adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 May 2017 09:57
7727
GÜNDƏM
A- A+

XİLASKAR POLKOVNİK

Oxud kəndi Şəkinin şimal-qərbində, məşhur Kiş çayının günbatan tərəfində, Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir. Bu kəndin adamları haqqında həmişə maraqlı əhvalatlar danışırlar. Kəndin adamları elmə, oxumağa çox meyllidirlər. Şəkinin başqa kəndləri ilə müqayisədə Oxuddan daha çox elm adamları, ziyalılar yetişib. Qədim tarixi olan bu kəndin əhalisi arandakı əkin sahələrində təsərrüfat işləri və heyvandarlıqla məşğul olurlar. Bu kənddə dünyaya göz açanların bir özəlliyi də var, kəndə yalan, böhtan danışmaq ən böyük qəbahət, tərbiyəsizlik sayılır və belə hal olsa bütün kənd camaatı həmin şəxsi ictimai qınaq hədəfinə çevirir, həmin şəxs ümumi tədbirlərə dəvət olunmur. O vaxta qədər ki, öz səhvini etiraf edib, düz yola qayıdır. Yazdıqlarımı təsdiq edən iki olmuş hadisəni diqqətinizə çatdıracağam.

1945-ci ilin əvvəllərində Oxud kəndindən bir müəllimi hərbi xidmətə çağırırlar. Həmin müəllim hərbi komissarlığa gəlir və ona deyirlər ki, get hazırlaş, iki gündən sonra səni də müharibəyə göndərəcəyik. Müəllim komissiya üzvü olan hərbi komissara, prokurora, milis rəisinə sual verir ki, mən müharibəyə gedib nə etməliyəm?

Ona cavab verirlər ki, necə yəni nə etməlisən? Alman faşistləri ilə vuruşmalısan!

Oxud kəndindən olan müəllim deyir ki, 1941-ci ildən bu günə qədər "Kommunist" qəzetində çap edilən müharibə haqqında məlumatları yığıb saxlamışam. Həmin məlumatlarda Sovet ordusu tərəfindən məhv edilən Alman faşistlərinin sayını üst-üstə hesablamışam. Həmin hesaba görə indi Almaniyada heç bir nəfər də olsa Alman qalmayıb. "Kommunist" qəzeti sizcə yalan yazır? Mən gedib kiminlə vuruşacağam? Boş-boşuna gedib qayıtmaqdansa kəndimizdə uşaqların savadlanması ilə məşğul olsam yaxşıdır deyir və dönüb gedir evinə.

Yazacağım ikinci əhvalat 1970-ci ilin aprel ayında olub. Şəki Şəhər Partiya Komitəsinin plenum iclasında birinci katib Aydın Kaşiyev işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilir, Sadıq Murtuzayev birinci katib seçilirdi. Plenumda çıxış edənlərin hamısı Aydın Kaşiyevi tənqid atəşinə tutur. Şəki rayonunda qeydə alınan və alınmayan bütün nöqsanların səbəbkarı kimi birinci katibi günahlandırırlar. Plenumda çıxış edən Oxud kənd sakini, raykomda kənd təsərrüfatı şöbəsinin müdiri işləyən Ələsgər Cəbrayılov (qəhrəman Əhmədiyyə Cəbrayılovun qardaşı) öz çıxışında rayonun bir sıra müvəffəqiyyətlərindən danışdıqdan sonra üzünü Aydın Kaşiyevə tutub deyir:

- Hörmətli Aydın müəllim, mən həm öz adımdan, həm də mənim şöbəmin işçiləri adından sizdən üzr istəyirəm. Biz öz işimizdə çox ciddi nöqsanlara yol vermişik. Biz hamımız və bu zalda oturanlar, sizdən aşağı bütün vəzifə sahibləri əgər yaxşı işləsə idilər bu gün sizi tutduğunuz vəzifədən azad etməzdilər, sizə orden, medal verib daha yüksək vəzifələrə irəli çəkərdilər. Hamımızın səhvlərinə görə bu gün sizi vəzifənizdən azad edirlər, hamımız bunu başa düşməli və öz səhvlərimizi etiraf etməyi bacarmalıyıq. Çıxışının sonunda öz vəzifəsində nöqsanlara yol verdiyinə görə raykomda şöbə müdiri vəzifəsindən azad edilməsi xahişi ilə yeni birinci katibə - Sadıq Murtuzayevə ərizəsini təqdim edir. Sadıq Murtuzayev çox ağıllı, dünya görüşü olan adam idi. O, həmin ərizəni oxuyub gülə-gülə deyir:

- Bu zalda bir nəfər kişi adam gördüm o da sənsən, mən səni də işdən çıxarıb kiminlə işləyəcəyəm.

İkinci Dünya müharibəsi illərində Oxud kəndindən hərbi xidmətə gedən yüzlərlə vətənpərvər oğulların yarıdan çoxu geri qayıtmayıb. Onların hamısı qəhrəmanlıqla şəhid olublar. Müharibədən sonra kəndinə qayıdanlar isə kolxozda təsərrüfat işləri ilə məşğul olmaqla bərabər gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasını da diqqətdə saxlayıblar. Kənd məktəbində müntəzəm olaraq təşkil edilən müxtəlif ictimai tədbirlər, ədəbi-bədii gecələr, müharibə veteranları ilə görüşlər şagirdlər üçün maraqlı olurdu. 1970-cı illərin əvvəllərində belə tədbirlərdə fəal iştirak edən məktəbin yuxarı sinif şagirdi İmran Salamov çoxlarının diqqətini cəlb edir.

Kəndin qəhrəman oğulları Əhmədiyyə Cəbrayılov, Nuru Abdullayev, Bəliyar Məmmədov və başqaları ilə görüşdə İmran Salamov müharibə veteranlarına belə bir sual vermişdi; - Qəhrəman olmaq üçün nə etmək lazımdır?

Fransada partizan hərəkatı rəhbərlərindən biri olan, Fransanın milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun cavabı gənc İmranın həyat lozunquna çevrilir. O cavab vermişdi ki, "Qəhrəman olmaq üçün üç əsas amil var, onlara əməl etmək lazımdır; birinci yaxşı təhsil almaq, ikinci yaxşı tərbiyə almaq, üçüncü sağlam bədənin olmalıdır. Bunun üçün isə müntəzəm idmanla məşğul olmaq lazımdır! Bu keyfiyyətləri özündə formalaşdıran insan ağıllı və vətənpərvər olur. Vətənini, xalqını, valideynlərini sevən insan isə cəsur və qorxmaz olur!"

İmranın atası və anası adi, sadə kənd sakini idilər. Atası kolxozda müxtəlif təsərrüfat işlərində çalışardı, anası isə qabaqcıl tütünçü idi. Özünün dediyi kimi o vaxtlar əksər kənd adamları kimi onların da ailəsi ancaq halal qazancla dolanırdı. Halallığı və tərbiyəni atasından, anasından görüb-götürən İmran təhsili də doğma kənd məktəbində yüksək səviyyədə alır. O, həm də yaxşı idmançı kimi özünü gələcəyə hazırlayır. Bakıda ali məktəbə qəbul imtahanı uğursuz olduğu üçün İmran hərbi xidmətə getməli olur və Litva Respublikasının Pravenişkes qəsəbəsində əsgəri borcunu yerinə yetirir. Burada o, bir çox idman yarışlarının qalibi kimi hərbi hissənin ən yüksək mükafatlarını alır, fəxri fərmanlarla, döş nişanları ilə təltif edilir. Qəhrəmanlıq üçün ona deyilən tövsiyələri İmran Salamov ildən-ilə özündə daha geniş formalaşdırır. Təhsili, tərbiyəsi və idman uğurları onun gələcək həyat yollarına işıq salır. Hərbi xidməti başa vuran kimi İmran Salamov xarakterinə uyğun sahədə işləmək, asayişin keşiyində dayanmaq arzusu ilə Kaunas şəhərində milis (indi polis adlanır) idarəsinə ərizə ilə müraciət edir. Rəis general-mayor İmranın Daxili qoşunlarda hərbi xidmətdə olarkən idman yarışlarında qazandığı uğurları əks etdirən sənədlərə baxıb fəxri fərmanları, bir neçə yüksək təltifləri görüb çox təəccüblənir və belə bir kadrı əldən buraxmamaq məqsədilə elə həmin gün onu işə qəbul edir. Üç aydan sonra İmran Salamov rəhbərliyin etimadını qazanaraq Lvov şəhərinə təkmilləşmə kursuna göndərilir. Dörd ay davam edən kursda İmran Salamov nümunəviliyi ilə hamıdan fərqlənir və geri qayıtdıqdan sonra baş çavuş rütbəsi ilə polis kimi xidməti işini davam etdirir. Ancaq ali təhsil almaq arzusu onu rahat buraxmır. Bir də o, ali təhsil alacağı haqda valideynlərinə söz vermişdi, vədinə əməl etmək lazım idi. Bu məqsədlə İmran rəhbərliyə müraciət edir və onun arzusu nəzərə alınaraq ali hüquq təhsili almaq üçün Ukraynanın Dnepropetrovsk şəhərindəki universitetə göndərilir. İmran Salamov imtahanları müvəffəqiyyətlə verib hüquq fakültəsinə daxil olur. O, burada da nümunəvi tələbə kimi az vaxtda tanınır. Sonuncu kursda diplom müdafiəsinə hazırlaşanda bir bədbəxt hadisə baş verir. 1986-cı ilin aprel ayının 26-da İmran müəllim ailəsi və yaxın dostları ilə ad gününü qeyd edəndə Çernobıl Atom Elektrik Stansiyasında partlayış olur. Milyonlarla insanın həyatı təhlükədə olanda Moskvadan həyəcan siqnalı verilir və Dinepropetrovsk Universiteti hüquq fakültəsinin tələbələrinə Çernoblda xilas edici dəstələrdə işləmək tapşırığı verilir. Yaradılan dəstələrdən birinə İmran Salamov rəhbərlik etməli olur. O, burada aldığı qeyri-adi tapşırıqları yerinə yetirir, minlərlə insanın həyatının xilas edilməsində yenə də İmran Salamov və onun briqadası hamıdan fərqlənir.

Bütün bunlar İmran Salamovun sağlamlığına ciddi təsir etsə də verilmiş tapşırıqları yüksək səviyyədə yerinə yetirdikdən sonra Ukraynanın Dnepropetrovsk şəhərində hüquq təhsilini başa vurub təyinatla Rusiyanın Çita vilayətinə göndərilir. Gənc hüquqşünas, leytenant İmran Salamov burada az vaxtda hörmət və nüfuz qazanır. Hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirən İmranın rütbəsi vaxtı çatdıqca artırılır. Bir müddət sonra rəhbərlik nümunəvi polis əməkdaşı kimi daha yüksək vəzifələrə irəli çəkmək məqsədi ilə onu İrkutskidəki Polis Akademiyasında təhsil almağa göndərir. İmran Salamov Akademiyada da təhsil illərində çoxlarından fərqlənir, bütün göstəriciləri yüksək olduğuna görə geri qayıdanda vəzifəsi və rütbəsi yenə artırılır. İmran Salamov ailəsində aldığı tərbiyəyə daim sadiq qalaraq haram qazancdan, rüşvətdən uzaq dayanır. Bu isə onun üçün tez-tez problemlər yaradır. Kriminal dəstələr İmran Salamova qarşı imkan düşən kimi təxribatlar, sui-qəsdlər törədirlər. Bir neçə dəfə süni surətdə təşkil olunmuş avtomobil qəzasına düşür, gecənin qaranlığında operativ əməliyyatdan qayıdanda xüsusi təlim çəkmiş iti onun üstünə buraxırlar, ictimai yaşayış binasının beşinci mərtəbəsində evində yatarkən mənzilini yandırırlar və sair təxribatlar və ona qarşı şantajlar hazırlayırlar. Lakin İmran Salamov ayıq-sayıqlığı, cəsarəti və məntiqli qərarları ilə onlara həmişə qalib gəlir. Heç bir təsir və təzyiq onu öz əqidəsindən, məsləyindən döndərə bilmir. Bəzən elə hallar da olurdu ki, paqon yoldaşları ona bir qədər yumşalmaq təklifi edirdilər. Bəhanə də onu gətirirdilər ki, zəmanə ilə ayaqlaşmaq lazımdır, çayın axarının əksinə üzmək olmaz. İmran Salamov onlara qətiyyətlə bildirirdi:

-Mən yüngül atletika, atıcılıq və üzgüçülük üzrə yarışlarda həmişə qalib olmuşam, ən iti axan çayların əksinə üzməyi bacarıram! Bunu hər iki mənada deyirəm!

Zaman keçdikcə İmran Salamovun təmiz adamlar arasında hörməti və nüfuzu artır əks tərəfdə isə düşmənləri daha da aqressivləşirdi. Beləliklə 28 il qürbətdə tam qüsursuz işləyib polkovnik rütbəsinə qədər yüksələn İmran Salamov nəhayət təqaüdə çıxıb vətənə, doğma kəndinə dönür.

Polkovnik İmran Salamov barədə eşitdiklərim məndə çox böyük həvəs yaratdı ki, onun haqqında bir məqalə yazım bu həvəs ilə onunla görüşdüm. Məni çox maraqlandıran bu insan elə ilk dəqiqələrdə sadəliyi, səmimi söhbətləri ilə geniş və xoş aura yaratdı. Əqidəli və gənc nəsil üçün örnək ola bilən İmran müəllim təvazökarlıq edib onun haqqında yazı yazılmasını istəmədi. Mən deyəndə ki, İmran müəllim bu gün siz təqaüddə olan, sinəsi ordenli, medallı polkovniksiniz, bu yazı gənc nəslin düzgün tərbiyə olunması, vətənimiz üçün qəhrəman oğulların yetişdirilməsi naminə təbliğat vasitəsi kimi daha çox lazımdır. Onda İmran müəllim mənimlə razılaşdı və dedi:

Mən də gənc yaşlarımda tanıdığım, haqqında oxuduğum qəhrəmanlardan çox şeyi öyrənmişəm.

Beləliklə bizim söhbətimiz başlandı. Birinci sualım Çernobıl hadisəsi haqqında oldu.

- İmran müəllim, necə oldu siz Çernobıl faciəsində xilas edicilər dəstəsində iştirak etməli oldunuz?

- Bu elə faciə idi ki, ürəyində, beynində ümumbəşəri duyğular olan heç bir insan kənarda qala bilməzdi. Mən də insanlara yardımçı olmaq, onları faciə baş vermiş ərazidən təcili olaraq çıxarmaq məqsədi ilə bu çağırışa qoşuldum. İnsanlar nə baş verdiyini və onun fəsadları haqqında məlumatsız idilər. Ona görə ki, ilk günlərdə hətta Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza haqqında dəqiq və rəsmi məlumat verilmirdi. Yaxın ərazidə yaşayan insanlar nə üçün evlərini tərk etməli olduqlarını bilmirdilər. Ev heyvanlarının, orqanizmi zəif olan insanların kütləvi surətdə öldüyünü görəndə bunu anlayırdılar. Çox maraqlıdır ki, qarğalardan və siçovullardan başqa bütün canlılar, ən əsas da insanlar məhv olurdular. Gördüklərimizi və bildiklərimizi kimsəyə deməyə bizə icazə vermirdilər. Biz müxtəlif bəhanələrlə insanları mənzillərindən çıxarıb, ev əşyalarını aparmağa imkan vermədən həmin ərazidən uzaqlaşdırır, ikinci-üçüncü dairə xilasedici dəstələrə təhvil verirdik. Çoxuna yalan məlumat verirdik ki, atom elektrik stansiyasında daha dəhşətli növbəti partlayış ola bilər və sair. Özümüz isə hər dəfə şüalanırdıq. Əynimizə geyindiyimiz xüsusi mühafizə paltarları da bunun qarşısını tam ala bilmirdi. Bir dəfə bizi əvəz edəcək növbəti dəstə təxminən 76 saat gec gəldi. Buna baxmayaraq rəhbərlik etdiyim dəstə ərazini tərk etmədi və biz insanları xilas etmək, həmin ərazidən çıxarmaq əməliyyatını davam etdirdik. Mənim rəhbərlik etdiyim dəstənin heyəti və mən normadan artıq şüalandıq. Mən həmin gün 22 dozadan çox şüa aldım. Bu işdə günahkar olanlar cəzalandırıldı, ancaq bizə dəyəsi ziyan artıq dəymişdi.

- İmran müəllim, mənim bildiyimə görə Çernobılda göstərdiyiniz fədakar xidmətin müqabilində Rusiyanın Ali mükafatı olan "Ölümcüllərin xilaskarı" medalına layiq bilinmisiniz. Mümkünsə bu haqda bir qədər geniş danışın.

- Çernobıl faciəsindən 15 il sonra məni gözlənilmədən Moskvaya Rusiya Daxili İşlər Nazirliyinə çağırdılar. Onda mən Çita Vilayəti Baş Polis İdarəsində təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində işləyirdim və polkovnik-leytenant rütbəsində idim. Ümumiyyətlə 28 il qüsursuz xidmət etmişəm və buna görə də dəfələrlə fərqlənmə medalı ilə təltif olunmuşam. Amma hər halda düşünürdüm ki, görəsən işimdə nə nöqsan olub, kimsə məndən şikayət edib, nə olub bu böyüklükdə idarədən tək məni Moskvaya çağırırlar. Yol boyu müxtəlif fikirlər məni üzdü. Rusiya Daxili İşlər Nazirliyində mənə dedilər ki, Rusiya Prezidenti B.N.Elsin səni Kremlə dəvət edib və hansısa yüksək mükafatla təltif olunacaqsan. Bu mənim həyəcanlı düşüncələrim müqabilində əsil sürpriz oldu. Cənab prezidentlə görüşümüz çox maraqlı şəraitdə baş tutdu. Biz dörd nəfər idik. O, bizi çox səmimi qarşıladı, Çernobıl haqqında geniş, əhatəli məlumatlı idi və bizim xidmətimizi yüksək qiymətləndirdi. "Ölümcüllərin xilaskarı" adlı medalın mahiyyəti, bu medalın kimlərə və nə üçün verildiyi haqda danışdı. Cənab prezident bizim minlərlə insanın həyatını ölüm təhlükəsindən xilas etmə işimizi qəhrəmanlıq adlandırdı və həmin medalı şəxsən özü sinəmizdən asdı. Onda mən həyatımda ən unudulmaz anları yaşadım. Elə bil həmin dəqiqələrdə canımın sızıltısını, ağrılarını tamam unutmuşdum. İşinə, zəhmətinə qiymət veriləndə özündə bir rahatlıq, yüngüllük hiss edirsən və daha həvəslə çalışırsan, bu təbiidir. Onu da qeyd edim ki, bizim ölkəmizdən - Azərbaycandan Çernobıla çağırışla işləməyə gələnlər çox idi. Sonralar statistik göstəricilərdən məlum oldu ki, bütün azərbaycanlılar arasında "Ölümcüllərin xilaskarı" medalı bircə mənə verilib. Mən geri qayıdanda aldığım mükafata görə şad olanlar da oldu, paqon yoldaşlarımdan paxıllıq edənlər də. Ötən il Çernobıl faciəsinə həsr edilən "30 illik kabus" sənədli film çəkildi. Hətta onda da bir çox faktların üstündən sükutla ötdülər. Mənim fikrimə görə, bunlar açıqlansa daha yaxşı olar. Ona görə ki, indi də bəzi dövlətlər atom silahı əldə etməyə can atırlar, sadə insanlar bu silahın bəşəriyyət üçün nə qədər faciə törədəcəyini bilmirlər və çoxları elə düşünür ki, belə silahların bir çox dövlətlərdə olmasının heç bir fərqi yoxdur. Amma bu belə deyil, bəşəriyyət üçün fəlakət gətirəcək atom silahlarının mövcud olması və artımı bütün dünya xalqları üçün potensial təhlükədir, onun qarşısı qətiyyətlə alınmalıdır. Azərbaycan tolerant, çoxmillətli bir dövlətdir və bizim ölkədə daim sülhsevər siyasət aparılır. Amma bədxah qonşularımız həmişə aqressiv mövqe tuturlar. Ermənistandakı köhnəlmiş, istismar dövrünü başa vurmuş Metsamor Atom Elektrik Stansiyası bütün region üçün potensial təhlükədir və onlar hətta beynəlxalq təşkilatların bu haqda xəbərdarlıqlarına məhəl qoymurlar. Onların bu hərəkətləri dünya dövlətləri və xalqları tərəfindən pislənilməli, bu hallara qarşı konkret, operativ və ciddi tədbirlər görülməlidir. Azərbaycan xalqı daim dünyada sülhün tərəfdarı olub və prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənabları hətta indiki vəziyyətdə belə torpaqlarımızın azad edilməsinin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Biz bunu alqışlayırıq.

- İmran müəllim, özünüz qeyd etdiniz ki, Azərbaycan müharibə şəraitində yaşayır. 1988-ci ildən başlayan bu münaqişə nəticəsində xalqımız ağır müharibə vəziyyətinə düşdü, torpaqlarımızın 20 faizini itirdik. O vaxtlarda siz vətənə dönmək, torpaqlarımızı düşməndən xilas etmək haqqında nə düşünürdünüz?

- Bu, yerində verilən bir sualdır. Biz Azərbaycanlılar vətənə, torpağa bağlı insanlarıq. O vaxt mən Çernobılda aldığım yüksək dozada şüalanmadan ardıcıl müalicələr alırdım, səhhətim imkan vermirdi ki, Azərbaycana döyüş bölgəsinə gəlim. Ümumiyyətlə Çernobılda həddindən çox şüalananların hamısını ona görə uzaq şərqə, şimala göndərmişdilər ki, adi günəş şüasından qorunaq və aldığımız müalicələrin müəyyən qədər effekti olsun. Amma buna baxmayaraq, o zaman Azərbaycan hökumətinə rəsmi məktubla müraciət etdim və mövcud rütbəmlə işə qəbul olunub cəbhə bölgəsinə göndərilməyimi xahiş etdim. Bir necə dəfə müraciət etdikdən sonra mənə rəsmi cavab məktubu gəldi. Həmin məktubda yazılmışdı ki, Azərbaycanla Rusiya arasında kadr dəyişdirmək haqqında müqavilə yoxdur və bu məsələnin həlli mümkün deyil. Belə oldu mən Azərbaycana gələ bilmədim, bütün bunlara baxmayaraq mən yenə cəhdlər etdim və nəhayət Ulu Öndər Heydər Əliyev Azərbaycana qayıtdı, az vaxtda daxili və xarici təxribat qüvvələri zərərsizləşdirildi və ermənilərlə atəşkəs elan olundu. Dahilərin belə bir kəlamı var, deyirlər səmada qartal görünəndə aşağıda başqa canlılar hərəkətdən dayanır və gözə görünməmək üçün gizlənməyə çalışırlar. Ümummilli liderimiz Heydər Əliyev vətənə qayıtdı. O, səmada qartal kimi göründükdən sonra mən Azərbaycandan arxayın oldum. Ona görə ki, bütün dünya siyasətçiləri Heydər Əliyevi tanıyırdılar və onunla oyun oynamağın mümkünsüzlüyünü başa düşürdülər. Belə olduğuna görə mən Rusiyada qalıb xidmətimi və müalicəmi davam etdirdim.

- İmran müəllim, bəs necə oldu təqaüdə çıxanda Azərbaycana qayıtdınız?

- Hər bir Azərbaycanlı üçün vətən müqəddəs və əvəzolunmazdır. Şair sözü ilə desək;

Vətəni sevməyən insan olmaz, olsa o şəxsdə vicdan olmaz!

Mən də uzun illər vətən həsrəti ilə yaşamışam. Hələ qalıb işləyə bilərdim. Mənə daha yüksək vəzifə və həmin vəzifəyə görə generel-mayor rütbəsi təklif olundu, amma daha səbrim çatmadı. Anam rəhmətə gedəndən sonra atam tək qalmışdı. Doğrudur qardaşım, bacım atama qayğı, diqqət göstərirdilər, mən də öz övladlıq borcumu yerinə yetirməli idim. Həm də iki qızım, bir oğlum var, istəyirdim onlar gənclik yaşlarında Azərbaycanda milli mentalitetimizə uyğun yetişsinlər. Bu mənim üçün general rütbəsindən vacib idi. Allaha çox şükür edirəm ki, övladlarım Azərbaycan əxlaqı ilə böyüyüb, tərbiyə və təhsil alırlar.

Sinəsi ordenli-medallı polkovnik İmran Salamovun həyat yoldaşı da həmkəndlisidir, gözəl mənəviyyatlı, ailəsi və iki nəvəsi var.

İmran Salamov hazırda Şəki şəhər 6 nömrəli məktəbdə hərbi müəllim işləyir. Onun şagirdləri məktəblərarası hərbi hazırlıq yarışlarında, atıcılıqda həmişə yüksək yerlər tuturlar. O, həm də fəal təbliğatçıdır. Hər il Şəkinin bütün məktəblərində bir neçə dəfə ictimai tədbirlərdə iştirak edir, vətənpərvər mövzularda gənclərə maraqlı əhvalatlar danışır. Onunla görüşlər həm gənclər üçün, həm də ictimaiyyət üçün həmişə maraqlı və yadda qalan olur.