adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Kənan RÖVŞƏNOĞLU: Tərtəri heç siz də sevmədiniz...

4447 | 2017-05-27 11:31

2000-ci illərin əvvəlləri idi. Bakıda, Nizami rayonunda kirayədə qalırdıq. Blokumuzun qarşısında Qarabağ müharibəsi şəhidinin şəkli ilə düzəldilmiş bulaq bardı, əslində ona su kranı da demək olardı. Eşitmişdik ki, bu binanın sakini imiş, gənc yaşda Qarabağda şəhid olub. Yaşlı bir kişi vardı, şəhidin atası, ara-sıra həyətdə qarşımıza da çıxırdı. Bir gün otaq yoldaşım dedi ki, şəhid atası ilə söhbət edib, bizim haralı olduğumuzla maraqlanıb, mənim tərtərli olduğumu biləndə "xaraba qalsın oranı, oğlum orda öldü”, deyib. O zaman pis təsir etsə də, ağsaqqala bir söz demədim, nə də olmasa şəhid atası idi.


Oxşar söhbəti uzun illər sonra bir tanış danışırdı, deyir ki, Amerikada Kaliforniyada kafedə təsadüfən bir erməni ilə rastlaşıblar. Azərbaycandan olduqlarını biləndə gəlib tanış olub, söhbətləşib. Sonra haralı olduqları ilə maraqlanıb, azərbaycanlılardan birinin tərtərli olduğunu biləndə tutulub, çox əsəbiləşib, "oğlum orda öldü” deyib. Belə hekayələr çoxdur...


Bilənlər bilir, rayondan, kənddən yazmıram. Son illərdə xüsusən Yaxın Şərqdən yazdığım üçün diqqətimdə olmayıb. Həm də artıq müharibə də bitib, Tərtər kimə lazımdır? Daha bir vacib detal odur ki, yaza bilmirik, çünki rayondan bir şey yazan kimi, hamıdan qabaq qohum-əqrəba minnətçi düşür, hamının rayonda hökumətdə işləyən "çörək gətirəni” var.


Amma indi daha ondan keçib. Tərtərin yerləşdiyi cəbhə xəttində müharibə aparan ölkə üçün ciddi minus sayılacaq hadisələr baş verib. Heç bir ölkənin, xalqın sığortalanmadığı hadisələr. Ağırdır, amma bu hadisənin baş verdiyi coğrafiya ilə əlaqəsi yoxdur.


Hər zaman düşünmüşəm ki, qəhrəman və ya qorxaq xalq olmur, çünki qəhrəmanlıq və qorxaqlıq fərdi keyfiyyətdir, üstəlik hətta bəzilərinə görə, situasiyaya görədir. Yəni bir situasiyada qəhrəman olan, başqa vəziyyətdə qorxaq ola bilər. Xalqları qəhrəman və ya məğlub vəziyyətə salan liderlərdir. Bir zamanlar özbəklər Əmir Teymurun liderliyi altında Moskva və Ankaranı işğal etmişdi. İndi də həmin xalqdırlar, amma eyni nəticə yoxdur.


Çoxları bilir, Tərtərdə hər kənddə kənd qəbiristanlığının içində bir də "Şəhidlər məzarlığı” var. Amma on dəfələrlə çox Azərbaycanın fərqli bölgələrindən gəlmiş insanlar Tərtərdə savaşıb. Qəhrəmancasına şəhid olub. Çünki ermənilər ən son günə qədər Tərtəri işğal etmək, zərbə vurmaq istəyirdilər. 1994-cü il mayın 12-də atəşkəs imzalanıb, amma Bişkekdə imza gününə qədər Tərtərin kəndlərinə hücumlar davam edib. Mayın 8-də erməni qüvvələri Qapanlı kəndinin içinə girmişdilər, bəlkə də Qarabağ müharibəsinin ən şiddətli döyüşləri gedirdi o günlərdə. Əlavə ordu qüvvələri "OMON” qüvvələri hamısı Qapanlıya cəlb olunmuşdu. Ermənilər Qapanlıya girəndə - bunu o dövrün şahidləri yaxşı xatırlayar - batalyon komandiri, icra başçısı mərhum Sərdar Həmidov əlinə silahını alıb piyada Qapanlıya soxulmuş ermənilərə hücum etmişdi. Məhz Sərdar bəyin və o döyüşlərdə şəhid olan, savaşan minlərlə əsgərin sayəsində o gün Qapanlı və ümumilikdə Tərtər işğal olunmadı. Bunu da şahidlər təsdiqləyər, 1994-cü ilin may döyüşlərindən sonra Qapanlı ilə "Qırmızı Kənd” arasındakı taxıl sahələri erməni leşləri ilə dolmuşdu...

23 il keçib, amma ermənilər o zərbəni hələ də yaşayırlar. Hətta Kaliforniyaya qədər aparırlar özləri ilə. Çünki Qarabağ savaşında ən irimiqyaslı məğlubiyyəti, ən ağır döyüş itkisini orda verdilər. Ermənilərin nifrətinin səbəbi bəllidir, amma heç siz də o qədər sevmədiniz o torpaqları. Amma sevmək lazımdır, itirdiyimiz, itirmədiyimiz torpaqlarımız qədər. Çünki Tərtəri qorumaq üçün minlərlə Azərbaycan əsgəri qanını axıdıb o torpaqlarda, şəhid qanı tökülən torpaqlar müqəddəs olur.


TƏQVİM / ARXİV