adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 May 2017 00:30
3374
GÜNDƏM
A- A+

QƏLƏMİN VƏ SÖZÜN YÜKÜ

Dünyada sözdən və qələmdən güclü heç bir şey yoxdur. Dünya da nə vaxtsa sözə qalacaq. Bu günlərdə əməkdar jurnalist, tanınmış ictimai-siyasi xadim Vüqar Rəhimzadə ilə bağlı Modern.az saytında və "525-ci qəzet"də maraqlı yazı oxudum. Yazının birinin müəllifi BDU-nun jurnalistika fakültəsinin professoru, kafedra müdiri, tanınmış yazıçı-jurnalist Cahangir Məmmədli, digərinin müəllifi isə "İki sahil" qəzetinin əməkdaşı və bir vaxtlar bizim qəzetdə çalışmış dostumuz Elçin Zaman idi. Hər iki müəllif Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə gözəl yazı qələmə alaraq Vüqar müəllimin 50 illik ömrünü və keçdiyi şərəfli yolu bütün detalları ilə işıqlandırıb.

Hər iki yazıdan öyrəndim ki, dünən tanınmış jurnalistin 50 yaşı tamam olub. Bu 50 yaş çox müdrik və eyni zamanda yaddaqalan bir andı. Həmin yaşda insanlar heç vaxt səhv eləmirlər. Onsuz da müdrik insanlar yanlış addım atmırlar. Ən azından ona görə ki, onlar cəmiyyətdə sayılıb-seçilib və öz ziyalılığı ilə digərlərindən fərqləniblər.

Mənim tanıdığım Vüqar Rəhimzadə çox sadə, çox səmimi, çox da təvazökar ziyalıdır. Ürəyimdən keçdi ki, onun haqqında qəlbimdə olanları bir daha özünə çatdırım. Ən azından ona görə ki, biz ötən əsrin 80-ci illərində indiki Xətai rayonunda çıxan müxtəlif çoxtirajlı qəzetlərdə çalışmışıq. Hələ o vaxtlar Vüqar müəllim partiyanın kəsəkəs vaxtında nə partkomdan çəkinirdi, nə də raykomdan. Harda kiminsə haqqı pozulurdusa, Vüqar müəllim öz səsini qaldırırdı və etirazını bildirirdi. O olan yerdə kiminsə haqqı tapdana bilməzdi və kiminsə haqqı yeyilməzdi...…

O vaxtdan uzun illər keçib. İndi Vüqar Rəhimzadə ölkəmizin tanınmış, sayılıb-seçilən ziyalılarından biridir. Əvvəllər onu necə sadə və səmimi tanımışamsa, elə indi də həmin səmimiyyəti qoruyub saxlayıb. Təbrik etmək üçün mobil telefonunu axtardım və dostumuz Elçin Zamanlı Vüqar müəllimin nömrəsini dedi. Mən də həmin nömrəni yığdım və o mənim zəngimə cavab verdi. Əvvəl səsimdən tanımasa da, adımı və soyadımı deyən kimi o dəqiqə keçmiş günlərə qayıtdı. Və bir daha hiss etdim ki, Vüqar müəllim haqq-salamı, dostluğu heç vaxt yaddan çıxarmayıb. Yenə özünəməxsus bir səmimiyyətlə mənim təbriklərimi qəbul elədi və minnətdarlığını bildirdi. Sözarası dedim ki, sizə söylədiklərimi sabah qəzetdə yazsam inciməzsiniz ki? O razılığını bildirdi və mənimlə xudahafizləşdi. O qədər səmimi xudahafizləşdi ki, o anları, o dəqiqələri heç vaxt unutmaram.

Adətən tanınmış adamlar çoxlarının zənginə cavab vermirlər. Amma Vüqar müəllimin böyüklüyü odur ki, tanıdığı, tanımadığı bütün zənglərə cavab verir və insanlarla çox səmimi ünsiyyət qurur.

İnsanı da yaşadan səmimiyyətidir, sadəliyidir, böyüklüyüdür. Vüqar Rəhimzadə bu dövlətə, dövlətçiliyə çox sadiq ziyalılardandır. O, ölkənin ən ağır vəziyyətində həmişə cənab prezidentin ətrafında olub, öz əməli işiylə dövlətə və xalqa xidmət edib. Vüqar müəllim həm də böyük jurnalistika sahəsində nüfuz qazanmış, sayılıb-seçilən redaktorlardandır. Onun rəhbərlik etdiyi "İki sahil" qəzeti bütün dövrlərdə dövlətçiliyimizin təbliğini ön plana çəkib və prezidentə sadiqliyi ilə fərqlənib.

Vüqar müəllim hansı vəzifəni daşıyıbsa, həmişə onu yüksəkliyə qaldırıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü kimi bütün missiyaları şərəflə və məsuliyyətlə yerinə yetirib.

Axı həm də o Mətbuat Şurası İdarə Heytənini üzvüdür. "Reket" qəzetlərə qarşı mübarizədə kimlərinsə təzyiqindən, təqibindən heç vaxt çəkinməyib və onların hamısını öz yerində otuzdurub. Hansı ki, o "reket" qəzetlərini müxtəlif səviyyələrdə müdafiə edənlərin "dayıları" da vardı. Bax, oğul lazım idi ki, onlara öz yerini göstərə bilsin. Vüqar müəllim onların hamısına öz yerini göstərdi və onlar da gec-tez cəzalarına çatdılar.

Vüqar Rəhimzadə ictimai-siyasi fəaliyyətinə görə, 2012-ci ildə ölkə başçısının sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif edilib. Təbii ki, Vüqar müəllim yaşadığı bu 50 ili bayaq dediyim kimi, çox qürurla, şərəflə və namusla addımlayıb. Geriyə baxanda nə onun özü, nə də balaları heç vaxt sıxılmayacaq. Əksinə, onun keçmişiylə övladları qürur duyacaqlar.

Vüqar müəllim həm gözəl jurnalist, həm də istedadlı publisistdi. O hansı mövzuda yazı qələmə alıbsa hamısı səmimi və yaddaqalan yazılardı. Heç vaxt sözə, qələmə və vicdanına xəyanət etməyib. Həmişə haqqa, ədalətə və bir də qanunlarımıza sığınıb. O insan ki, haqqı, ədaləti zamanından asılı olmayaraq üstün tutub, qoruyub. Onu Allah da çox istəyir. Biz də Allahın çox istədiyi Vüqar Rəhimzadəyə can sağlığı arzulayır, bundan sonrakı ömrünü də ağrısız-acısız yaşamağı diləyirik!..