BU BİZİK, BİZ DEYİLİK?..

ƏBÜLFƏT MƏDƏTOĞLU
83580 | 2013-03-05 11:09
Doğrudan da sürətli inkişaf həm də erroziya yaradırmış - özü də mənəviyyatda, əxlaqda. İnanın ki, bu qənaətə gələnə qədər min dəfə götür-qoy etdim. Olanları, baş verənləri, bütövlükdə olduğumuz mənzərəni, düşdüyümüz durumu, bir sözlə, hər şeyi sola, sağa, aşağı, yuxarı çox vərəqlədim. Gəldiyim nəticə isə mənəvi erroziyanın sürətli artımı oldu...
Bəlkə də məni qınayacaqlar, hətta bu zamanın adamı olmadığımı, loru dildə desəm, geridə qalmaqda, cəmiyyətlə ayaqlaşmamaqda ittiham edəcəklər. Elə durumumuza baxıb bunu da təbii qəbul edirəm. Çünki başqa bir çıxış yolu görmürəm, daha doğrusu, yol qoymurlar qalsın. Hansı tərəfə üz çevirirsən, hansı tərəfə əl uzadırsan mütləq bir dilxorçuluqla, arzuolunmaz səhnə ilə üzləşirsən. İnana bilmirsən ki, bütün bunlar yaşadığın məmləkətdə, sənin xalqının içərisində, sənin olduğun cəmiyyətdə baş verir. Axı biz belə deyildik? Belə olanlara da biz həmişə gülmüşdük. Hardan qaynaqlanır bütün bunlar? Yazarların birinin dediyi kimi, necə çıxdı ortaya bu gülməşəklər? Vallah anlaya bilmirəm...
Təkcə son günlərin mətbuatını nəzərdən keçirəndə məni az qala havalandıran bu durumun bütün cizgilərini sanki yenidən yaşadım. Baxıb gördüm ki, bu dünya böyük şairimizin dediyi kimi, biz görən deyil, tamam dəyişib - normaları da, yanaşmaları da, hətta əxlaqı da. İndi təsəvvür edin də ölkənin xalq artistləri bir-birini "bandotdel"ə çağırtdırır. Onların səsinin, ifalarının pərəstişkarları, indiki dildə desək, fanatları eşitdikləri bu xəbərdən şoka düşürlər. Axı həmin dövlət idarəsinə çağrılan insanların daha çox hansı zümrəyə aid olduğu heç kimə sirr deyil. Necə ola bilir ki, dövlətin mükafatlandırdığı, xalqın qədir-qiymət verdiyi və soyadlarının önündə "xalq artisti" titulunu daşıyanlar bu səviyyəyə gəlib çata bilər? Bəlkə biz onlara sevgimizi ifrat dərəcədə ifadə etmişik? Bəlkə biz onları vaxtından əvvəl qiymətləndirmişik? Bəlkə onlar barəsində ümumiyyətlə, doğru qərar qəbul etməmişik? Suallar saysız-hesabsızdır. Ancaq ən kədərlisi, ən ağrılısı odur ki, xalqın sevdiyi insanlar bir-biri ilə danışdıqları "dil"i açıb hamıya göstərdilər və hər birimiz də onları görmədiyimiz, bilmədiyimiz tərəfdən tanıdıq. Məgər bu, erroziya deyil?
İndi elə bir məqam yaranıb ki, şou əhli (hətta bu yarışmada az qala cins məsələləri də itib - Ə.M) özlərinin neçə dəfə kosmetik əməliyyat olduqlarını, haralarından nəyi kəsib atdıqlarını, nəyi əlavə etdirdiklərini normal bir halda bəyan edirlər. Üstəlik neçə dəfə qanuni və qeyri-qanuni nikahda olduqlarını, öz dillərində desək, "kimin kimi saxladığını" adi söhbət kimi gündəmə gətirirlər. İnsanlar bu qədər əxalqdan, abır-həyadan necə uzaq düşürlər, anlamaq olmur. Hətta canlı efirdən dünyaya gələn övladlarının da qanuni və yaxud qanunsuz olduğunu təbəssümlə, arxayıncasına, guya muştuluq xəbəri verirmiş kimi söyləyirlər.
Bax elə bu günlərdə diqqətimi bir xəbər də çəkdi. Mətbuatdan oxudum ki, Akademik Milli Dram Teatrının aktrisası Vəfa Zeynalova onu hiddətləndirən bir məsələ ilə bağlı  az qala bütün gücü ilə, bütün səsi ilə bəyan edib ki, "Həzrət Abbas haqqı bircə dəfə ərə getmişəm".
Doğrudan da indi deyəsən daha çox ərə getmək yarışması da keçirməli olacağıq. Çünki şou əhli öz arasında artıq bu yarışı başlayıb. Sadəcə qalıb onu rəsmiləşdirmək. Ancaq milli mentalitetimizə görə, boşanmaq, xəyanət etmək və ümumiyyətlə, əxlaqa uyğun gəlməyən addımlar atmaq bir vaxtlar əməlli-başlı utanc gətirən bir norma idi. İstər kişi, istər qadın belə məqamlarda abırlarına qısılır, üzə çıxmağa utanırdılar. İndi isə iş o yerə gəlib çatıb ki, ailəsinə sədaqətli olan, əxlaqı ilə başqalarında qıcıq yaradan Vəfa xanım məcbur olur ki, and-aman eləsin ki, o, cəmi bircə dəfə ərə gedib və övladları ilə xoşbəxt yaşayır.
Vallah nə deyim, adam indi nə yazmağa, nə deməyə söz tapmır. Daha doğrusu, söz tapır ey, amma daha sözdən keçib... Çünki elə bir duruma gəlib düşmüşük ki, efirdə də, bulavarda da hətta ən müqəddəs yerimiz olan Şəhidlər Xiyabanında da elə mənzərələrlə qarşılaşırıq ki, gözümüzü yummaqdan, donub qalmaqdan başqa əlimizdən başqa bir iş gəlmir. Axı demokratiyadır. Hər kəs də öz əxlaqında, öz seçimində müstəqildi, azaddı. Düşünürəm ki, bu cür davam edərsə, biz təkcə bu gün üçün yox, ümumiyyətlə hər bir anımız üçün köks ötürəcək və vaxtında etmədiyimiz ictimai qınağın acısını zaman-zaman yaşamalı olacağıq. Allah axırımızı xeyrə calasın.
Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV