adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Iyun 2017 12:00
35882
ƏDƏBİYYAT
A- A+

Uşaq əllərimə sığışmırdı atamın ayaqqabıları - Dünya uşaqları üçün
















Uşaqlıq şəhəri

əllərim quş kim uçmuşdu
günəş toplamağa gedərkən
at ayaqlarının tapdalayıb keçdiyi çöldən…

bir uşaq şəhəri salmışdı böyüklər
küçələrinə sevgi adı vermişdilər
1-ci sevgi küçəsində mən qalırdım
7-ci sevgi küçəsində o qız…

ayaqlarımı küçə tutub saxlayırdı
qızın pəncərəsi görünəndə
top aldığım gün qədər sevinmişdim
qızın saçlarına gül hörəndə…

böyüklər kölgə salırdı üstümüzə
topumuzu göydə tutub parçalayırdı
günəşə əlvida deyirdi göz yaşımız…

uşaq əllərimə sığışmırdı atamın ayaqqabıları
qucaqlaya bilmirdim onları
anama tərəf qaçırdım hər günəş batışında
bir də 7-ci sevgi küçəsinə…

hərdən sevdiyim qızın qollarına gecə düşür
ulduzları göstərirdim ona
hərdən təyyarələri göstərir mənə
deyir ki, atam keçib getdi
sonra buludların arasında yoxa çıxır atası…

bircə velosipedim yoxdu mənim
ayaqlarım hələ torpaqdan üzülməyib
əllərim isə havada uçur
günəşə qonur hər səhər
işıqlaşan uşaqlıq şəhərimizdə
yağışlı addımlar eşidilir qızın küçəsindən…




Tanrının uşaq üzü

payızda yağışla yuyunur saçların,
yayda günəşlə quruyur,
qışda ağarır...
çox dərdlisən bu aralar,
sənə yaraşmır, imicini dəyişdir.
uşaqlardan çılğınlıq götür,
anasının qucağına qaçmağını götür,
fəhlələrdən ümid götür,
evə bir tikə çörək aparan adamın
xoşbəxtliyini götür...

Tanrıdan çox şey istəmə
o da səninlə bərabər böyüyür,
o da acizdir,
o da dərdlidir,
sadəcə böyük olmağı
narahat edir onu...
uşaq görüntüsü ilə çıxır qarşımıza...
adamların arasında deyil, sığışa bilmir,
bir az Tanrıya yer elə yanında
gülməyi öyrən,
qaçmağı öyrən,
bayramlarda qanad çalıb göylərə
uçan uşaqlara qoşul...


Çərpələng

göyə ucalan
çərpələngi unutmamışam...
böyüklərin bizə hədiyyə etdiyi
ucsuz-bucaqsız mavilik,
ayaqlarımız altında
uzanan torpaq…

yaşlı qadınların
ifadəsiz baxışları,
əlimizlə tutacağımız
qədər yaxın günəş,
kişilərin səssiz siqaret
sümürmələri də,
yad və işıqlı
göründü bu an...

hələ də göy üzündə o
çərpələngin,
yaşlı qadınların
ifadəsiz baxışları,
ucsuz-bucaqsız mavilik,
ayağımız altında
əzilən torpaq izi var...