adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Iyun 2017 11:48
199064
RUBRİKA
A- A+

Yuxulara dərindən inanıram - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazıçı Zahid Sarıtorpaqdır. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

– Bu fikrin özü də yuxunun nə olduğuna düzgün aydınlıq gətirmir. Müqəddəs kitablarda yuxularla bağlı geniş açıqlama verilməsə də belə bir fikir var ki, "hər yuxunun hökmü yoxdu”. Həmin ifadəni "Dərdin sarı çəpkəni” romanında mistik yuxular görən Bulud müəllimin dilindən də işlətmişəm. Əminəm ki, yuxuları çözmək, yozmaq sarıdan minillik ənənələr olsa da dəqiqlik mümkün deyil. Bu günkü elm də yuxuların dəqiq psixoanalizini verə bilmir. İnsanın kimliyini, varlığını, dünyaya niyə gəlib, niyə getdiyini çözmək mümkündü ki, onun yuxularını da yozmaq mümkün olsun?


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

– Yuxular həyatıma necə təsir göstərə bilər ki? Hardasa uzaq gənclik illərində belə şeylər haqda çox düşünürdüm, amma çözüb bir yana çıxa bilmirdim. Az qala yuxularımı ruhların ölülərlə dirilər arasında yerdəyişməsinə – metempsixoza, reankarnasiyaya bağlayırdım. Təbii ki bunların hamısı xülyalar idi. O ki qaldı yuxulara görə plan qurmağa, yox, əllbəttə, belə şeylər heç ağlıma da gəlmir... Amma istisnalar olur, bəzən gördüyüm yuxulara dərindən inanıram.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

– Dərindən heç vaxt...


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

– Bəzi yuxuların doğrudan da mistik olduğu qənaətindəyəm. Amma izahını verə bilmərəm. Ümimiyyətlə heç kim bunu bacarmaz.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

– Olur. Məsələn, ötən il bu vaxtlar yuxuda gördüm ki, Şamaxıdakı bağçamızdayam. Ərik ağacının altından keçmək istəyirəm. Ağacın böyük, əyri bir budağı var, görürəm, qırılıb düşür, yolumu kəsir. Əlimi uzadıb götürmək istəyəndə, həmin budaq tüstüləyib qəfildən alışdı... Ayılandan sonra heç yana yoza bilmədim, daha doğrusu buna heç cəhd də etmədim. Üstündən bir müddət keçəndən sonra Şamaxıya gedəndə heyrətimdən yerimdəcə donub qaldım. Ərik ağacının yuxumda qırılıb düşən, tüstüləyib tutuşan həmin azman budağı qırılıb düşməsə də qupquru qurumuşdu...


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

– Uşaq vaxtı gördüyüm bir yuxum var. Sadə bir yuxu. Çox qəribədi, heç vaxt yadımdan çıxmır: qürub çağı ucu-bucağı görünməyən, başdan-başa xəzəllərlə örtülmüş bir çöllükdə ağlaya-ağalaya yalqızca gedirəm, amma bir dənə də olsun ağac yoxdu. Ayaqlarım altında xəzəllər xışıldadıqca xışıldayır. Ağlaya-ağlaya: "Bunlar hardan tökülüb belə?” fikirləşirəm... Əslində, bu yuxuda çözüləsi, yozulası elə də bir şey yoxdu. Amma tez-tez xatırlayıram.

Bir yuxum da var. Son on ildə görüb unutmadığım ən gözəl bir yuxum. Ad günlərimdən biriydi, amma neçə yaşım olduğu indi yadımda deyil. Axşam qonaqlarımız gələsiydi. Gündüz bir az dincəlmək üçün yatası oldum. Yuxuya gedib gördüm ki, rəhmətlik valideynlərim və dünyasını təzəcə dəyişmiş qardaşım geyimli-keçimli, əllərində böyük gül dəstələri qapıdan girdilər. Hamısı gülər üzlü, xoşbəxt görkəmli. Atam ağ rəngli balaca bir kisəni mənə verib dedi ki, "bunu da baban göndərib”. Açıb gördüm qızılı rəngli bir cüt üzəngidi, bir də qantarğası-zadı üstündə olan təptəzə bir yüyən. Atam: "at da qapıdadı...” deyəndə eşiyə yüyürdüm. Ağ rəngli bir ayğır gördüm. Ağ yalmanlı, ağ birçəkli bir ayğır! Həyətdə dırnaqlarını yerə döyüb oyur-oyur oynayırdı...

O gün mənə verilən hədiyyələrin içində ən gözəli həmin yuxuydu...


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

– Qəribədi, əksər yuxularım yaddaşımda qalmır. Ayılmağımla elə bil sehirli bir əl "delete düyməsi”nə basır, gördüklərimi yaddaşımdan silir. Amma xatırladığım yuxular rənglidi... Olsun ki, ağ-qara da görürəm, amma unuduram.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

– Demək olar ki, çox nadir hallarda atam, anam, digər doğmalarım yuxuma girir. Çox nadir hallarda. Qardaşım Rəşidi görmək istərdim, bacım oğlu Vasifi, qardaşım oğlu Zauru. Onlar dünyalarını vaxtsız dəyişiblər. Dostum Şaiq Vəlini çox istərdim görəm, amma insafsızdı, döymür yuxumun qapısını...


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

– Bu fikrin nə qədər dəqiq olduğunu deyə bilmərəm. Amma insan istəsə irreal aləmdənsə, bu dünyanın özünə ruhən köklənib sonu görünməyən aləmlər içində nisbi də olsa, öz xoşbəxtliyini yaşaya bilər.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

– Yazılarımda təbiətən metafizik dünyagörüşünü qəbul edən birisi kimi görünsəm də yuxuları çözmək mənlik deyil qənaətindəyəm. Ona görə dəqiq heç nə deyə bilmərəm.