ANA SƏHİFƏ / YAZARLAR

Qarabağı qaytaran türk futbolçusu

176568    |   2017-05-25 21:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hasan Şaş "Futbol professional kimi görünən həvəskar bir oyundur. Həvəskar ruhla hər zaman mübarizə etməniz gərəklidir” sözlərini söyləməsəydi belə biz onun bu cür düşündüyünü bilirdik. Onun bu həvəskar ruhla mübarizəsinin ən yaxın şahidi "Ali Sami Yen” stadionudur. 


O tarixi stadionda "Hamburq” oyununda yaşadığı qırğınlığı hələ unutmamış olsa da Uefa və Çempionlar Liqası zəfərlərindən, liqa çempionluqlarından bir çox uğurdan xatirəsi var. "Bolonya” və "Real Madrid” matçlarının oynandığı: 2001-02, 2005-06 və 2007-08 çempionluqlarına şahidlik edən stadion artıq olmayacaq, amma Hasan Şaşın o illərdə topladığı xatirələr bu səhifələrdə yaşayacaq: bəzən təbəssümlə, bəzən də qəhqəhələrlə xatırlanacaq!


Hasan Şaş... Gözümün qarşısına topla dəli kimi rəftar edən əfsanəvi türk futbolçu Hasan gəlir. "Qalatasaray”da, Türkiyə millisində tarix yazan, bizi sevinc göz yaşlarımıza qərq edən Hasan. Onu unutmaq mümkün deyil. Uşaq yaşlarından məktəbdən qaçan Hasan dostları ilə futbol oynamağa gedirdi. Evdə, dərslərdə danlanılırdı. Amma o futbola aşiq idi. Hasan Şaş futbola həvəskar liqadakı "Akdeniz Karataşspor”da başlayır.


Hasan elə ilk matçlardan xariqələr yaradır. Bir anda professional liqadakı klubların diqqətini çəkir. 1991-ci ildə ilk professional sözləşməsini "Adana Dəmirspor”la həyata keçirir. Hasan burda da özünü doğruldur. "Superliqa”dakı klublar ona elçi düşür. Ən sonunda "Ankaragücü”nə transfer olur. Burada oynayarkən hələ 17 yaşında idi. Bu yaşda möhtəşəm matçlar çıxardır. Qollar, asistlər, oyun quruculuq onda mükəmməl alınır. Bu da liqanın əjdahalarından yan keçmir. İlk elçisi "Fənərbağça”nın təklifini rədd edir. Deyir ki, "mən uşaqlığımdan bəri "Qalatasaray”ın formasını geyinmək üçün xəyallar qurmuşam.”


Hasan Şaş "Qalatasaray”da ilk matçını belə xatırlayır: "Ali Sami Yen stadionunda olub-olmadığımdan əmin olmaq üçün göy üzünə baxdım. Yaxşı oynamışdım. Mənim hərəkətlərim tribunadakıları lərzəyə gətirirdi. Uğultunu eşitdikcə tüklərim biz-biz olmuşdu.”


"Qalatasaray”dakı ilk mövsümündə Türkiyə kuboku matçında yoxlanılan sağlamlıq testində, qanında dopinq aşkarlanır. Hasan Şaş 6 ay futboldan uzaqlaşdırılır.


Aradan keçən zaman kəsimində Hasan futbola geri qayıdır. Özü də necə qayıdır. Fırtınlar qopardır, aləmə səs salır.

"Qalatasaray”la ard-arda Türkiyə çempionluqları yaşayır. 2000-ci ildə isə Hasan Uefa Kubokunu qaldırır. "Arsenal”la keçən oyun Tanrının oyunu kimi yaddaşlarda qalır. Necə ki, TRT-nin şərhçisi Ləvənt Özçəlikin dediyi kimi, "Tanrı bizim almağımızı istəyir.”

İki il sonra Hasan milli komanda ilə birlikdə Dünya Kuboku üçün samurayların vətəni Yaponiya, ordan isə Koreyaya yollanır. Brazilya ilə oynanılan ilk qrup matçı yəqin ki, heç kimin yadından çıxmaz.

Həmin gün Bakıda dəhşət isti vardı. Elə bil göydən od ələyirdilər. Ailəlikcə televizorun qarşısına keçib həyəcanlı şəkildə, donuq gözlərimizi ekrana tuşlamışdıq. Hakimin fiti eşidiləndə atam həyəcanından öskürdü. Hasan Şaş topa elə gözəl, elə estetik formada zərbə endirdi ki, hamı, hətta bütün Türk dünyası ayağa qalxdı. Top tora qovuşmuşdu. Həmin gün, həmin dəqiqə hamımız eyni saniyədə qol deyə hayqırmışdıq.


Hətta yazıçı Şərif Ağayar öz dostlarını daha da ruhlandırmışdı: "Mənə elə gəlir, Qarabağı alacağıq!”.Bütün Avropa türklərdən qorxmuşdu, sanki Osmanlı ordusu yenidən bərpa olunurdu. Bu oyun uşaqlığımın son məğlubiyyəti idi.


Bir dəfə soyuq günlərin birində yenə "Qalatasaray”ın oyununa ailəlikcə baxırdıq. Hesab hələ açılmamışdı, amma oyun olduqca həyəcanlı və maraqlı keçirdi. Sonra evimizdə işıqlar zəifləməyə, lampa əsməyə başladı. Atam "zəlzələdir, qaçın” deyə qışqırdı. Televizoru söndürmək o an heç birimizin ağlına gəlmədi. Ev paltarlarımızla özümüzü küçəyə atdıq. Hava olduqca soyuq və küləkli idi. Kişilər damaqlarında siqaret püfüldədərək "Qalatasaray”ın oyunundan danışırdı, insanların arasında panika sanki yoxa çıxmışdı. Bu oyuna baxmaq eşqi zəlzələ qorxusunu silib aparmışdı. Atamın əllərindən tutmuşdum, həm üşüyürdüm, həm də qorxurdum. Daha sonra gecə saatlarında evə gedə bildik. Oyundan isə xəbərimiz yox idi.


Anam qardaşım yay aylarında saçını keçəl edəndə ona Hasan Şaş deyərdi. Hasan Şaş elə bil evimizdə yaşayırdı. Onun vurduğu hər qol bizim üçün doğma adamın sevinci kimi gəlirdi.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK