adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
31 May 2017 18:00
35249
İQTİSADİYYAT
A- A+

“ABŞ-ın “Cənub Qaz Dəhlizi” ilə bağlı mövqeyinə sadiqliyi vacibdir” - Nazir

Energetika naziri Natiq Əliyev XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017” sərgi və konfransı çərçivəsində Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini xanım Robin Danniqanı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, N.Əliyev tədbirdə iştirakına və ABŞ prezidenti Donald Trampın Azərbaycana dəstəyini ifadə edən məktubuna görə R.Danniqana təşəkkürünü bildirib. O, ABŞ prezidentinin iki ölkə arasında tərəfdaşlıq münasibətlərini, Azərbaycanın enerji təhlükəsizliyinin təminatı istiqamətində səylərini yüksək qiymətləndirməsinin və "Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini əks etdirən fikirlərinin ölkəmizə hörmətin göstəricisi kimi qəbul edildiyini vurğulayıb: "ABŞ regionda bütün enerji layihələrinə həmişə güclü dəstəyini nümayiş etdirib və Amerika hökumətinin bu mövqeyi heç vaxt dəyişməyib. Rəsmi Vaşinqtonun "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı mövqeyinə sadiqliyi bizim üçün vacibdir", - deyə nazir qeyd edib.

N.Əliyev layihənin gedişatı və gələcək inkişaf istiqamətləri barədə fikirlərini qonaqla bölüşüb.

R.Danniqan isə sərginin yüksək səviyyədə təşkili ilə əlaqədar təbrikini çatdıraraq, belə tədbirlərin müasir texnologiyaların və təcrübələrin mübadiləsi üçün əlverişli platforma olduğunu deyib. O, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşündə və bu sərgidə iştirakını Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verən siyasətinə ABŞ-ın münasibətinin göstəricisi olduğunu söyləyib. Ölkəsinin əsas prioritetlərindən biri kimi "Cənub Qaz Dəhlizi"ni diqqət mərkəzində saxladığını deyərək, perspektivdə Türkmənistanın layihəyə qoşulma imkanları ilə maraqlanıb.

Bundan başqa, görüşdə Azərbaycanda Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi və Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihələrində ABŞ şirkətlərinin iştirakının vacibliyi müzakirə edilib. ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini həmçinin OPEC-ə üzv və qeyri-üzv dövlətlərin Vyana görüşü və neft bazarının inkişaf tendensiyaları ilə maraqlanıb.

Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.