhbərlik etdiyi qrupun səsi-sorağı Gürcüstanda, Türkiyədə əks-səda verib. İfadan tutmuş deyimə qədər hər şeyi zərgər dəqiqliyi ilə cilalayan Sevil Xıdırovanın yetirmələri yekun konsertinin mükəmməl bir anını tamaşaçılara yaşatdı. Bu konsertdə hamıdan çox fərqlənən konsertmeyster Səfiyyə Nağıyeva oldu. Onun müşayiət etdiyi ifaçılar öz çıxışları ilə alqışlar qazandılar. Məktəbin şagirdlərindən xanəndə İsmayıl Xuduyevin, pianoçu Humay Nəbiyevanın az qala ustad səviyyəsində olan çıxışlarını qeyd etməmək mümkün deyil. Mən dinlədiyim və tamaşa etdiyim bu yekun konsertində Xəlfəli kənd musiqi məktəbinin bütün kollektivini, eləcə də fortepiano müəllimləri Günay Fərzəliyevanın, Hicran İsayevanın, həmçinin digər ixtisaslar üzrə şagirdlərin mükəmməl hazırlanmasında əməyi olan müəllimlərin uğurlarının şahidi oldum. Bunu yekun konsertinin sonunda pedaqoji kollektivin əməyini qiymətləndirən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə xanım Fətəliyeva xüsusi vurğuladı. O, kollektivi dərs ilinin uğurlu yekununa görə, həmçinin Respublika günü və Ramazan bayramı münasibəti ilə təbrik etdi. Ölkə rəhbərinin təhsilə ayırdığı diqqətdən söz açdı. Bu məktəbin həmişə öncüllər sırasında olduğunu vurğuladı. Və bildirdi ki, uğurlarla kifayətlənmək olmaz. Yetişən istedadlar üçün daha çox diqqət ayırmaq, daha çox işləmək lazımdır.

Tədbirdə çıxış edən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Mehman Şükürov da yekun konsertindəki bir neçə məqamı xorun, aşıqların, nağaraçıların, eləcə də pianoçu Humay Nəbiyevanın ifalarına xüsusi önəm verdiyini, onların hazırlıqlarının yüksək olduğunu diqqətə çatdırdı. Məktəbin direktoru Salman Ağalarova təşəkkür etməklə yanaşı, öz tövsiyələrini də dilə gətirdi. Mehman Şükürov vurğuladı ki, Şuşanın musiqi beşiyi olduğu hər kəsə məlumdu. Bizim də vəzifəmiz onun şöhrətini, onun uğurlarını qorumaq, yaşatmaq və inkişaf etdirməkdi.

Tədbir iştirakçılarının çox yaxşı tanıdığı və Şuşa mədəniyyətinin inkişafında, qorunmasında özünəməxsus xidmətləri olan Zahid Abbasov da iştirakçıları, valideynləri, müəllimləri salamlamaqla hər kəsə ən xoş arzularını çatdırdı. Yekun konsertinin sonunda məktəbin direktoru Salman Ağalarov qonaqlara, valideynlərə öz təşəkkürünü bildirdi, pedaqoji kollektivə, müəllim və şagirdlərə uğurlar arzu etməklə onu da nəzərə çatdırdı ki, bu tədbirdə səslənən iradları aradan qaldırmaq üçün daha səylə çalışacaqlar.

... Bəli, həmin gün Biləcəridə bir Şuşa havası var idi. O havanı Xəlfəli musiqi məktəbinin yekun konserti yaratmışdı. O konsertdə səslənən Tofiq Quliyevin musiqisi hələ də yaddaşımdadı. O musiqinin sözləri çoxumuza məlumdu. O sözlərdən biri də belədi:

Bir xoş gün görmədim mən bu dünyada...

Bəli, mən böyük bəstəkarımızın ruhundan izn alıb demək istəyirəm ki, mən bir Şuşa, bir Xəlfəli gördüm həmin gün Biləcəridə...

TƏQVİM / ARXİV