adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 May 2017 10:08
12419
ƏDƏBİYYAT
A- A+

Tənqidçilik çətin peşə olsa da...

İyirmi ilə yaxındı ki, mətbuat səhifələrində Nərgiz Cabbarlı imzasıyla çap olunan yazıları oxuyuram - onun tənqidi, publisistik məqalələri və tərcümələri bu xanım yazarın artıq ədəbi prosesdə fəallığından, qayət işgüzarlığından xəbər verir.

Nərgiz TƏNQİDÇİdir və onun bu adı şərəflə doğrultduğuna heç bir şübhəm yox.

Bu gün İradə Musayeva, Südabə Ağabalayeva, Bəsti Əlibəyli, Elnarə Akimova, Aygün Bağırlı, Günay Qarayeva, Aynur Xəlilova, Lalə Həsənova imzaları ədəbi tənqiddə xanım yazarların xüsusi bir cərgəsini təşkil edir və birinin az, birinin çox çıxış etməsindən asılı olmayaraq hər birinin tənqidçi kimi formalaşdığına dəlil-sübutdur. Halbuki, son zamanlara qədər "bizdə ədəbi tənqid yoxdur" kimi mənasız bir şüar səslənirdi və əgər bu inkar pafosu ilə razılaşmış olsaydıq, illər boyu məhz ədəbi tənqidlə məşğul olan neçə professional qələm sahibinin, onların araya-ərsəyə gətirdiyi yazıların, üstəgəl kitabların və təbii ki, o yazılarda müasir ədəbiyyatımızın müxtəlif problemlərin işıqlandırılmasının üstündən xətt çəkmiş olardıq. Əlbəttə, bir tənqidçi kimi mən də belə bir fikirlə tam razılaşıram ki, tənqidin də çatışmayan, həlli vacib problemləri var, necə ki, poeziyada, nəsrdə, dramaturgiyada olduğu kimi. Amma tənqidçilərin gördüyü işi, çəkdikləri zəhməti dörd sözdən ibarət olan bir cümləynən havaya sovurmaq, yerə gömmək olmaz. Və Nərgiz Cabbarlının da bu prosesdə bir tənqidçi kimi fəaliyyəti danılmazdır. Onun "Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı" ("XAN" nəşriyyatı, 2017) tənqidi məqalələr toplusu qarşımdadır və bu topludakı yazıların bir çoxunu "Azərbaycan" jurnalında, "Ədəbiyyat qəzeti"ndə oxumuşam və indi o yazıların səliqə ilə, səriştə və ardıcıllıqla yerləşdirilməsinin şahidi oluram.

Bu yaxınlarda Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanan, hörmətli akademik İsa Həbibbəylinin təşəbbüsü ilə həyata keçirilən, ümumi həcmi 1800 səhifəlik iki cildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" kitabı belə bir həqiqəti sübut etdi ki, keçən əsrin 90-cı illərindən yaranan və bu gün də davam edən yeni ədəbi nümunələri və ədəbi hadisələri tənqidi fikrin, nəzəri mühakimənin obyektinə çevirmək, özü də daha sanballı şəkildə ədəbi ictimaiyyətə çatdırmaq vaxtı gəlib çatıb. Bu ikicildlik gələcək bu tipli kitabların yazılması üçün metodiki bir başlanğıcdır, yəni baxın, öyrənin! Hərçənd ki, adını çəkdiyim və mənim də, Nərgiz xanımın da müəlliflərindən biri olduğumuz o iki cildlik nəhəng kitabda bəzi oçerklərə də ehtiyac duyulurdu, müstəqillik dövrünün sözün həqiqi mənasında ab-havasını öz yaradıcılığında əks etdirən Sabir Əhmədli, Qabil, Cabir Novruz kimi ustadlara ayrıca oçerklər həsr edilməməsi, əvəzində "orta temperatur" şkalasına uyğun gələn beş-altı yazar haqqında məqalələr təqdim olunması təəssüfləndirici haldır, amma bu ikicildlik haqqında yazılan rəylərdə belə bir fikirlə razılaşaq ki, həmin ikicildlikdə son otuz-otuz beş ilin ədəbiyyatına əsasən yeni meyarlarla yanaşmaq və əksər hallarda ötən ədəbiyyat tarixlərində nəzərə çarpan şablonlardan uzaqlaşmaq prinsipi əsasdır, həlledicidir. Bu prinsipi Nərgiz Cabbarlının o ikicildlikdə verilən və o ikicildlikdə yer tutmayan yazılarında da müşahidə etmək olar.

İlk növbədə, Nərgizin Qurtuluşdan-Müstəqillikdən sonra ədəbiyyatımıza hansı tematika ilə yanaşır sualı ortaya çıxır. Çünki predmeti aydınlaşdırmadan onların izahına keçmək çətindir. Sərlövhələrə baxaq: "Qurtuluşdan sonra Azərbaycan şeiri", "Çağdaş Azərbaycan şeirində yeni yaradıcılıq təmayülləri", "Çağdaş şeir və "çöküş fəlsəfəsi", "Yeni yaradıcılıq təmayülləri, ədəbi qruplar və avanqard poeziya", "Modernist-eksperimental şeir və çağdaş poeziyada "neomodernizm dalğası", "Yeni nəsrimizin yeni olmayan problemləri", "Uşaq ədəbiyyatının "pərakəndə" mənzərəsi", "Tarixi şəxsiyyətlər nağıl qəhrəmanına çevriləndə" və s.

Nərgiz Cabbarlının "Yeni nəsil ədəbiyyatı" ifadəsi iki məna daşıyır: həm ədəbiyyata gələn yeni müəlliflər nəzərdə tutulur və təbii ki, onun yazılarında bütün diqqət həmin yazarların yaradıcılığına yönəlir. İkincisi - onların yaratdığı bədii nümunələr doğrudanmı yeni ədəbiyyat hesab olunur və Nərgiz xanımın bütün təhlilləri-nəzəriyyə ilə tənqidçi praktikasının vəhdət təşkil etdiyi yazılar bu sualın cavabıdır. Təbii ki, yeni ədəbiyyat yeni mövzular, yeni ifadə vasitələri tələb edir və nəinki Azərbaycanda baş verən ictimai-siyasi proseslərin və bu proseslərin ədəbiyyata təsiri, həmçinin dünyada gedən ictimai-siyasi və ədəbi proseslərin də "yeni ədəbiyyat" deyilən anlayışa dəxli var. Ədəbiyyatımızın bir tərəfdən milli ideologiyaya xidmət yolunu tutması, türkçülük, azərbaycançılıq, milli özünüdərk istiqamətinə daha çox meyl göstərməsi gözləniləndi, digər tərəfdən, qloballaşma prosesinin, dünya ədəbi praktikasında mövcud olan meyl və təmayüllərin birbaşa təsiri ədəbiyyatın polifonik bir məcraya səmt almasına gətirib çıxarırdı. Nərgiz Cabbarlı bütün bu prosesləri diqqətlə izləyir və xüsusən, müasir Azərbaycan şeirində baş verən əhəmiyyətli yenilikləri və eyni zamanda, bu şeirin itirdiyi məqamları da gözdən qaçırmır.

Yeni yaradıcılıq təmayülləri, ədəbi qruplar və avanqard poeziya… mən bu yazının üzərində qısaca bir "reyd" keçirmək istəyirəm. "Baca" ədəbi qrupu, "EQO" yaradıcılıq ordeni, "Ağ yol", "Qar çiçəyi", "2+",, "Avanqard", "Nəfəs", "Nöqtələr", DGTYB ədəbi birlikləri, "Pərvanə", "Şəm" dərnəkləri XX əsrin sonu - XXI əsrin əvvəllərində meydana çıxdı. Ədəbiyyata yanaşma tərzinin müxtəlifliyi ilə diqqəti cəlb edən bu birliklər bir tərəfdən ədəbi prosesdəki mənzərəni "böyüdürdüsə", o mənzərədə yeniliyə çağırış motivləri qabarıq nəzərə çarpırdısa, digər tərəfdən, yaranmış ədəbi ənənələri inkar eləmək, müxtəlif "izm"lərə uymaq, "atalar-oğullar" qütbləşməsini az qala düşmənçilik məqamına çatdırmaq da diqqətdən yayınmırdı. Bunu o dövr üçün təbii sayır Nərgiz xanım. Amma yenilikçi cavanların şeirlərinə nə aludəçilik göstərir, nə də ifrat tənqidə yol verir, sadəcə, sakit bir tempdə mövcud mətnlərin mahiyyətinə baş vurur və belə bir əsaslı müddəanı ortaya qoyur ki: "Bu birliklərin bir çoxu (başda Rasim Qaraca olmaqla) bir sıra avanqard cərəyanların-sürrealizm, dadaizm, futurizm, eqofuturizm, ekspressionizmin vacib müddəalarını, tələblərini özlərinə əsas kimi götürdüklərini bəyan edirdi". Modernist-eksperimental şeirə də Nərgiz xanımın mümkün qədər ehtiyatlı və obyektiv yanaşma tərzi maraqlı təsir bağışlayır, o, bir çox tənqidçilərlə (o sırada mən də varam) əməlli-başlı polemikaya girir və modernist-eksperimental şeirin artıq ədəbi fakta çevrildiyini qeyd edir.

Nərgiz xanımın bir yazısı da Azərbaycan şeirində postmodernizmin təzahürünə həsr olunub. Həm öncə adını çəkdiyim yazılarda, həm də bu yazıda Nərgiz Cabbarlının mütaliə dairəsinin genişliyi ilə qarşılaşırsan. Bu cəhət müasir tipli tənqidçinin özəl bir xüsusiyyətidir və təkcə N.Cabbarlının deyil, onun bir çox həmkarlarının da üslubuna xas olan bir keyfiyyətdir. Təbii ki, bəzi həmkarlarımızdan fərqli olaraq N.Cabbarlı "sitatlar kolleksiyası" ilə özünün "alimliyini" gözə soxmur, sadəcə, bu müraciətlər-istinadlar məqamında ortaya çıxır. Və hiss olunur ki, N.Cabbarlı postmodernizm deyilən, Azərbaycan ədəbiyyatına gec də olsa daxil olan bu hadisəni (baxış, dünyagörüşü, cərəyan) nəzəri aspektlərini yaxşı mənimsəyib (Azərbaycanda postmodernizmin ən kamil izahı mənim fikrimcə, professor Qorxmaz Quliyevin yazılarında öz elmi təfsirini tapmışdır), Nərgiz xanım onun müasir Azərbaycan şeirində təzahür formalarını aydınlaşdırır. Amma o da hiss olunur ki, Nərgiz xanımın bəzi müşahidələri bir qədər subyektiv xarakter daşıyır. Çünki mətnin dekonstruksiyasına uyan bir çox şairlərin mənasız söz yığınını "postmodernizmin təməl prinsipi" kimi izah eləmək doğru deyil. Bəs sonu nə oldu? Elə buna ən yaxşı cavabı da Nərgiz Cabbarlının özü verir: "Sonrakı mərhələdə o, nəsrdə özünü təsdiqləməkdə və daha dərinlərə işləməkdə olsa da, poeziya haqqında hələ ki bu fikri söyləmək və əsaslandırmaq mümkün deyil. Bununla belə, dünya ədəbiyyatının yaşadığı postmodernizm epoxasının təsiri özünü tam şəkildə göstərməsə də, çağdaş şeirimizdə hələ də duyulmaqdadır". Onun fikirlərindəki belə bir məqama mən də haqq qazandırıram ki, ədəbi gündəmə gətirilən "postmodernist şeir" anlayışını ucdantutma hamının yaradıcılığına aid etmək olmaz. Çünki proqramları başdan-ayağa paradokslardan ibarət olan, xaos və qeyri-stabillik üzərində qurulan üslub - metod yox, sadəcə dünyaya baxış və təfəkkür istiqaməti kimi qavranılan postmodernizmin Azərbaycan poeziyasında "tətbiqi" müxtəlif rəylər doğurdu.

Nərgiz Cabbarlının məqalələrində həm ədəbiyyatın ümumi mənzərəsi, tutaq ki, poeziyada və nəsrdə ayrı-ayrı təmayüllərin izahı ilə yanaşı, yeni nəsil ədəbiyyatı yazarlarının yaradıcılığı da öz əksini tapır. O, Fəxri Uğurlunun hekayələrini təhlil edir, onların nəsrdə maraqlı hadisəyə səbəb olan bədii xüsusiyyətlərini təhlilə çəkir, hekayələrdəki çatışmayan və qüsur hesab etdiyi məqamlara diqqət yetirir. O, 2009-cu ildə və sonrakı illərdə də dərc olunmuş - Hüseynbala Mirələmovun "Qırxıncı otaq", Taleh Şahsuvarlının "Canlanma", Orxan Fikrətoğlunun "Ölü mətn", Şəhriyar del Geraninin "İntihar hörüyü", Cavid Zeynallının "Leyla", H.Herisçinin "Solaxay, Vüsal Nurunun "Doğantağ", Rasim Qaracanın "Qarabağ Dekameronu" əsərləri üzərində ayrıca dayanır, ilk növbədə bədii mətnə müraciət edir, yazıçıların bədii dil mədəniyyətinin nə dərəcədə yetkin olub-olmamasına, təsvir olunan qəhrəmanların müasir dövrün insanını nə dərəcədə təmsil etməsini ön plana çəkir. Amma onun da sevdiyi müəlliflər var və onlardan biri də Salamdır.

O, doğru qeyd edir ki, müasir poeziyanın bir çox qabarıq xüsusiyyətləri Salamın şeirlərində öz əksini tapıb. Salam təkcə "yeni nəsil" adlandırdığımız dəstənin önündə gələnlərdən biri yox, həm də müasir şeirin potensial imkanlarını aşkara çıxaran novator şairlərdən biridir. Əlbəttə, mən N.Cabbarlı kimi onun yaradıcılığını üç mərhələyə bölmək fikrində deyiləm. Salamın ilk şeirlərindən tutmuş son şeirlərinə qədər eyni poetik təfəkkürün əlamətlərini müşahidə etmək olar. "Sözlərin bir neçə məna çalarının qarşı-qarşıya qoyulub təfəkkürü məşğul edən (həm də çaşdıran) assosiasiya yaratması" yaxud "konstruktiv şeir" "quruculuğu" Salamın ilk şeirlərində də duyulurdu. "Duyğunun, hissin birbaşa şeirə ötürülməsi", "birbaşa ifadəsi yox, fərqli məntiqlərin, zidd hisslərin, təzadlı duyğu və fikirlərin xüsusi seçim əsasında qarşı-qarşıya gətirilməsi" Salamın fərdi poetik üslubunun ayrılmaz xassəsi olmuşdur. Ancaq bu xüsusiyyəti təkcə Salamda axtarmaq doğru deyil. Çünki Salamdan çox-çox əvvəl - 60-cı illər şeirində bunu müşahidə etmişik. Salam isə bu "məntiq oyununu" Azərbaycan şeirində "özününküləşdirdi" və mənim bir yazımda qeyd olunduğu kimi eyni xüsusiyyəti Böyükxan Pərviz, Tərlan Əbilov, Əlizadə Nuri, Rəsmiyyə Sabir, Həyat Şəmi kimi şairlər öz yaradıcılığında davam etdirdilər. Doğrudur, onların bir çoxu "Salam yolunu" tərk etdi. Amma Əlizadə Nuri sübut elədi ki, "sözlərin müxtəlif məna çalarlarının bir araya gətirilməsi", "məntiq və təzad oyunu" bir poetik manera kimi hələ bitib tükənməyib.

Nərgiz Cabbarlı bu gün bizim bir çoxumuzda zəifləyən cəsarətli tənqidçi pozasını yaxşı ki, itirmir. Ayrı-ayrı həmkarları ilə polemikaya girir, şairlərin və nasirlərin əsərlərinə qətiyyən ifrat təriflər yağdırmır, sadəcə təhlil edir. Bu təhlillər həm rasionallığı, həm də emosionallığı ilə seçilir və bu iki keyfiyyət çox zaman vəhdət halında təzahür edir. Onun uşaq ədəbiyyatının müasir durumu barədə tənqidləri ilə razılaşmamaq mümkün deyil, çünki gətirdiyi misallar dediyi fikrin təsdiqinə çevrilir.

"Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı" Nərgiz Cabbarlının bu mövzuda sayca üçüncü kitabıdır, amma dördüncü ya beşinci belə bir kitabın yazıla biləcəyi də mümkündür. Öz cavan həmkarıma uğurlar diləməkdən başqa nə deyə sözüm ola bilər...