adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

KÜR DƏLİ, ARAZ QƏDDARDI

SEYFƏDDİN ALTAYLI
85150 | 2017-05-27 09:42
Dünyaya gəldiyim Iğdır vilayətinin Dizə kəndi düz Arazın tinindədi. 1960-cı illərə kimi hamı içmə suyunu Arazdan götürürdü. Mal-qara da Arazda suvarılırdı. Qışın şaxtasında isə Araz həddən artıq təhlükəli olurdu. Çay iti axdığına və qıraqları buz bağladığına görə qorxulu idi. Neçə cavan qız səhənginə su doldurmaq istəyərkən ayağı sürüşüb çaya düşmüş, Araz da bütün çırpınmalara, döyünmələrə və yalvarmalara baxmayaraq onları altına basıb aparmışdı. Kəndimizdə o qədər insanın qanına girmişdi ki, hamı Araza ayrı cür baxırdı. Onun adı "Qanlı Araz"dı. Deyilə bilər ki, hər il bir qan edirdi, bir neçə malı və ya kəndimizin bir sakinini sürütdüyüb özünə çəkir və onun ocağına od salırdı.

Kürdən isə xəbərim yoxdu, çünki bizə çox uzaqdı, ancaq atam (mən atama Dadaş deyirdim) Kürdən keçmişdi. Kəndimizdə Kür çayını keçənlərə ayrı gözlə baxırdılar və onu yalnızca Dadaşım keçmişdi. Kimin uşağının boğazı gəlsə atamın üstünə gələr və "Əli əmi, uşağın boğazı gəlib, onu əlləyib üfür sağalsın" deyir, atam da çox qəribədir, uşağın boğazını sığallayıb dua oxuyandan sonra uzaq başı iki günün ərzində problem həll olub gedirdi. Uşaqlığımda da, gəncliyimdə də, o vaxtlar kəndimizdə Kür çayından keçənlərə niyə bir növ müqəddəs insan gözüylə baxırdılar başa düşmürdüm, elə indinin özündə də mənə qaranlıqdır. Uşaqlıqdan, yəni ağlım başıma gələndən bir şeyə şahid olmuş, yaxşıca dərk etmişdim, kəndimizdə hamı Azərbaycanın adını ürəklərinə müqəddəs bir rəmz kimi çəkmişdi. Kür də Azərbaycana sarı axırdı. Azərbaycan kəndlilərimiz üçün sanki qiblə idi, ona duyulan məhəbbətin sərhəddi yoxdu.

Aradan illər keçib, oxuyub universiteti bitirib TRT-də işə düzələndən sonra Azərbaycanla bağlı fəaliyyətlərim daha da intensivləşmişdi. Aqil Abbas bəy bir dəfəsində Ankaraya gəldikdə söhbət arasında "Qardaş niyə bizim qəzetə məqalə yazmırsan?" deyə sual vermişdi. Radionun işləri başımı o qədər qatmışdı ki, Aqil bəyin dediyi bu məsələni heç vaxt fikirləşməmişdim. Elə o deyən gündən deyilə bilər ki, hər həftə bir məqalə yazıb yollamağa başladım. Bunu da deyim ki, Azərbaycan mətbuatını həmişə izləyirdim, müəyyən vaxtlarda "Ədalət” və "Ekpres” qəzetinə məqalələr yazıb yollayırdım. "Ekspres”in baş redaktoru Qəzənfər Bayramov ilə 90-cı illərdən dost idik, Aqil bəy ilə 1988-ci ildən.

"Ədalət” qəzetində köşə yazarlarından mərhum qardaşım Tofiq Abidin (məkanı cənnət olsun), Əbülfət Mədətoğlu, Faiq Qismətoğlu, Vəsilə Usubova, İradə xanım və Aqil Abbasın məqalələrini daim oxuyardım. Nədənsə Əbülfət Mədətoğlu ilə Vəsilə Usubovanın yazılarına ayrı cür yanaşırdım, çünki onların yazılarında məni cəlb edən ayrı bir ab-hava vardı. Həm Əbülfət bəyə, həm də Vəsilə xanıma bəzi yazıları səbəbiylə öz fikirlərimi yazıb onların internet ünvanlarına yollamışdım. Xüsusi ilə Vəsilə xanımın yazılarında qəribə bir nisgil vardı. Həyatın dəhşətli əzab-əziyyətlərini çəkmiş, necə deyərlər, fələyin hər cür imtahanı ilə üzləşsə də onların öhdəsindən gəlmiş, əsla əyilməmiş bir türk qadınının məğrurluğu vardı.

Ötən həftələrin birində dostum Əlman Qədirli bəyin qonağı idik. Salonda oturmuşduq, televizyon aparatının yanında gözümə bir kitab dəydi, o dəqiqə durub ona sarı getdim, çünki kitaba qarşı qarşısıalınmaz bir aludəliyim var. Kitabı əlimə aldıqda Vəsilə Usubovanın əsəri olduğunu anladım. Əlman bəyin həyat yoldaşı Nailə xanım, "Vəsilə mənim tələbə yoldaşımdı, eyni qrupda oxuyurduq, Allah rəhmət eləsin, onu itirdik!" deyincə həddən artıq pis oldum. Deməli, çoxdandır yazılarını oxuya bilməməyimin səbəbi onun bu dünya ilə əbədilik vidalaşması imiş. Tanrı yaxınlarına səbir ehsan etsin.

O gözəllikdə qələmə, vətəninə, millətinə bağlı, özü boyda bir ürəyə malik olan insanın əlimizdən uçub getdiyini anlayınca ürəyim əzildi, yumruq boyda bir düyün gəlib sinəmin başında əyləşdi. Sanki əziz bir qohumumu itirmişdim. Kitabdakı bəzi məqalələri vərəqləyib oxudum. Bu yazının titrindəki ifadəni də onun əsərindən götürdüm. Üzünü görmədiyi, səsini eşitmədiyi bir qardaşı olaraq ona elə o anda ürəyimdə fatihə oxudum, Tanrıdan ona kömək olması haqda öz arzularımı, diləyimi, dualarımı çatdırdım. İnşallah arzularım çin olar.

Məkanın cənnət olsun, Tanrı rəhmətini səndən əsirgəməsin, qəbrin nurla dolsun, Vəsilə bacım.

Seyfəddin Altaylı,
Ankara

TƏQVİM / ARXİV