adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 May 2017 09:46
5406
GÜNDƏM
A- A+

SALAM, USTAD, MƏN TƏBRİZƏ GƏLMİŞƏM


(Əvvəli ötən saylarımızda)



İlahi, dünyada yeni dünyadır,

Söz-sənət dünyası Xəstə Qasımın.

Tilsimli kitabdır, sonsuz dəryadır,

Tükənməz ziyası Xəstə Qasımın.



...Səhər tezdən Böyükağa Piroğlu ilə sağollaşıb Əhərə gedən dayanacağa gəlirəm. Cənubi Azərbaycanın digər şəhərlərindən fərqli olaraq burda ağız deyəni qulaq eşitmirdi. Səs-küy aləmi başına götürmüşdü. Sürücülər əlinə keçən sərnişini zorla maşına oturmağa məcbur edirdilər. Hətta aralarında dava-dalaş da baş verirdi.

...Maşından düşdüyüm andan üstümə tökülən sürücülərə: - Mən adam gözləyirəm, heç yana getmirəm, - deyə onların üstünə qısqırdım.

Ləhcəmdən və geyimimdən şübhələnən sürücülər deyinə-deyinə qırağa çəkildilər. Elə bu vaxt bir nəfər gənc mənə yaxınlaşıb ədəb-ərkanla verib, Böyükağanın qonşusu olduğunu və Əhərə getdiyini bildirdi. Maşına əyləşib yola düşdük. Yolboyu Əhərin tarixindən, onun tanınmış simalardan danışırıq. Bir neçə dəfə adını soruşsam da o, sualdan yayınıb Bəzz qalasından, Şeyx Mahmud Əhəridən, Mirzə Hüseyndən danışdı. Nəhayət, saat yarımdan sonra Əhərə çatdıq. Sürücü maşını birbaşa Böyükbəy Hacı Ələkbər oğlunun qapısına sürdü. Şəhər sükut içində idi, camaat hələ yuxudan oyanmamışdı. Sürücü qapını döyəcləyib bir neçə dəfə: - Böyükbəy, Böyükbəy, - deyə səsləndi.

Qapını 13-14 yaşlarında bir yeniyetmə açdı:

- Ramiz əmi, xoş gəlmisiniz, - deyib boynumu qucaqladı.

Mən quruyub yerimdə qaldım. Axı, bu qapını ilk dəfəydi ki, açırdım. Tutulduğumu görən yeniyetmə:

- Ramiz əmi, dünəndən sizi gözləyirik, burda gizli nə var ki? - dedi.

Oğlanın, mənim təkidlərimə baxmayaraq sürücü pul götürmədən sağollaşıb getdi.

Yeniyetmə evə daxil oldu. Beş dəqiqədən sonra geri qayıtdı, məni evə dəvət etdi.

...Tanınmış folklorşünasımız, Qaradağ Aşıqlar Birliyinin sədri Böyükbəy Hacı Ələkbər oğlunun yeməkdən sonra mənə ilk sualı bu oldu:

- Müəllim, Böyükağa sizi Xəstə Qasımın türbəsinə apardımı?

- Yox, təəssüflər olsun ki, vaxt çatmadı, - cavabını verdim.

- Bu olmadı ki, Təbrizə gələsən Xəstə Qasımın türbəsini görməyəsən? Hazırlaşın, gedirik, - deyib maşını işə saldı.

Vaxt itirmədən Tikmədaşa yola düşdük. Yolüstü Təbrizə dönüb Cənubi Azərbaycanın tanınmış sənətkarları Əli Səlimini, Böyükağa Əlizadəni, Həmzə İbrahimpuru götürüb Tikmədaşa yollandıq. Bostanabadda nahar edib yolumuza davam etdik. Böyükbəyin məsləhəti ilə Xəstə Qasımın səkkizinci qızı Xuraman xanımın yadicəsi, çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi şair Əkbərağa Qənbərinin evinin qonağı oluruq.

Elə bu anda Növrəs İmanın aşağıdakı misrası yadıma düşür:



- Xəstə Qasım, Məmmədsöyün, Ələsgər,

Qalan şair hamısı üz gəlib, gedib.



Ünlü sənətkarımız Əli Səliminin və Əkbərağa Qənbərinin verdikləri məlumata görə, Qasım İbrahim oğlu 1670-ci ildə Azərbaycanımızın axar-baxarlı guşəsi, əsrarəngiz, füsunkar təbiəti ilə seçilən Tikmədaş kəndində anadan olub. Atası İbrahim oğlunu yüksək savada malik din xadimi görmək istəyirmiş. Elə bu arzu ilə də oğlunu dövrünün tanınmış din xadimi Mirzə Hüseynin yanına gətirir. Qasım az müddət ərzində "Quran"ı, hüsnü-xətti dərindən mənimsəyir. Sonra Mirzə Hüseynin məsləhəti ilə Qasım Şərqin ən məşhur dini mərkəzlərindən olan Ərdəbilə gedir. Şeyx Şəfi məktəbində (məscidində) mükəmməl dini təhsil alıb Tikmədaşa qayıdır. Kənddə mədrəsə açıb şəriət fənlərindən dərs deməyə başlayır. Boş vaxtlarında taxılçılıqla məşğul olur.

Haşiyə... Günlərin bir günü Qasım taxıl zəmilərinə baş çəkməyə gedir. Xeyli gəzib dolanandan sonra münasib bir yerdə oturur. Bu zaman yaxınlıqda olan taxıl zəmisi onun diqqətini cəlb edir. Kiçik bir ərazidə yetişmiş sünbüllər həm yaşıllığına, həm dənin böyüklüyünə, həm də külək vurduqca səs-səsə verib həzin musiqi yaratmalarına görə Qasımın diqqətini çəkir. Həmin yerin taxılını biçir. Əl dəyirmanında (kirkirədə) üyüdüb kömbə bişirir. Üçdə iki hissəsini yeyib qurtarmamış bir ləzgi çoban ona yaxınlaşıb ac olduğunu deyir. Qasım bir söz demədən kömbənin qalan hissəsini ləzgiyə verir.

Az keçmir ki, Qasım Xəstə Qasım, çoban isə Ləzgi Əhməd təxəllüsü ilə böyük şöhrət qazanırlar. Xəstə Qasım Azərbaycanın, Ləzgi Əhməd Dağıstanın azman sənətkarlar kimi tanınırlar. Deyilənə görə, həmin axşam yuxuda Məmmədxanın bacısı Pəri xanım Xəstə Qasıma buta verilir. Dastanı yaralamaqdan çəkindiyim üçün bu yolda onun başına gələn qəzavü-qədərdən danışmaq istəmirəm. Yəqin ki, gələn saylarımızın birində dastanı olduğu kimi nəşr edəcəyik.

Ancaq bəzi məqamlara toxunmaqla fikrimizi tamamlamağa çalışacağıq.

...Üç gündən sonra Qasım gözünü açanda başının üstündə ata-anasını və müəllimi Mirzə Hüseyni gördü. Qasım onlardan saz tapıb gətirməyi xahiş edir. Mirzə Hüseyn sazın şeytan əməli olduğundan çox danışır. Qasım onun sözünü dinləmir, atasından saz tapıb gətirməsini xahiş edir. Çarəsiz qalan Mirzə Hüseyn icazə verir. Saz gəlib çatan kimi Qasım onu sinəsinə basıb görək Mirzə Hüseynə nə deyir:



Yatmışdım, üstümə gəldi ərənlər,

Qasım, nə yatmısan, oyan dedilər.

Ağamın əlindən bir badə içdim,

Məqribdən Məşriqə o yan dedilər.



...Xəstə Qasım həmin gündən xalqın sevimlisinə çevrilir.

Xəstə Qasımın üç həyat yoldaşı olub. Pəri xanım, Səlbi xanım və təəssüflər olsun ki, üçüncü xanımın adı yaddaşlardan silinib.

Xəstə Qasım yaradıcılığında aşıq poeziyasının bütü janrlarından istifadə edib. Qoşma, gəraylı, müxəmməs, qıfılbənd və s. Onu da qeyd edək ki, Aşıq Ələsgər istisna olunmaqla, bu günə kimi Xəstə Qasımın qıfılbəndlərini heç bir şair və aşıq aça bilməyib.

Xəstə Qasımın həmişəyaşar ustadnamələri isə başqa bir aləmdir:



Xəstə Qasım kimə desin dadını,

Canı çıxsın özü çəksin odunu...

Yaxşı igid yaman etməz adını,

Çünki, yaman addan ölüm yaxşıdır.



Yaxud:



Xəstə Qasım günü keçmiş qocadır,

Gələn bəzirgandır, gedən xocadır.

Sərv ağacı hər ağacdan ucadır,

Əsli qıtdır, budağında bar olmaz.



Ustad sənətkarımız 1744-cü ildə Haqqın dərgahına qovuşmuş və Tikmədaş qəbiristanlığında dəfn edilmişdir. Qədirbilən xalqımız tərəfindən Xəstə Qasımın yaradıcılığı yüksək qiymətləndirilmiş, Tikmədaşın girəcəyində, kənd qəbiristanlığında ustad sənətkarın büstü qoyulub. Əkbərağa Qənbərinin dediyinə görə, Xəstə Qasımın məqbərəsi 1992-ci ildə inşa edilib. Lakin bu məqbərə o qədər də ürəkaçan olmayıb.

Nəhayət, 2004-cü ildə istedadlı şairimiz Məmməd Aslan, gözəl folklorşünasımız Böyükbəy Ələkbəroğlu və Aşıq Elbrus Tikmədaşda Xəstə Qasımın məzarını ziyarət ediblər. Məmməd Aslanın təşəbbüsü ilə onlar Bostanabad ostandarı ilə görüşüb, vəziyyət barədə ona məlumat veriblər. Ostandar icazə verdikdən sonra Əkbərağanın və qəsəbə sakinlərinin vəsaiti hesabına nadir naxışlarla bəzədilmiş məzarın üstündə məqbərə - türbə ucaldılıb. Həmin məqbərədə Xəstə Qasım, oğlu Əhməd, həyat yoldaşı Pəri xanım və qızı uyuyur.

Böyükbəy Ələkbəroğlu söhbət zamanı qeyd etdi ki, Xəstə Qasıma mənəvi qalanı öz yaradıcılığı və böyük folklorşünas alimimiz Sədnik Paşa Pirsultanlı ucaldıb. Çünki Sədnik müəllim Cənub səfərlərinin birində Tikmədaşda oldu, qısa müddət ərzində "Xəstə Qasım irsinin tədqiqi" monoqrafiyasını yazdı. Həmin əsər hal-hazırda İranın Türkiyənin və Azərbaycanın elm ocaqlarında tədris olunur.

Sədnik Paşa Pirsultanlı bu monoqrafiyada "Əsli və Kərəm", "Qurbani" dastanlarının Xəstə Qasım tərəfindən yazıya alındığını, dastan halına salındığını elmi əsaslarla sübut etdi.

Ramiz TƏMKİN,

AYB-nin üzvü