adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 May 2017 17:31
54734
MƏMLƏKƏT
A- A+

İSTEHSALAT QƏZALARI

Ölkəmizin əksər şəhərlərində uzun illərdir ki, yaşayış binaları və digər sosial obyektlər inşa edilir. Onu da qeyd edək ki, bu binaların tikilməsi zamanı ilk növbədə bütün təhlükəsizlik texnikası və qaydalarına əməl edilməlidir. İndi gəlin görək doğurdanmı ayrı-ayrı tkinti şirkətləri bu «göydələnlər»i ucaldarkən mövcud qanunlara və qaydalara əməl edirlərmi?

Ümumiyyətlə, adiyyəti qurumların apardığı yoxlamalar zamanı bir daha aydınlaşıb ki, əksər tikinti şirkətləri mövcud qanunları tez-tez pozur, inşaat işləri görən fəlhələrin təhlükəsizliyini yüksək səviyyədə təmin edə bilmirlər. Ən qəribəsi də odur ki, bəzi tikinti şirkətləri elementar qaydalara əməl etməyi yaddan çıxarırlar. Məsələn, onlar on altı mərtəbəli mənzil tikərkən fəhləyə adi dəbilqəni belə vermirlər. Düşünürlər ki, bunsuz da keçinər. Düzdür, bir çox halda inşaat işləri dəbilqəsiz də ötüşür. Amma bir də görürsən ki, bir hadisə zamanı yuxarıdan düşən hər hansı inşaat materialı gəlib dəydi dəbilqəsiz fəhlənin başına. Təbii ki, belə anda da dəbilqə yoxdursa, həmin inşaat materialının zərbəsi nəticəsində fəhlə ya öləcək, ya da ağır xəsarət alacaq. Deməli, hər şey Allahın ümidinə qalır.

Bu gün Bakı şəhərində də çoxlu sayda yaşayış binaları və sosial obyektlər tikilir. Son vaxtlar doğurdan da şəhərimizdə görülmüş möhtəşəm abadlıq işləri onu bir qədər də gözəlləşdirib. Ancaq bu gözəlliyin içində bəzən ayrı-ayrı tikinti şirkətlərinin səhlankarlığı üzündən neçə-neçə fəhlənin həyatı puç olur. Yəni yüksək mərtəbəli binaları tikərkən təhlükəsizlik qaydalarına tam əməl edilmir; ya onların belində təhlükəsizlik kəməri olmur, ya da başlarına dəbilqə qoymurlar.

Heç uzağa getməyək. Bakının özündə son vaxtlar tikinti şirkətlərinin təhlükəsizlik qaydalarına əməl etməməsi nəticəsində neçə-neçə fəhlə yüksəlikdən yıxılaraq həlak olublar. Ona görə həlak olublar deyirik ki, əgər tikinti şirkətləri bu işə məsuliyyətlə yanaşsaydı, təhlükəsizlik qaydalarına əməl etsəydi, həmin fəhlələr də yüksəklikdən yıxılaraq ölməzdilər.

Özü də küləkli, çovğunlu havalarda bir çox halda yenə təhlükəsizlik qaydaları pozulur. Bu yaxınlarda Bakıda küləkli havada tikinti işləri görərkən bir fəhlə binadan yıxılaraq dünyasını dəyişib. Yaxud da Şıx çimərliyinin yaxınlığındakı binalardan birində inşaat işləri aparan fəhlələr yuxarı tavanın uçması nəticəsində onun altında qalaraq vəfat ediblər. Adi təhlükəsizlik qaydasına əməl edilsəydi, təbii ki, bu cür faciəli hadisə də baş verməzdi.

Çox təəssüflə qeyd eləməliyik ki, bu cür ölümlə nəticələnən istehsalat qəzaları zamanı tikinti şirkətləri həmişə «sudan quru» çıxırlar. Ən yaxşı halda həmin tikintinin aşağı vəzifəli şəxslərindən biri cinayət məsuliyyətinə cəlb edilər və o da bir müddətdən sonra «rahat nəfəs alar». Yenə evi yıxılan və qanı batan həmin o kimsəsiz fəhlədir.

Əksər halda tikinti şirkətləri işə götürdükləri fəhlələrlə əmək müqaviləsi bağlamırlar. Bunu dəfələrlə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları da aşkarlayıblar. Bu da onunla bağlıdır ki, həmin müqavilələr bağlanmayanda sosial müdafiə fondlarına fəhlələrdən pul tutulmur və istehsalat qəzaları zamanı onlara kompensasiya ödənilmir. Ən yaxşı halda qəza zamanı dünyasını dəyişmiş fəhlənin ailəsinə «kiritmək» üçün 5-10 manat pul verirlər. Bu 5-10 manatla da həmin adam bilmir ki, rəhmətə gedənin yas məclisini yola versin, yoxsa qəbirüstü abidəsini götürsün. Hansı ki, hər hansı şirkət istehsalat qəzası zamanı dünyasını dəyişmiş, ya da əlil olmuş insana külli miqdarda kompensasiya ödəməlidir ki, həmin ailə bu pulla yaşaya bilsin.

Ürək ağrısı ilə deməliyik ki, əksər şirkətlər bu vəzfədən boyun qaçırırlar. Çətin vəziyyətlə işi-gücü olmayan və rayondan gəlib bir tikə çörəkpulu qazanmaq istəyən fəhlələr o şirkətlərin bütün tələbləriylə razılaşır və əmək müqaviləsi bağlamadan işə başlayırlar. Bunun da mənfi fəsadları olanda yenə çətin vəziyyətə düşən həmin o haqqı və hüququ tapdanan qara fəhlə olur, aradan çıxan isə tikinti şirkətləri. Bax, belə olduğu təqdirdə istər-istəməz onlarla, yüzlərlə fəhlənin konstitutsiya və əmək hüququ tapdalanır.

Bir faktı da qeyd edək ki, tikinti şirkətlərində baş verən özbaşınalıqlarla bağlı kifayət qədər cinayət işləri açılıb və ayrı-ayrı şəxslər haqqında da tədbirlər görülüb. Təəssüflə qeyd etməliyik ki, bu cür ciddi addımlara və görülən işlərə baxmayaraq, yenə bəzi tikinti şirkətləri işə götürdükləri fəhlələrlə əmək müqaviləsi bağlamırlar, təhlükəsizlik qaydasına əməl etmirlər.

Artıq yaz mövsümüdür. Və bir azdan isti iyun günləri başlayacaq. Mövcud qaydalara əsasən müsbət 42 dərəcə temperaturda tikintilərdə inşaat işləri dayandırmalıdır. Amma buna baxan kimdir? Dəfələrlə biz onun şahidi olmuşuq ki, müsbət 42 dərəcə isti olarkən hansısa fəhlə yüksək mərtəbəli binanın sonuncu mərtəbəsində tikinti işləri aparır. Üstəlik də heç o təhlükəsizlik qaydasına da əməl eləmir.

Şəxsən bu anları görəndə mən istər-istəməz həmin fəhlələrin taleyi üçün çox narahat olmuşam. Əfsuslar olsun ki, o cür isti havalarda min bir əziyyətə qatlaşan və bir tikə çörək üçün həyatını ölümün təhlükəsinə atan fəhlələr barəsində tikinti şirkətlərinin rəhbərləri bir o qədər də narahat olmurlar. Çünki onlar fəhləyə insan kimi yox, qul kimi baxırlar. Düşünürlər ki, burda çalışanların bəzisi bir tikə çörəyə möhtacdır, yetim-yesirdir, heç kimi yoxdur. Sabah da lap yıxılıb ölsə heç kəs onun dalınca gələrək tikinti şirkətini cinayət məsuliyyətinə cəlb etdirə bilməyəcək.

Bir sözlə, istehsalat qəzalarının qarşısını almaq üçün ilk növbədə bu işləri görən şirkətlər və təşkilatlar məsuliyyətlərini tamamilə dərk etməlidilər. Onlar bilməlidir ki, tikintidə işləyən hər bir fəhlənin hüquqları qanunla qorunur və buna görə də o şirkətlər qanunlara əməl etməyə borcludular. Və bir də qanunlardan qorxmayan bəzi tikinti şirkətlərinin rəhbərləri ən azından Allahdan qorxmalıdılar. Çünki o yüksək mərtəbəli binadan yıxılıb ölən fəhlənin də elə bir arxası olmasa da, başının üstündə Allahı var. Allahın qəzəbi isə gec olsa da, çox güclü olur. Bax, bu qəzəbdən qorxub çəkinmək lazımdır.


Faiq QİSMƏTOĞLU