adalet.az header logo
  • Bakı 11°C
27 May 2017 15:46
7624
İDMAN
A- A+

Karyerasında qırmızı vərəqə görməyən futbolçular – MARAQLI

Futbol bir oyundur. Ancaq elə futbolçular var ki, məsələyə sanki bu cür yanaşmır. Bu baxımdan, əsəblərini cilovlaya bilməyən futbolçuların şahidi oluruq. Nəinki əsəbi cilovlaya bilməmək, hətta bəzən meydançada futbolçuların əlbəyaxa davaya girişdiklərini də görürük. Bəs bu davranışlar cəzasız qalırmı?

Əlbəttə, xeyr.

Futbolçular oyun zamanı qayda pozarlarsa, onlara hakim tərəfindən müvafiq qaydada ya sarı, ya da qırmızı vərəqə göstərilir. Oynadıqları ölkənin futbol federasiyaları tərəfindən də ciddi şəkildə cəzalandırılır.

Bu bəzən oyun cəzası, bəzən də pul cəzası olur.

Ancaq elə futbolçular da var ki, oyunların yüksək gərginlikdə keçməsinə baxmayaraq, əsəblərini cilovlaya bilirlər.

Bəs onlar kimlərdir?

Modern.azkaryerasında qırmızı vərəqə görməyən futbolçular barədə araşdırma edib. Əldə etdiyimiz materialı təqdim edirik:

Raul Qonzales

Real Madrid klubunun unudulmaz futbolçularından olan ispan forvard, karyerası ərzində bir dəfə də olsun qırmızı kart almayıb. Kral klubundan ayrıldıqdan sonra Şalke, Əl-Sadd, Nyu York Kosmos kimi klublarda da çıxış edən R.Qonzales, İspaniya milli matçları da daxil olmaqla 932 oyun keçirib.

Andres İnyesta

Futbol karyerasında sadəcə Barselona klubunda çıxış edən və hazırda Kataloniya klubunun kapitanı olan ulduz futbolçu, indiyədək 750 matça çıxıb. İnyesta bu oyunların heç birində qırmızı vərəqə görməyib.

Qari Linker

Leiçester, Everton, Barselona, Tottenham kimi nəhəng klublarda çıxış etmiş futbolçu, İngiltərə milli matçları daxil olmaqla, 567 oyun görüb. Q.Linkerin nəinki qırmızı, aldığı sarı kartların sayı belə məhduddur.

Kərim Benzema

Tündxasiyyət görünüşünə baxmayaraq, fransız futbolçu da indiyə kimi oynadığı 649 matçda, qırmızı kartdan yayına bilib.

Cüneyt Tanman

Qalatasaray azarkeşlərinə yaxşı tanış olan veteran futbolçu, 17 illik karyerasında qırmızı kart almayıb.

Mişel Platini

3 dəfə "Ballon d'Or” mükafatına layiq görülən sabiq UEFA prezidenti, futbolçu karyerasında keçirdiyi 655 oyunun heç birində meydançadan kənarlaşdırılmayıb.

Xoao Moutinyo

Hazırda Monako klubunda uğurlu qrafiki ilə diqqət cəlb edən portuqaliyalı futbolçu, bundan öncə Portu və Sportinq Lissabon klublarında da çıxış edib. Sakit təbiətli futbolçu, görünür öz xasiyyətinə uyğun olaraq, matçlarda da aqressiyadan kənar olub. Belə ki, təcrübəli topçu, keçirdiyi 663 oyunun heç birində qırmızı vərəqə ilə cəzalandırılmayıb.

Damiyen Daff

Çelsi klubunda çıxış etdiyi vaxtlarda şöhrət qazanan irlandiyalı futbolçu, 19 illik futbol karyerası müddətində 700-dən çox oyuna çıxıb. Blekbörn, Nyukasl, Fulxem, Melborn Siti, Şemrok Rovurs kimi klubların da formasını geymiş futbolçu meydandan qovulmayıb.